backend

Təhsil şöbəsinin müdiri təmirə ayrılan vəsaitləri düzgün istifadə etməməkdə ittiham olunur

Təhsil şöbəsinin müdiri təmirə ayrılan vəsaitləri düzgün istifadə etməməkdə ittiham olunur
















Mikayıl Cabbarov Sabirabad təhsilini bərbad günə salan şəxsi niyə hələ də vəzifədə saxlayır?

Azərbaycanda cari ilin 9 ayında 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilmiş, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilmişdir. Bunu təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edərkən deyib. Nazir bildirib ki, təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. Bu iş iki istiqamətdə - birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır: "Lakin korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında daha səmərəli və effektiv üsul sistemli yanaşmanın tətbiqidir. Məsələn, Təhsil Nazirliyi tərəfindən müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdikləri diplomların elektron bazasının yaradılması və bu qəbildən olan digər tədbirlər həyata keçirilir". Nazir həmçinin bəzi rayonlarda islahatlara ehtiyac duyulduğunu vurğulayıb. İnsaf naminə demək istəyirik ki, Mikayıl Cabbarov nazir keçəndən sonra bu sahədə bəzi müsbət işlər görüb. Keçmiş nazir Misir Mərdanovun əksər kadrlarını təhsil sahəsindən uzaqlaşdırmağı bacarıb. Amma köhnə nazirin vaxtında vəzifəyə qoyulan bəzi kadrlar hələ də işlərinin başındadır. Həmin şəxslərdən biri də Sabirabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Elman Bünyadovdur. Bilənlər bilir, bilməyənlər üçün deyək ki, şöbə müdirinin adı indiyə kimi müxtəlif xoşagəlməz hadisələrdə çəkilib. Məsələn, bir neçə il əvvəl şöbə müdirinin oğlu Amil Bünyadov idarə etdiyi "Jiquli" markalı avtomobillə qəza törədib. Belə ki, o yüksək sürətlə hərəkət edərək yol kənarında dayanan 55 yaşlı bir kişini vuraraq ona ciddi xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya aparılıb. Deyilənlərə görə "Avtoş" kimi tanınan Amil Bünyadovun səbəb olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polisi istintaqa başlayıb. RTŞ müdiri isə dərhal məsələyə müdaxilə edib və polis rəisi ilə "razılaşaraq" oğlunun həbsinə imkan verməyib. Bundan başqa, təhsil şöbəsinin müdirinin adı bir müddət öncə silahlı insidentdə də hallandırılmışdı. Bildirilirdi ki, şöbə rəhbəri Şirvan şəhərində yaşadığı mənzildə ailə üzvlərindən biri ilə mübahisə etdiyi vaxt şəxsi silahından bir neçə dəfə atəş açıb. O bu dəfə də məsələni Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyi ilə yoluna qoymağı bacarıb. Sabirabaddakı mənbələrimizdən aldığımız son məlumatlara görə, rayonun təhsilində dəyişən heç nə yoxdur: "Dövlət səviyyəsində təhsil sistemində rüşvət və korrupsiyanın yığışdırılması üçün bir sıra tədbirlər həyata keçirilsə də, Elman Bünyadov bir yolunu tapıb öz istəklərini həyata keçirir. Məlum olduğu kimi, müəllimlərin işə qəbulu, 1-ci sinfə qəbul və digər məsələlər mərkəzləşdirilmiş qaydada aparılır. Rayon təhsil şöbəsinin müdiri dövlətin qanunlarını bir kənara qoyub öz "qaydaları" əsasında iş görür. Mikayıl Cabbarovun son bir ildə 100-dən çox məktəbin direktorunu dəyişməsi şöbə müdirinə bəzi maraqlarını təmin etməyə münbit zəmin yaradıb. O bir neçə gün əvvəl məktəb direktorları ilə iclas keçirib. İclas zamanı bəzi direktorların fəaliyyəti sərt şəkildə tənqid olunub. İclasdan sonra həmin direktorları yanına çağıran Elman müəllim onlara deyib ki, ya məni razı salın, ya da təqdimatınızı nazirliyə göndərəcəm. Direktorların bir neçəsi işini itirməməkdən ötrü şöbə rəhbərinin dediyi kimi ediblər. Bəzi məktəb rəhbərləri isə gözləmə mövqeyindədir. Əgər vəziyyət ciddiləşsə, onlar da Elman Bünyadovun qəbuluna düşüb problemlərini həll edəcəklər. Rayonda təhsilin səviyyəsi gündən-günə daha da aşağı düşür. Ötən qəbul ilində sabirabadlı abituriyentlər ali məktəblərə qəbul imtahanlarında zəif nəticə göstərdilər. Bu, rayonda təhsilin bərbad halda olmasından xəbər verir. Şöbə müdiri isə bəzi saytlara açıqlama verərək rayonun təhsilinin inkişaf etdiyini deyir. Bunların heç biri doğru deyil. Sabirabad təhsili bu şəxsin rəhbərliyi altında özünün ən pis günlərini yaşayır". Apardığımız araşdırmaldar göstərir ki, hər il Sabirabad Rayon Təhsil Şöbəsi ilə bağlı müxtəlif problemlər ortaya çıxır. Belə ki, bir müddət əvvəl rayonun təhsil işçiləri mediaya müraciət edərək böyük yeyinti faktı barədə danışıblar: "Çöl Beşdəli kənd orta məktəbinin əsaslı təmirinə 2.156.000 manat vəsaitin xərcləndiyi ortaya çıxdı. Məktəbin təmirinə ayrılan vəsait müxtəlif şəxslər tərəfindən yox edilib. Rayon maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla, təhsil şöbəsinin rəhbəri Elman Bünyadovun öncədən əldə etdikləri razılığa əsasən bu vəsait "Təşəbbüs" MMC-nin hesabına köçürülüb. Həmin MMC adıçəkilən məktəbin əsaslı təmir işlərinə görə məsul şəxs olub. Amma məktəbdə təmir işlərini MMC-nin işçilərinin əvəzinə kənddəki usta, fəhlə, yəni müxtəlif şəxslər icra ediblər. Təmir keyfiyyətsiz aparılıb. Buna görə üstündən az müddət keçməmiş məktəbdə fəsadlar üzə çıxmağa başladı. Ümumiyyətlə rayonun təhsilinə ayrılan büdcə vəsaitləri düzgün xərclənmir. Buna baxmayaraq, aidiyyəti dövlət qurumları yoxlama aparıb şöbə müdirinin fəaliyyətini araşdırmırlar". Növbəti saylarımızda RTŞ müdirinin yaxın vaxtlara planlaşdırdığı "islahatlar" haqda maraqlı məlumatları dərc edəcəyik. Sonda hörmətli Mikayıl müəllimə demək istəyirik ki, Sabirabad təhsilində də ciddi islahatlara ehtiyac var, amma islahat aparan yoxdur. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.