backend

Azadxan adlı iş adamının obyektində normativ tələblərə əməl olunmaması və yanğın təhlükəsizliyi qaydalarının pozulması ciddi təhlükə yaradıb

Azadxan adlı iş adamının obyektində normativ tələblərə əməl olunmaması və yanğın təhlükəsizliyi qaydalarının pozulması ciddi təhlükə yaradıb
Sakinlər yaşayış sahələrinə yaxın yerləşən "Binəqədi Petrol"un başqa əraziyə köçürülməsini tələb edirlər
Təcrübə və statistika göstərir ki, yanacaqdoldurma məntəqələrində baş verən hadisələr daha çox istismar qaydalarının pozulması nəticəsində meydana çıxır.

Ona görə də yanacaqdoldurma məntəqələrində işə qəbul olunmuş hər bir əməkdaşın ümumi texniki, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını mükəmməl bilməsi çox vacibdir. İşə qəbul olunmazdan əvvəl əməkdaşın yanğın təhlükəsizliyi qaydalarının yanacaqdoldurma məntəqələrinə aid olan tələblərini bilməməsi yanğın və partlayışlara, digər qəzalara səbəb ola bilər. Bu məsələni səmərəli təşkil etməkdən ötrü yeni əməkdaşlar üçün işə başlamazdan əvvəl xüsusi kurslar təşkil etmək vacibdir. Amma bəzi yanacaqdoldurma məntəqələrində ani diqqətsizlik, habelə yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət edilməməsi acı nəticələrə gətirib çıxarır. Yadınızdadırsa, ötən il Xətai rayonu ərazisindəki yanacaqdoldurma məntəqəsində dəhşətli hadisə baş vermişdi. Belə ki, məntəqədə qaynaq işləri aparan ustaların kiçik bir ehtiyatsızlığı onların həyatı bahasına başa gəldi. Ərazidə baş verən güclü partlayış iki ustanın meyitini tanınmaz hala saldı. Qeyd edək ki, həmin hadisə yanacaqdoldurma məntəqələrinin yaşayış sahələrinə yaxın yerləşməsi məsələsini bir daha gündəmə gətirmiş və mütəxəssislər öz fikirlərini bildirmişdilər. Onların fikrincə, yanacaqdoldurma məntəqələri nəinki yaşayış evlərinin, hətta inzibati binaların belə yaxınlığında inşa edilə bilməz: "Yaşayış yerləri ilə arasında qanunla 50 metr olmalıdır, dəmir yolu, məktəb ya inzibati binalar heç bir şey olmamalıdır, tikintiyə icazə verən şəxslər, eləcə də memar məsuliyyət daşıyır". Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, paytaxtda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin əksəriyyəti yaşayış və inzibati binaların yaxınlığında yerləşməklə təhlükəli vəziyyət yaradır. Binəqədi rayonunda yerləşən "Binəqədi Petrol"un rəhbərliyi də tikinti normativindən kənara çıxaraq qanunları pozub. Belə ki, sözügedən məntəqə ilə yaşayış sahələrinin arasındakı məsafə heç beş metr deyil. Bu isə o deməkdir ki, ətrafda yaşayan sakinlərin hər saniyəsi təhlükə ilə keçir. Xatırladaq ki, bu problem haqda əvvəlki saylarımızda söhbət açmış və məntəqənin sahibi, iş adamı Azadxan adlı şəxsin qanunlara hörmətsizlik etdiyini bildirmişdik. Əfsuslar olsun ki, "Binəqədi Petrol"un sahibi yazdıqlarımıza hələlik heç bir reaksiya verməyib. Nə də ki, əlaqədar dövlət qurumları yüzlərlə ailənin həyatını təhdid edən yanacaqdoldurma məntəqəsinin fəaliyyəti barədə ölçü götürmədi. Redaksiyamıza müraciət edən bir qrup sakin təhlükəli ərazidə tikilən yanacaqdoldurma məntəqəsinin köçürülməsini tələb etdilər: "Burda işləyən şəxslərin heç birinin ümumi texniki və yanğın təhlükəsizliyi qaydalarından anlayışı yoxdur. Sabah burda hansısa bədbəxt hadisə baş versə, yüzlərlə ailənin həyatı təhlükə altına düşəcək. Neçə dəfə yanacaqdoldurma məntəqələrində partlayış baş verib. Hər dəfə də ətrafda yaşayan vətəndaşlar zərər çəkib. Biz bu cür hadisələrin qurbanı olmaq istəmirik. Yanacağın kəskin qoxusundan müxtəlif xəstəliklər tapmışıq. Hər şeydən əvvəl isə həyatımız təhlükədədir. Yanacaqdoldurma məntəqəsinin divarı bizim evlərə bitişikdir. Hələ bura tikilərkən aidiyyəti dövlət qurumlarına müraciət edib tikintinin dayandırılmasını xahiş etdik. Lakin şikayətimizə baxan olmadı. Obyektin sahibi müxtəlif yollarla buranı tikib başa çatdıra bildi. O, burdan milyon qazanır, amma biz hər gün qorxu içində yatırıq. Müvafiq qurumlardan üzləşdiyimiz problemin yoluna qoyulmasını tələb edirik. Yanacaqdoldurma məntəqəsi mütləq başqa əraziyə köçürülməlidir. Əks halda, faciə qaçılmaz ola bilər". Bizə verilən məlumata görə, Azadxan adlı iş adamına məxsus "Binəqədi Petrol"da normativ tələblərə əməl olunmaması, yanğın təhlükəsizliyi qaydalarının pozulması, tikinti-quraşdırma zamanı layihədən kənara çıxılması, qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə əməl edilməməsi yanacaqdoldurma məntəqəsində yanğın və partlayış təhlükəsi yarada bilər. Sonda məlumat üçün vurğulayaq ki, yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur. Azadxan adlı iş adamı isə bu tələblərin heç birinə məhəl qoymayaraq təhlükəli vəziyyət yaradıb. Ümidvarıq ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu yazıdan sonra sözügedən yanacaqdoldurma məntəqəsinə baş çəkib real vəziyyəti yerindəcə müşahidə edəcək və sakinlərin həyatına yaranan təhlükəni aradan qaldıracaqlar. Yaranmış problemlə bağlı məntəqə sahibinin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Buna rəğmən, qarşı tərəfin də cavab haqqını tanıyırıq.