backend

SOS: "Xəzər İnşaat XXI əsr" şirkəti faciəyə səbəb ola bilər

SOS: "Xəzər İnşaat XXI əsr" şirkəti faciəyə səbəb ola bilər
Şirkətin Yeni Günəşli qəsəbəsində apardığı tikinti işləri böyük etirazların yaranmasına səbəb olub, sakinlər aidiyyəti qurumları hərəkətə keçməyə çağırdılar
Tikintidə təhlükəsizlik qaydalarına riayət edilmədiyinə görə fəhlələrin və vətəndaşların həyatı təhlükə altındadır "Xəzər İnşaat XXI əsr" MMC-nin rəhbər şəxslərinin törətdikləri özbaşınalıqlar bitib-tükənmək bilmir. Xatırlayırsınızsa, bu günlərdə tikinti şirkətində çalışan şəxslərin paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşıllıqlara divan tutması haqda xəbər vermişdik. Bildirmişdik ki, şirkətin bir qrup işçisi "D" massivi 16-cı binanın yaxınlığındakı onlarla ağacı qaz xəttinin çəkilməsi məqsədilə heç bir rəsmi icazə olmadan kəsib. Qeyd edək ki, həmin məqalə dərc olunan gün ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova müraciət edib vəziyyəti nəzarətə götürmələrini xahiş etmişdik. Bu problem həllini tapmamış "Xəzər İnşaat XXI əsr" tikinti şirkətinin rəhbərliyi Yeni Günəşli qəsəbəsinin sakinlərini digər çətinliklərlə sınağa çəkməyə başlayıb. Dünən redaksiyamıza müraciət edən "D" massivi 16, 17, 9, 18 və 24-cü binanın bir qrup sakini artıq 3 ildən artıqdır ki, rahatlığın nə olduğunu bilmədiklərini qeyd etdilər. Sakinlərin sözlərinə görə, qəsəbədə hündürmərtəbəli binalar inşa edən şirkət onların rahatlığına əməlli-başlı maneçilik törədir: "2011-ci ilin sonlarında bu şirkət 9-cu binanın yaxınlığında, daha dəqiq desək 282 nömrəli orta məktəbin bir neçə metrliyində yerləşən boş torpaq sahəsini aldı. Dərhal sonra ərazi hasarlandı, özül qazıldı və binaların tikintisinə başladılar. Tikinti başlayandan etibarən günümüz qara olub. Birincisi onu deyək ki, tikinti ərazisinə material, qum, daş, beton daşıyan ağır tonnajlı yük maşınları qəsəbənin daxili yollarını bərbad hala salıb. 16-cı binanın yanından keçmək mümkün deyil. Yol istifadəyə yararsız vəziyyətdədir. Bununla bağlı neçə dəfə şirkətin ofisinə gedib iradımızı bildirmişik. Bizə deyiblər ki, yolun dağılması onların problemi deyil. Səhər saat 8-dən axşam saatlarına kimi tikinti işləri aparırlar. Ustaların və ağır tonnajlı yük maşınlarının səsindən rahat yata da bilmirik. Bir neçə ay əvvəl tikinti şirkətinin fəhlələri 16 və 18-ci binaların həyətində qazıntı işləri apardılar. Buna kəskin formada etirazımızı bildirdik. Məlum oldu ki, şirkət qəsəbənin digər hissəsində yenicə tikməyə başladığı binaya elektrik xətti çəkir. Etirazımıza baxmayaraq, binamızın qarşısını qazıb-tökdülər və niyyətlərini həyata keçirdilər. Bir neçə gün əvvəl isə illərdir qulluq edərək böyütdüyümüz ağacları kəsdilər. Vəziyyət belə davam edəcəksə, biz evlərimizi satıb burdan köçəcəyik. "Xəzər İnşaat XXI əsr" şirkəti də rahat şəkildə pulunu qazansın. Bu şirkətin qəsəbəyə ancaq ziyanı dəyir. Yeni Günəşlidə hamıya məlumdur ki, bir neçə il əvvələ qədər "D" massivinin yolları yaman gündə idi. Müxtəlif dövlət qurumlarına çoxsaylı müraciətlərdən sonra yolu əsaslı şəkildə təmir etdilər. İndi bu yol da sıradan çıxmaq üzrədir. Çünki ağır tonnajlı yük maşınları səhərdən axşama kimi tikinti aparılan əraziyə material daşıyır. Bundan başqa, ayın müəyyən günlərində yeni tikilməkdə olan binalara betontökmə işləri aparılır. Həmin vaxt vəziyyət daha da acınacaqlı olur. Gecədən düz səhər saatlarına kimi beton maşınları bura beton daşıyır. Səsdən yatmaq olmur. Beton maşınlarından düşən "otxod"lar yolu tamamilə pis günə salıb. Bir məsələni də xüsusi qeyd etmək lazımdır. Tikinti şirkətinin tikdirdiyi binaların yanında orta məktəblər yerləşir. Tikintidə təhlükəsizlik qaydalarına istənilən səviyyədə riayət edilmədiyinə görə hər an bədbəxt hadisələr qeydə alına bilər. Bu yaxınlarda şirkətdə işləyən fəhlələrdən biri əlindəki taxta parçasını hündürlükdən yerə buraxmışdı. Xoşbəxtlikdən həmin vaxt ərazidən heç kim keçmirdi. Əks halda, faciə qeydə alına bilərdi. Şirkət binaların tikintisinə başladığı ilk vaxtlarda işçilərini müəyyən olunmuş geyimlə təmin edirdi. Amma indi kim necə gəldi geyinir. Bəzi fəhlələrin başında "kaska" olmur. Neçə dəfə fəhlələr əmək prosesində ciddi xəsarətlər alıb. Buna baxmayaraq, şirkət rəhbərliyi belə faktların üstünü ört-basdır etməyi bacarıb". Sakinlər bildirirlər ki, müvafiq dövlət qurumları, məsələn Dövlət Əmək Müfəttişliyi Xidməti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Xəzər İnşaat XXI əsr" tikinti şirkətindəki qanun pozuntuları barədə mütləq ölçü götürməlidir: "Sabah şirkətin tikdiyi binalardan hansısa vətəndaşın üzərinə daş, taxta parçası, armatur düşsə, kim cavab verəcək? Odur ki, aidiyyəti dövlət qurumları dərhal şirkətin fəaliyyətini yoxlamalı və neqativ məqamları aradan qaldırmalıdır". Vətəndaşların şikayəti əsasında apardığımız qısa araşdırmalar zamanı məlum oldu ki, sözügedən şirkət mənzilləri həm nəğd qiymətə, həm də Azərbaycan Beynəlxalq Bankı ilə qarşılıqlı anlaşma əsasında 10 illik ipoteka krediti ilə satır. Maraqlıdır ki, şirkət manatın devalvasiyasına qədər dollardan imtina edib və alqı-satqı yalnız manatla aparılıb. Dollar bahalaşandan sonra isə MMC alqı-satqını xarici valyuta ilə həyata keçirməyə başlayıb. Deyilənə görə, şirkətdən mənzil almış vətəndaşlar ödənişi banka deyil ofisə ödəyirlər. Hər ödəniş vaxtı isə müştərilərdən əlavə olaraq 16 manat tələb edildiyi vurğulanır. Həmin 16 manatın nəyə görə alınmasına, həmçinin şirkətin hansı məmur tərəfindən himayə olunmasına və digər maraqlı məsələlərə isə gələn saylarımızda aydınlıq gətirəcəyik. Bizi izləyin. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləyə, fikirlərini dərc edə bilərik.