backend

42 yaşında ali məktəb məzunu olan məmur rayonu istənilən səviyyədə idarə edə bilmir

42 yaşında ali məktəb məzunu olan məmur rayonu istənilən səviyyədə idarə edə bilmir

















İcra başçısı Mahir Quliyevin fəaliyyətsizliyi ciddi etirazların yaranmasına səbəb olub

Bir neçə gün əvvəl intihar edən qovşaq rəisi İlkin Ağayev intihar məktubunda kimlərin adını yazıb?

Ölkəmizin zəngin tarixi keçmişi olan ərazilərdən sayılan Biləsuvar rayonunda çox ciddi problemlər hökm sürməkdədir. Qeyd edək ki, rayonda cərəyan edən neqativ hadisələr, icra hakimiyyətinin başçısı Mahir Quliyevin və digər yerli məmurların törətdikləri özbaşınalıqlar haqqında məsələlər tez-tez mətbuatın gündəminə gəlir. Amma bütün tənqidlərə rəğmən, nə rayon rəhbəri, nə də digər yerli idarələrin rəsmi şəxsləri işlərindəki nöqsanlara son qoyurlar.

Məlumatınız olsun ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. O 2000-ci ildə Bakı şəhərində "Naxçıvan" universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. Başqa sözlə desək, Mahir müəllim 42 yaşında universitet məzunu olub. Onun bu ali təhsil ocağına hansı yolla qəbul edilməsi və universiteti necə bitirməsi tamamilə başqa yazının mövzusudur. Ki, bu barədə gələn saylarımızda sensasion faktları diqqətinizə çatdıracağıq. Adıçəkilən məmur 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik" qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 26.04.2011-ci il tarixdən isə Biləsuvar Rayon İcra Hakimiyyətinə rəhbərlik edir. Rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, İranla sərhəddə yerləşən Biləsuvarda icra başçısının fəaliyyətsizliyi yerli camaatı cana doydurub: "Son 4 il ərzində yaxşı güzəranın nə olduğunu bilmirik. İcra başçısı müxtəlif bəhanələrlə sakinləri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanları incidir. Bu gün Biləsuvar Azərbaycanın ən geridə qalmış rayonlarından biri hesab edilə bilər. Bunun səbəbkarı Mahir Quliyev və onun ətrafında cəmləşən bəzi yerli məmurlardır. İcra başçısı vaxtının çox hissəsini paytaxtda keçirir. Bunun səbəbini ondan soruşmaq lazımdır. Onu rayonda tapmaq, qəbuluna düşmək çox müşkül məsələdir. Əhali sosial problemlərin içində itib-batır, amma başçı öz hayındadır. Ötən 4 il ərzində cənab prezident Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bir neçə sərəncam imzalayıb və dövlət büdcəsindən milyonlar ayrılıb. Təəssüf ki, həmin vəsaitlərin istifadə olunması zamanı şəffaflığa riayət olunmayıb. Bu səbəbdən də rayonun mərkəzindən keçən və Bakı-Astara şosesinin əsas qollarından biri sayılan Heydər Əliyev küçəsi bərbad haldadır. Bazarın qarşısından uzanan yoldan maşınla keçmək mümkün deyil. Sürücülərin şikayətini isə dinləyən tapılmır. Biləsuvar-Bəhramtəpə yolu da istifadəyə yararsız vəziyyətdədir. Buna səbəb kanalizasiya çəkilişi üçün bir müddət əvvəl başlanan, amma tamamlanmayan işlərdir. Kanalizasiya üçün qazılan quyular elə o vəziyyətdə də qalıb. Kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də saxlanılıb. Ayrılan vəsaiti göyə sovurublar, indi də belə durum meydana çıxıb. Əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını demişdilər. Lakin buna məhəl qoyulmadı. İşlərə eyni metodlarla davam etdilər. Yayda toz-torpaq, qışda da palçıq əlindən bezmişik. Yolların dağınıq vəziyyətdə olması avtomobilləri də sıradan çıxarır". Narazı sakinlər bildirir ki, icra başçısının qanunsuz əməlləri torpaqla bağlı da bir sıra problemlərin əmələ gəlməsinə zəmin yaradıb: "Belə ki, əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkir. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə yaxına belə buraxmırlar. Bu adam başçı təyin olunandan sonra rayonda özü üçün hektarla torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı, müavinləri və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. Əhali dolanışıq üçün ticarətə baş vurub. Elə bu səbəbdən rayondakı mədəniyyət obyektlərinin yerində ticarət mərkəzləri tikilib. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər. Bundan böyük qanunsuzluq ola bilər?". Mahir Quliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri incitdiyini deyən mənbə vurğuladı ki, rayon rəhbəri həmin insanları başqa-başqa işlərə cəlb edir: "Rayonun bəzi hissələrinin abadlaşması işində yerli iş adamlarının köməyindən istifadə olunur. Sahibkarlar bu işi könüllü şəkildə yox, məcburiyyət qarşısında həyata keçirirlər. Rayon rəhbərliyi hər bir sahibkara müəyyyən işlər tapşırır. Kim bu tapşırıqları yerinə yetirməkdən imtina edirsə, ona qarşı təzyiq üsullarından istifadə olunur. İcra hakiminin özbaşına əməllərinə etiraz edən bəzi şəxslər obyektlərini bağlayıb rayonu tərk ediblər. Başçı rayonda sahibkarlığın inkişafına ciddi əngəl yaradır. Cənab prezident dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə sahibkarların fəaliyyətinə kənar müdaxilə etməmələrini tapşırsa da, Biləsuvarın icra başçısına sanki aidiyyəti yoxdur. O öz bildiyini edir. Hazırda rayonun təhsili və səhiyyəsi də məhv olmuş vəziyyətdədir. Təhsil sahəsi başçı üçün ən gəlirli sahə hesab olunur. Belə ki, rayon rəhbəri təhsil şöbəsinin müdiri ilə birlikdə dövlət vəsaitlərini küləyə sovurmaqla məşğuldur. Məktəblərdə şagirdlərə əlavə məşğələlər keçirilməsi adı altında büdcədən vəsait ayrılır. Halbuki nə belə bir məşğələ var, nə də ki, o məşğələyə gələn. Mahir Quliyevin fəaliyyəti nəticəsində biləsuvarlılar elə günə düşüblər ki, heç övladlarını məktəbə göndərmək üçün dəftər-qələm almağa da pulları çatmır. Rayonun səhiyyə sistemi də acınacaqlı haldadır. Mərkəzi Xəstəxanada elə qaydalar tətbiq olunur ki, insanlar başlarına çarə qıla bilmirlər. Mərkəzi Xəstəxanaya Səhiyyə Nazirliyi tərəfindən ayrılan ərzaq və dərman preparatlarının yetərli hissəsi ünvanına çatmır. Xəstəxanada qeydiyyatda olan vərəm və şəkərli diabet xəstələri də lazımi səviyyədə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir". Məlumatlı mənbənin sözlərinə görə, icra başçısının fəaliyyəti bəzi yerli idarə və müəssisələrin də rəhbərlərinin ürəyincə deyil. Xatırladaq ki, bir neçə gün öncə rayonda dəhşətli intihar hadisəsi baş verdi. Belə ki, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu özünü asaraq canına qəsd edib. Yayılan məlumatlara görə, İlkin Ağayev qeyri-iş günündə işlədiyi idarəyə gələrək qarovulçudan açarları alıb. Vacib bir işinin olduğunu bildirən rəis içəri daxil olub və bir müddət sonra intihar edib. Gecəyə qədər gözləyən qarovulçu rəisdən xəbər çıxmayınca işçilərə xəbər verib. Bundan sonra qapını sındıraraq içəri daxil olan işçilər rəislərinin içəridə asılmış vəziyyətdə olan meyitini aşkarlayıblar. Ailəyə yaxın şəxslər mətbuata bildiriblər ki, rəis intihardan əvvəl 3 məktub yazıb. Onlardan birini qardaşına ünvanlayıb və 3 övladını qardaşına əmanət edərək onların qayğısına qalmağı xahiş edib. İkinci məktub isə Rayon Prokurorluğuna yazılıb. Belə ki, rəis ölümündə heç kəsin günahkar olmadığını qeyd edib. Məlumatlara görə, bu məktublardan daha əvvəl yazdığı məktubunu isə rəis parçalayaraq zibil qabına atıb. İlkin Ağayevin ölümünün əsl səbəbinin də məhz o cırılmış məktubda əks olunduğu deyilir.

Başqa məlumatlarda 2 ay əvvəl bu vəzifəyə təyin olunan İlkin Ağayevin 10 min manata qədər borcunun olduğu da deyilir. Özəl mənbələrin iddiasına əsasən isə intihar edən məmurun yazıb sonradan cırdığı məktubda onu incidən şəxslərin adı qeyd olunubmuş. Həmin məktubda icra başçısı Mahir Quliyevin adının olması da istisna edilmir. Deyilənə görə, İlkin Ağayevin intiharından sonra başçı möhkəm narahat olmağa başlayıb. Bunun səbəbləri haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq. Yuxarıda qeyd olunan məqamları ümumiləşdirib deyə bilərik ki, Biləsuvarda vəziyyət ağır olaraq qalır. Rayonun inkişafına ayrılan milyonların təyinatı üzrə xərclənməməsi vəziyyəti daha da ağırlaşdırıb. Odur ki, yuxarı instansiyalar tezliklə icra başçısının barəsində ölçü götürməlidir. Əks halda, Biləsuvarda durum kritik həddə çata bilər.

Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.


P.S. Adam hörmətli adamlarla qohum olanda belə etməz.