backend

Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının sessiyasında iştirak edib

Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının sessiyasında iştirak edib




Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında noyabrın 23-dən dekabrın 2-dək keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasından qaynarxett.az-ya bildirilib ki, Beynəlxalq Konvensiyaların statusu və təşkilata üzvlük barədə hesabatın və Təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların dinlənilməsi, həmçinin Beynəlxalq Dəniz Təşkilatına yeni baş katibin, Assambleyaya yeni prezidentin və vitse-prezidentlərin seçilməsi, Şuranın üzvlərinin seçilməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlər olub.
Sessiya müddətində, Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılan bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri keçirilib və fikir mübadiləsi aparılıb.
Assambleyanın 29-cu sessiyasında Beynəlxalq Dəniz Təşkilatının baş katibi Koji Sekimizunun fəaliyyəti dövründə görülmüş işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib və həmin işlərin məntiqi nəticəsi olaraq, son dövrlərdə əvvəlki illər ilə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müşayiət olunması yüksək qiymətləndirilib.
Qeyd edilən sessiya zamanı Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatı Şurasının Koreya Respublikasının nümayəndəsi Kitak Limin təşkilatın yeni baş katib seçilib. Azərbaycan nümayəndə heyəti tərəfindən Kitak Lim belə bir mötəbər vəzifəyə seçilməsi münasibəti ilə təbrik edilib, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edilib, qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Həmçinin İspaniya Krallığının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Federiko Trillo-Fiqueroa Martinez-Konde dörd illik (2016-2020) müddətə Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyanın yeni prezidenti vəzifəsinə seçilib.
Sessiyada Beynəlxalq Dəniz Təşkilatının komitələrinin hesabatları dinlənilib və dəniz nəqliyyatı sahəsi ilə bağlı bir sıra mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.
Sessiyası zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılıb.
Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Ali İcra orqanı olan Şura üzvlüyünə seçkilər keçirilib, ümumilikdə 40 dəniz dövləti Şuranın yeni üzvlüyünə seçilib.
Dünyanın 171 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 29-cu sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.




Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının sessiyasında iştirak edib