backend

Prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb

Prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb























Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur.

Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. Bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.

Dövlət başçısı sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.

Cəmiyyət Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Fərmanla müəyyən edilir ki, Cəmiyyət Azərbaycanda əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir; Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır; Cəmiyyətin idarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir; Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir; Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir; 2005-2015-ci illər ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər Cəmiyyətin nizamnamə kapitalına aid edilir.

Nazirlər Kabinetinə Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Cəmiyyətin Nizamnaməsini və müşahidə şurasının tərkibini bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etmək; Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etmək; bu fərmanda nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi qaydasını bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etmək; Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Mərkəzi Bankı Cəmiyyətin yaradılması ilə əlaqədar müvafiq təhvil-təslim işlərini bir ay müddətində həyata keçirməli; Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə uzunmüddətli ipoteka istiqrazları bazarının inkişafı və likvidliyinin təmin olunması üçün müvafiq tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi dövlət zəmanətli ipoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınmasını, növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq vəsaitin proqnozlaşdırılmasını təmin edəcək.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görmək, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.