backend

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının özünün yardıma ehtiyacı var

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının özünün yardıma ehtiyacı var
Rauf Nağıyevin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsinə gəlişindən yenilik gözləyənlərin ümidləri artıq çox şeylərdən üzülüb.
Çünki, növbəti baş həkim təyinatı Stansiyadakı "ənənəvi" problemlərin həllini təmin etməyib. Halbuki, səhiyyə naziri Rauf Nağıyevin üzərində etdiyi seçimi ilə ona böyük etimad göstərmişdi. Bu gün paytaxtın təcili və təxirəsalınmaz tibbi yardım sistemində yer alan çatışmazlıqları aradan qaldırmaq üçün ciddi təşkilati bacarıq və düzgün mütəxəssis yanaşmalarına ehtiyac duyulur. Halbuki, təyinatının ilk günlərindən baş həkim son dərəcə iddialı və qətiyyətli görünürdü. Lakin son 6-7 ayın müşahidələrindən görmək olar ki, rəhbərlik etdiyi sistemin işini düzgün qurmaq qabiliyyətində deyil. Rauf Nağıyev Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsində başlayar-başlamaz öz yaxın adamlarından ibarət yeni komanda formalaşdırmağa start verib.Bu komandanın yeni üzvləri arasında səhiyyə nazirinin əmri ilə işdən azad olunmuş mənfi reputasiyalı şəxslər kifayət qədərdir. Digər tərəfdən, yeni komanda yaratmağa başı qarışmış rəhbəri əsas məşğul edən onun şəxsi ambisiyalarıdır. Belə çıxır ki, paytaxt əhalisinə təcili yardımın düzgün təşkilinə sadəcə vaxt qalmır.Əslinə qalsa, görüləsi işlərin çoxu da elə təcli yardım sistemi ilə bağlı işlərdir. Stansiyanın əhatə etdiyi mərkəzlərdə həkim kadrların yeni texniki vasitələrdən düzgün istifadə qaydalarından xəbərsiz olması faktlarını götürün.Bu məsələdə əlbəttə, həkim peşəkarlığı kifayət qədər yetərli olmur. Hər bir həkim öz imicini qoruyub saxlamaq üçün səhiyyənin ən son nailiyyətlərindən məlumatlı olmalıdır. İlk növbədə söhbət təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkili, profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarının tətbiqindən gedir. Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını düzgün müəyyən edə bilməyən həkimlərin qoyduğu diiaqnoz da sonrakı müalicə pillələrində özünü doğrultmur. Təbii ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim kadrları üçün bu istiqamət üzrə təkmilləşdirmə kursları fəaliyyət göstərir. Lakin həmin kurslarda təhsilin formal xarakteri tibb işçilərinə öz ixtisasını mütəmadi olaraq artırmaq şansları vermir. 750 həkimin və 1000-dən artıq orta tibb işçisinin çalışdığı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üçün bu formal ixtisasartırma qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, paytaxda Stansiyanın 21 köməkçi yardım stansiyası və 20 filialı fəaliyyət göstərir. Gün ərzində xətdə 141 səyyar briqada növbə tutur, 23 ARB (o cümlədən iki pediatrik briqada), səyyar laboratoriya, səyyar rentgen briqadası fəaliyyət göstərir. İnsan sağlamlığının keşiyində hər an ayıq-sayıq durmaq üçün əsas şərtlərdən biri məhz həkim peşəkarlığıdır.Daha bir problem isə paytaxtın bir sıra təcili tibbi yardım stansiyalarında yer alan görünməmiş yanacaq və ehtiyat hissələri oğurluğudur. Bu barədə mətbuatda zaman-zaman ciddi tənqidi yazılar dərc olunsa da, müvafiq tədbirlərin görülməsi hansısa səbəblərdən təxirə düşüb. Məlumdur ki, səhiyyənin digər sahələrində olduğu kimi təcili tibbi yardım sisteminə də dövlət səviyyəsində kifayət qədər müasir texnika və mobil texniki vasitələr, o cümlədən hər cür tibbi ləvazimatlarla təchiz edilmiş maşınlar ayrlır. Lakin çox keçməmiş bu texnikanın müəyyən hissələrindən əsər-əlamət qalmır.Məsələ ilə bağlı əldə etdiyimiz məlumata görə, paytaxtın təcili yardım sistemində yanacaq və ehtiyat hissələri alverində oturuşmuş şəbəkə fəaliyyətdədir. Uzun illərdir səhiyyə sstemində çalışan Rauf Nağıyevin rəhbərlik etdyi təcili yardım sistemindəki bu şəbəkədən xəbərsiz olmasına inanmırıq. Bildirildiyinə görə, hər ay yüzlərlə ton yanacaq bahalı ehtiyat hissələri yuxarıda bəhs etdiyimiz şəbəkənin vasitəçiliyi ilə qara bazara ötürülür. Qeyd edək ki, köməkçi təcili yardım stansiyalarının əksəriyyətində və bir sıra filiallarda vəziyyət heç də arzu olunan şəkildə deyil. Bəzi filiallar isə köhnə və uyğunlaşdırılmış yararsız tikililərdə yerləşdirilib, onların təmirinə hər il kifayət qədər vəsait ayrıldığı halda hələ də təmirsiz qalması çox ciddi qüsurlardandır. Rauf Nağıyev təyinat barədə əmrini alarkən səhiyyə naziri qarşısında üzərinə götürdüyü məsuliyyətin öhdəsindən gələ biləcəyinə söz vermişdi. Bugünkü anormal mənzərənin fonu da bu məsuliyyət xüsusilə aktual görünür.