backend

Nazir oğlunun villası "plana düşdü"

Nazir oğlunun villası "plana düşdü"





















Nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” prosesi özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır.

Qeyd edək ki, nəqliyyat nazirinin və yaxın ətrafının zəiflədilməsi prosesi uzun müddətdir ki, davam edir. Elə təkcə son bir neçə ay ərzində baş verənlərə nəzər salmaq kifayətdir ki, nazirin və oğlunun səlahiyyət və “rıçaq”larının bir-birinin ardınca əllərindən çıxdığına şahidlik edəsən. Nəqliyyat naziri Ziya Məmmədovun və oğlu başda olmaqla ona yaxın şəxslərin səlahiyyətlərinin məhdudlaşdırılması və ailə biznes-imperiyasının aktivlərini əldən verməsi prosesi sona yaxınlaşmaqdadır. Gəlin faktlara nəzər salaq, son aylar ərzində Məmmədovlar ailəsi hansı itkilərlə üzləşib? İlk olaraq qeyd etməliyik ki, nazirin oğlu Anar Məmmədovun şirkəti olan və bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqeyə sahib “Transgate” MMC-yə məxsus bütün avtobus marşrutları şirkətdən alınıb. Bunu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) də rəsmən təsdiqləyiblər. Mərkəzdən bildirildiyinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və elə bu səbəbdən də xətdən uzaqlaşdırılıb. Bunun ardınca isə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobusları xətlərə buraxıldı və bununla da Ziya Məmmədovun və oğlu Anar Məmmədovun şəhər sərnişindaşımasında inhisarçı mövqeyinə nöqtə qoyuldu. Xatırladaq ki, Prezident İlham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib. Prezident iqtisadi məsələlərə və büdcə layihəsinə həsr olunmuş məlum müşavirədə də nəqliyyat sahəsində ciddi problemlərin olduğunu qeyd edib. Bu sahədə bəzi səlahiyyətlərin artıq ASAN xidmətə verildiyini xatırladıb. Prezidentin digər bir fərmanı ilə isə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı. Bu fərman eyni zamanda Ziya Məmmədovun səlahiyyətlərinin getdikcə məhdudlaşdırılması istiqamətində davamlı addımların atıldığını bir daha ortaya qoydu. Çünki bundan əvvəl də, Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri əlindən alınıb, bəzilərinə isə başqa qurumlar da ortaq edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi sahə avtomobil yollarının adlandırılması və indeksasiyası ilə bağlı səlahiyyətini itirdi. Bundan əlavə son aylar Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri başqa qurumlar arasında bölüşdürülüb. Qeyd edək ki, bu qərarlara qədər Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilib. Bundan əlavə bir neçə ay əvvəl Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin bir səlahiyyəti Daxili İşlər Nazirliyinə verilib. Belə ki, baş nazir Artur Rəsizadənin qərarı ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Hansı ki, bu funkusiya indiyə qədər Nəqliyyat Nazirliyində idi və bu işlə nazirliyin Nəqliyyat Müfəttişliyi məşğul olurdu. Ziya Məmmədovun zəiflədilməsinin sübutu kimi digər faktlar da göstərmək olar. Bütün bunlar isə göstərir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alınır. Hər halda son aylar verilən fərman, sərəncam və qərarlardan sonra Ziya Məmmədov demək olar ki, əksər səlahiyyətlərini itirib. Faktiki olaraq “portfel nazir”ə çevrilib. “Unikal” qəzetinin əldə etdiyi son məlumatda isə daha maraqlı mətləblərdən bəhs olunur. Qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, proses təkcə nazir Ziya Məmmədovun və oğlunun səlahiyyət dairəsinin daraldılması ilə məhdudlaşmayacaq. Belə ki, artıq Məmmədovların qanunsuz yollarla əldə etdiyi mal-mülkün də hesabı sorulmağa başlayıb. Bunun təsdiqi kimi isə nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus villanın yerlə yeksan edilməsini göstərmək olar. Söhbət Anar Məmmədovun Qubanın Qəçreş kəndində özü üçün inşa etdirdiyi dəbdəbəli villadan gedir. Mənbəmiz bildirir ki, bir müddət öncə həmin villa texnikanın köməkliyi ilə uçurulub. Bu isə artıq Ziya Məmmədov və oğlu üçün olduqca təhlükəli siqnal sayıla bilər.