backend

Ali məktəblərin tələbələrlə bağladığı müqavilələrə nəzər salanda qəribə nüanslar ortaya çıxır

Ali məktəblərin tələbələrlə bağladığı müqavilələrə nəzər salanda qəribə nüanslar ortaya çıxır


















Ölkənin ali məktəblərində ödənişli əsaslarla təhsil alan gənclər artıq gələn ildən Təhsil Nazirliyinin təqdim etdiyi "Maarifçi" tələbə kreditləri və qrantları Fondunun dəstəyindən yararlana biləcəklər.

Etiraf edək ki, müstəqil həyata təzəcə qədəm qoymağa hazırlaşan tələbə gənclər təhsil haqqı qarşısında naəlac qalıb. Xeyr, gəncliyin öz haqqına sahib çıxmaq iddiası yoxdu burda. Bizim gənclik öz müstəqil dövlətini, onun iqtidarını sevən sədaqətli və bu sevgidən, sədaqətdən əvəz gözləməyi belə ağlına gətirməyən gənclikdir. Elə isə bəs rəvadırmı ki, belə bir gənclik öz maddi problemləri ilə baş-başa buraxılsın, onun qeydinə qalınmasın? Ali məktəblərin ödənişli sektorda təhsil alan tələbələri ilə bağladığı müqavilələrə nəzər salanda qəribə nüanslar ortaya çıxır. Axı, necə ola bilər ki, bütün hüquqlar təhsil verməli olan ali məktəbin, bütün öhdəliklər isə təhsil haqqı ödəməli olan tələbənin üzərinə qoyulmuş olsun? Halbuki, təhsil haqqını qabaqcadan özü də qeyd-şərtsiz ödəmiş tələbənin də qarşısında ali məktəb ona dərin və yüksək səviyyəli təhsil vermək öhdəliyində bulunmalıdır. Bu baxımdan tərəflər arasında bağlanan müqavilə daha çox "qurdla quzu anlaşmasına" bənzəyir. Məşhur Krılovun bir təmsilində deyildiyi kimi, "uj tı vinovat, çto mne xoçetsya yest". Hazırda illik təhsil haqqı universitetlərdən və ixtisaslardan asılı olaraq 1200-4000 manat civarında dəyişir. İndi hünərin var, bu qədər məbləği gümanın gələn yerdən ən qısa zaman içində, belə deyək, "srok" ərzində əldə et, görüm bacarırsanmı, qardaş? Kim nə deyir-desin, bu tələbnamədə gəncliyi zorən cinayətə sürükləyə biləcək məqamlar sezilir. Bu maneə diyircəklərini gənclərin qarşısına hansı əsasla sürüşdürürlər, bilmək olmur. Çünki qoyulan tələblərin özü də heç bir məntiqə sığmır. Bütün hallarda, əsas məqsəd daha artıq qazanc əldə etmək üçün imkanlar aramaqdan ibarətdirsə, deməli təhsil sahəsində heç birimizin ağla gətirə bilmədiyimiz miqyasda sola yönləndirmələr var. Belə vəziyyət həm dövlətin həm də milli təhsilimizin nüfuzunu aşağılayır. Universitetlərə qalsa, bu məsələnin həllini gözləmək sadəlövhlük olardı. Çünki, başı büdcə doldurmağa qarışmış bəzi ziyalılarımızın humanizmində deyəsən gözgörəsi "probel"lər var. Məsələnin ciddiliyini nəzərə alaraq Təhsil Nazirliyinin rəhbərliyindən ödənişli əsaslarla təhsil alan gənclərimizə hansısa bir formada güzəştlərin tətbiqini gözləməyə valideynlərin müəyyən haqqı da var. Hər halda nazir Mikayıl Cabbarovun ödənişli təhsil ideyasına yanaşmaları buna əsas verirdi. Belə də oldu. Lap bu yaxınlarda tələbələrə təhsil kreditləri ideyasına məhz Təhsil Nazirliyindən rəsmi dəstək verilməsi ödənişli təhsil alan tələbələrin və əlbəttə ki, onların valideynlərinin ürəyincə olub. Bildirildiyi kimi, təhsil kreditlərinin tətbiqinə qarşıdan gələn il ərzində başlanılacaq. Təhsil Nazirliyinin gələn ildən etibarən həyata keçirəcəyi "Maarifçi" tələbə kreditləri və qrantları Fondunun yaradılması ehtiyacı olan tələbələrə kredit və qrantların verilməsi yolu ilə təhsildə paritetin yaradılmasını təmin edə biləcək. Fondun təsisçisi və sponsoru qismində ölkəmizdə fəaliyyət göstərən müxtəlif özəl şirkətlər, təhsil müəssisələri, ictimai təşkilatlar çıxış edə biləcəklər. Bu isə ölkəmizdə təhsil sahəsində xeyriyyəçilik ənənələrinin dirçəldilməsi hesabına ali təhsil müəssisələrinin maliyyə bazasının möhkəmləndirilməsinə böyük dəstək deməkdir. Fondda iştirak həm maddi vəsaitin, həm də qeyri-maddi aktivlərin təqdim edilməsi formasında təmin olunacaq. Tələbələrin maddi ehtiyaclarının qarşılanması onların diqqətinin təhsil proqramlarına yönləndirilməsinə şərait yaradacaq. Cəmləşən maliyyə vəsaitinin təhsil haqqı, yataqxana, tədris-metodiki ədəbiyyatların və digər tədris resurslarının alınması, eləcə də, təcrübələrin keçirilməsi ilə bağlı xərclərin ödənilməsinə dair kredit və qrant formasında verilməsi nəzərdə tutulur. Verilmiş kredit və qrantlar üzrə girovsuz sadələşmiş prosedur təklif olunur. Təhsil Nazirliyi öz layihəsini müvəffəqiyyətlə həyata keçirəcəyi təqdirdə nəinki tələbə gəncliyimizin, ümumilikdə ölkə ictimaiyyətinin rəğbətinə layiq görüləcək. Bu baxımdan, "Maarifçi" tələbə kreditləri və qrantları Fondunun yaradılmasının təhsilimizdə həqiqətən inqilabi dəyişikliklərə gətirib çıxaracağına şübhə yoxdur.