backend

Bakı şəhərinin yeni icra başçısı kim olacaq?

Bakı şəhərinin yeni icra başçısı kim olacaq?
















Uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun istefaya göndəriləcəyi ilə bağlı ayrı-ayrı kütləvi informasiya vasitələrində müxtəlif məzmunlu məlumatlar yayılır.

Lakin hər dəfə bir səbəb üzündən Bakı meri postuna yeni təyinatın həyata keçirilməsi gecikdirilir. Qeyd edək ki, bununla bağlı əldə etdiyimiz ən son bilgilərdə artıq "yuxarı"ların Hacıbala Abutalıbovun məsələsi ilə əlaqədar yekdil qərara gəldiyi deyilir. Belə ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə iddialı olan şəxslərin kimliyinin məlum olduğunu vurğulayan mənbənin sözlərinə görə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nəsimi rayon icra başçısı Asif Əsgərov, Xətai rayonunun icra başçısı Razim Məmmədov və Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov paytaxtın meri olmaq uğrunda gərgin mübarizəyə qoşulub: "Deyilənlərə görə, artıq Eldar Əzizov, Asif Əsgərov, Razim Məmmədov və Süleyman Mikayılov Bakının icra başçısı vəzifəsinə gətirilməkdən ötrü əlaqələrini işə salıb və artıq bu, öz nəticəsini vermək üzrədir.

Belə ki, onların hər biri himayəsində olduğu şəxslərin yardımlarına baş vurmaqla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almaqda iddialıdır. Hacıbala Abutalıbov tezliklə bu vəzifədən gedəcək. Onun qarşıdan gələn parlament seçkilərindən sonra öz postu ilə vidalaşacağı deyilir. Onun yerinə kimin təyin olunacağına gəlincə, böyük ehtimalla "yuxarı"lar məhz Eldar Əzizov, Asif Əsgərov, Razim Məmmədov və Süleyman Mikayılov arasından seçim edəcək. Qeyd edək ki, hazırda bu posta ən real namizəd Eldar Əzizov və Süleyman Mikayılovdur". Bakı meri postuna iddialı olan şəxslərin hər biri haqda kifayət qədər bilgiyə sahib olduğunu diqqətə çatdıran mənbə bildirir ki, Eldar Əzizov 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və elə həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb: "O, 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində işləyib. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1998-ci ildən Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayında Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub. Bu ilin sentyabr aynın 2-də isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Asif Əsgərova gəlincə, o, 1989-cu ildə Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1989-cu ildən əmək fəaliyyətinə başlayan Asif Əsgərov Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləyib. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub. 1996-cı ildən Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, baş idarə rəisi, 2000-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini, 2006-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Bu ilin sentyabr ayının 2-də isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub". Qərbi Azərbaycanın Sisiyan rayonunun Ağudi kəndində anadan olan Razim Məmmədovun əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti İdarəsində fəhlə və komplektləşdirici kimi başladığını deyən məlumatlı şəxsin sözlərinə görə, Xətai rayon icra başçısı 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. 2006-cı ildə isə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Qaradağ rayon icra başçısı Süleyman Mikayılova gəlincə, mənbə bildirir ki, o, 1984-cü ildə Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib: "Süleyman Mikayılov 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idarənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2010-cu ildən etibarən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunur. Beləliklə, bir qədər öncə də qeyd etdiyimiz kimi, hazırda Bakı meri postu uğrunda Eldar Əzizov, Asif Əsgərov, Razim Məmmədov və Süleyman Mikayılovun mübarizə apardığı deyilsədə, bu posta ən real namizədlər məhz Eldar Əzizov və Süleyman Mikayılovdur. Deyilənlərə görə, artıq onların hər ikisinə bununla bağlı müvafiq razılıq verilib. Odur ki, tezliklə iki şəxsdən biri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin oluna bilər. Çünki onların digərlərinə nisbətən kifayət qədər geniş əlaqələri var. Ümumiyyətlə, Eldar Əzizov və Süleyman Mikayılov nüfuzlu şəxslərin himayəsində olduqları üçün özlərini tam arxayın hiss edirlər. Yəni hər ikisi tezliklə Bakı meri olacağına əmindir. Ona görə ki, bununla bağlı onlara himayədarları qəti əminliklə söz veriblər. Lakin istənilən halda bu mübarizədən sonda bir nəfər qalib ayrılmalıdır. Maraqlıdır, görəsən həmin şəxs kim olacaq? Kimin himayədarı verdiyi vədə sonadək əməl edə biləcək?.. Görünən odur ki, bu mübarizə olduqca gərgin keçəcək". Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Amma yazı çapa hazırlanarkən bir telefon zəngi mənim fikrlərimi tamam alt-üst etdi. Mənbə bildirdi ki, adları çəkilən 4 şəxsin hər biri seçkidən sonra yaratdığı problemlərə görə cavab verməli olacaq.