backend

Rəfail Hacıyev təhsil sahəsini çökdürmək üzrədir

Rəfail Hacıyev təhsil sahəsini çökdürmək üzrədir
Bu gün ölkə təhsilində aparılan islahatlar, təhsil sahəsində reallaşan layihələrə baxmayaraq, bu sahədə kifayət qədər problemlər yaşanmaqdadır.
Azərbaycan dövlətinin, xüsusilə də ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğıya baxmayaraq təhsil sahəsində nöqsanlar artan xətt üzrə davam edir. Ölkə başçısının gördüyü işlərə kölgə salmağa çalışanların sayı çoxdur. Xüsusilə də təhsil sahəsində vəzifəyə qoyulan insanlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özlərinə lazım olan işlərə imza atırlar. Lakin təhsilin problemlərinə diqqət ayırmırlar. Ona görə də təhsil sahəsi geriləməkdə davam edir. Nə müəllimlər, nə də tələbələr təhsilin keyfiyyətindən razı deyillər. Təhsilə olan maraqları sıfıra enib. Xüsusilə də bölgələrdə təhsil sahəsi geriləməkdədir. Aparılan müşahidələr göstərir ki, regionlarda təhsilə olan maraq həddindən artıq azalıb. Yuxarı siniflərdə şagird qıtlığı göstərir ki, şagirdlər 9-cu sinifdən çıxıb evdə otururlar. Xüsusilə də qızların təhsilə marağı qalmayıb. Bu regionlardan biri də Siyəzən rayonudur. Bu rayonda son illərdə təhsil sahəsində heç bir uğur qazanılmayıb. Tələbə qəbulu üzrə dövlət komissiyasının təşkil etdiyi müsabiqələrdə Siyəzən rayonunun nəticələri qənaətbəxş olmayıb. Bizə verilən məlumata görə, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevin qanunsuz əməlləri nəticəsində Siyəzən rayonunda təhsilin keyfiyyətindən əsər-əlamət qalmayıb. Mənbə bildirir ki, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevin zəif nəzarəti nəticəsində tabeliyində çalışan işçilər öhdəliklərinin icrası zamanı qanunvericiliyini tələblərini pozurlar: "Siyəzənin orta məktəblərində özbaşınalıq baş alıb gedir. 9-11-ci siniflərin şagirdlərinin dərsə davamiyyəti olduqca aşağı səviyyədədir. Jurnallarda isə bu barədə heç bir qeydiyyat aparılmayıb. Bundan başqa orta məktəb direktorları başda olmaqla müəllimlər də işinə qarşı səhlənkarlıq nümayiş etdirirlər". O da məlumdur ki, hər il dövlət büdcəsindən və digər fondlardan hər bir rayona təhsilin inkişafına, o cümlədən məktəblərin təmirinə və inventarla təmin olunması üçün kifayət qədər vəsait ayrılır. Mənbə isə bildirir ki, rayona ayrılan vəsaitlərin taleyi məlum deyil. Dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Sənədlərdə göstərilənlər reallıqda baş verənlərə uyğun gəlmir. Siyəzəndə fəaliyyət göstərən məktəblərin əksəriyyətində vəziyyət bərbaddır. Məktəblərin təmirinə və inventarla təmin olunmasına dövlət büdcəsindən və Siyəzən rayon İcra Hakimiyyətinin büdcəsindən külli miqdarda vəsait ayrılsa da kənd məktəblərinin vəziyyəti acınacaqlıdır. Xüsusən məktəblərin inventar və texniki təminatı acınacaqlı vəziyyətdədir. Görünən kəndə bələdçi olmadığı kimi, Siyəzənin kənd məktəblərinə və icra başçısının obyektlərinə də bələdçi lazım deyil. Bunu onsuzda Siyəzəndə bilməyən yoxdur. Əldə etdiyimiz məlumata görə, Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyev müəllimləri işdən çıxaracağı ilə narahat edir. Onlardan nəsə tələb edir. Həmin müəllim və direktorlar işsiz qalmamaları üçün şöbə rəisinin tələbləri ilə oturub-dururlar. Lakin bu vəziyyət artıq müəllim heyətini də bezdirib. Bizə verilən məlumata görə, bəzi müəllimlər işsiz qalmamaq üçün heç bir quruma şikayət etmirlər. Lakin bəzi müəllimlər var ki, artıq bu vəziyyət onların səbr kasasını daşırıb.