backend

Köhnə qiymətlər yeni qiymətlərlə vitrində saxlanılır

Köhnə qiymətlər yeni qiymətlərlə vitrində saxlanılır
Bu gün ölkədə sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində təqdirəlayiq addımlar atılır.
Düzdür, bu gün sahibkarlığın inkişafına hər addımda mane olmağa çalışanlar da az deyil. Lakin bu o demək deyil ki, həmin şəxslərin qarşısını almaq mümkün deyil. Ölkə başçısının tapşırığıyla sahibkarlığın inkişafına əngəl törədənlərlə bağlı ciddi tədbirlər görülməkdədir. Lakin onu da qeyd edək ki, ölkədə bəzi sahibkarlar da var ki, onlara yaradılan şəraitdən məqsədləri üçün yararlanmağa çalışırlar. Dövlət səviyyəsində sahibkarlığın inkişafı üçün görülən işlərdən öz məqsədləri üçün istifadə edən sahibkarlıq subyektləri də az deyil. Xüsusilə də ticarət obyektlərinin idarə edilməsiylə məşğul olan sahibkarların bəziləri işlərində bir sıra nöqsanlara yol verməkdədir. Bizə verilən məlumata görə, paytraxtın bir neçə yerində vətəndaşlara "xidmət" göstərən "Bizim" marketlər şəbəkəsi fəaliyyətində özbaşınalığa, istehlakçıların hüquqlarının pozulmasına yönəlik addımlar atmaqdadırlar. Təəssüf ki, "Bizim" marketlər şəbəkəsiylə bağlı şikayətlərin ardı-arası kəsilmir. Redaksiyamıza daxil olan şikayətlərdə göstərilir ki, Xətai rayonu Köhnə Günəşli qəsəbəsi , İnqilab İsmayılov küçəsində yerləşən "Bizim" marketdə vəziyyət heç də müştərilərin ürəyincə deyil. Belə ki, istehlakçıların hüquqları hər gün həmin marketdə pozulur. Müştərilər hər dəfə orada qiymət artımının şahidi olurlar. Bundan başqa köhnə qiymətləri də yeni qiymətlərlə birgə vitrində saxlamaqla müştəriləri aldatmağa çalışırlar. "Bizim" marketlər şəbəkəsinin daimi müştəriləri bildirirlər ki, artıq manatın devalvasiyasından sonra həmin marketdə tez-tez qiymət artımına gedilir: "Hər dəfə yeni qiymətlərlə rastlaşırıq. Yaxınlığımızda bu market olduğundan ora getməyə məcbur oluruq. Amma ki, 100 manat pul xərcləsək də 2 səbət məhsulla oranı tərk edirik. Bunlar nə etmək istəyirlər, anlamırıq". Vətəndaşların bildirdiyinə görə, "Bizim" marketlər şəbəkəsinin Köhnə Günəşli qəsəbəsində yerləşən filialında bir sıra qanunsuz hərəkətlərə yol verilir: "Vitrindəki qiymətlərlə, kassada vurulan qiymətlər arasında çox böyük fərq olur. Əksər vaxtlarda vitrində məhsullara qiymət vurulmur. Çox zaman da köhnə qiymətlə yeni qiyməti də vitrində saxlayırlar. Köhnə qiyməti önə, yeni qiyməti isə arxaya qoyaraq müştərilərə nömrə gəlməyə başlayırlar. Müştəriləri isə köhnə qiyməti görüb market rəhbərliyinin oyununun qurbanına çevrilirlər". Bizə verilən məlumata görə, digər ticarət obyektləri kimi "Bizim market"lər şəbəkəsi də mağazaya müştəri cəlb etmək üçün alıcılara bonus kartları təklif edirlər. Bu cür kartlarla alıcıları şirnikləndirirlər. Karta yığılan bonusların müqabilində müştəriyə hədiyyə təqdim edirlər. Lakin bir əmması var ki, 45 gün ərzində alış-veriş etmədikdə yığılan bonuslar kartdan silinir. Bu nə dərəcədə ədalətli ola bilər? Bəlkə müştəri elə 45 gündən bir alış-veriş edir. Belə çıxır ki, bu yollarla istehlakçıların hüquqlarını pozurlar. Əgər elədirsə, onda müştəriyə həmin kartı niyə təklif edirlər. Təəssüf ki, bütün bunlar müştəriləri marketə cəlb etmək məqsədi güdür. Ona görə də müvafiq qurumlara üzümüzü tutub deyirik ki, "Bizim market"də ciddi yoxlamalar aparılsa, yazılanların həqiqətə uyğun olduğu üzə çıxacaq.