backend

Topdağıtmaz sərvətə malik olan Zeynal Əhmədov «SOCAR Petroleum»un baş direktoru vəzifəsinə iddialıdır

Topdağıtmaz sərvətə malik olan Zeynal Əhmədov «SOCAR Petroleum»un baş direktoru vəzifəsinə iddialıdır
Direktor «Finca» banka icarəyə verdiyi binanı, «Cəmalə» klinikasını, Qazax və Ağstafadakı «Lombard»ları, Bakıdakı mənzilləri və digər mülkləri hansı yolla əldə edib?
Ölkə rəhbərliyinin iqtisadiyyatımızın inkişafı məqsədilə həyata keçirdiyi tədbirlər göz qabağındadır. Cənab prezidentin neft sektorunda apardığı uğurlu və səmərəli islahatların nəticəsi olaraq Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi mümkün olmuşdur. Bu məqsədlə «SOCAR Petroleum» QSC yaradılıb. Qeyd edək ki, QSC elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən uyğun xidmət sahələri ilə kompleksləşdirilmiş, müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələri inşa etdirir və onları istismar edir. Cəmiyyət ölkə hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün böyük həcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır. Eyni zamanda bu qurumun başlıca məqsədi öz fəaliyyətində yüksək keyfiyyətli xidməti təmin edən mütərəqqi texnologiya işləmələrinin tətbiqinə də böyük sərmayələr yatırmaqla yanaşı, əhaliyə Avro-3 standartının tələblərinə uyğun neft məhsullarının satışını təşkil və təmin etməkdir. Şirkətin 19 yanacaqdoldurma məntəqəsi və 10 neft məhsullarının saxlama terminalı fəaliyyət göstərir. Şirkətə məxsus məntəqə və terminalların bir neçəsində müxtəlif problemlər hökm sürür. Belə ki, «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun işindəki əyintilər və yaratdığı biznes şəbəkəsi barədə redaksiyamıza ilginc informasiyalar daxil olub. Adının gizli qalmasını xahiş edən şəxsin bildirdiyinə görə, direktor «SOCAR Petroleum» QSC-yə tabe olan bazanı özünəməxsus şəkildə idarə edir: «Qapalı Səhmdar Cəmiyyətdən bu terminal bazasına göndərilən neft, benzin, sürtkü, yağ və digər yanacaq məhsulları direktorun diqtəsi altında paylanır. Yəni yanacaq məhsullarının hansı məntəqələrə paylanacağını baza rəhbəri özü müəyyənləşdirir. Bu səbəbdən bəzi şəxslər bazadan neft məhsulları almaqda böyük çətinlik çəkirlər. Qazaxda, Şəmkirdə, eləcə də Gəncəbasar zonasına daxil olan digər rayonlarda təsərrüfatla məşğul olan insanların yanacaq məhsullarına tələbatı böyükdür. Zeynal müəllim isə həmin adamlara süni əngəllər yaradır. Bu adam Qazaxın ən varlı şəxslərindən biri kimi tanınır. Baza direktoru vəzifəsindən lazımınca istifadə edən Zeynal Əhmədov özünə böyük biznes şəbəkəsi yaradıb. Belə ki, o, rayon maliyyə idarəsinin yanında yerləşən obyektinin birini «Finca» banka icarəyə verib. Həmin obyekt pasport stolun giriş qapısını kəsib. Əhalinin bura giriş-çıxışına maneçilik törədir. Bundan başqa, baza direktorunun S.Arıxov küçəsində 4 mərtəbədən ibarət olan «Cəmalə» klinikası var. Qazax rayonunda «Lombard»ı var icarəyə verib. Ağstafa rayonunda yerləşən «Lombard»ı isə özü işlədir. Bakı şəhərində «Şəhidlər Xiyabanı»nın yaxınlığındakı binalardan birində iki bahalı mənzil alıb. Qazax Rayon Məhkəməsinin yanında böyük imarəti var. İdarə etdiyi son model «Lexus» avtomobilinin qiyməti də çox bahalıdır. Sual yaranır, o bu qədər var-dövləti necə yığıb? Uşaqlarını xaricdə oxutdurur. Onların xaricdə təhsil almasına hər il külli miqdarda pul sərf edir. Görəsən, Zeynal müəllim bütün bu işləri aylıq vəzifə maaşı ilə həyata keçirib? Əlbəttə, yox». Etibarlı mənbənin sözlərinə görə, neft bazasının direktoru bütün torpaq sahələrini Qazax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Hüseynovun vasitəsilə alıb. O Rauf Hüseynov ki, Londona gedəndə bileti əlində qalmışdı: «Baza direktoruna indi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun birinci müavini işləyən Fərman müəllim köməklik göstərir. Direktorun icra başçısının digər müavini Gülayə Həsənova ilə də münasibətləri yaxşıdır. Məlumat üçün deyim ki, Gülayə xanım Fərman müəllimin xalası qızıdır. Hər ikisi icra hakimiyyətində yüksək vəzifə tuturlar». Növbəti saylarımızda QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun cəmiyyətin baş direktoru Toğrul Seyidovun yerinə iddiası və topdağıtmaz varidatı haqda daha müfəssəl məlumat verməyə çalışacağıq. İnanırıq ki, QSC-nin rəhbəri onun ümidlərini doğrultmağı bacarmayan direktorun barəsində tezliklə ölçü götürəcək. Qarşı tərəfi də dinləyə bilərik.