backend

Dini ekstremizmə qarşı mübarizə daha da sərtəşdirildi

Dini ekstremizmə qarşı mübarizə daha da sərtəşdirildi





Komitə iclaslarında müzakirə olunan yeni qanun layihəsi parlamentə göndərildi
Nardaranda yaşanan olaylar hazırda ölkə gündəminin əsas müzakirə mövzusudur. Baş vermiş qanlı toqquşmalarla əlaqədar ən müxtəlif yanaşmalar olsa da, hesab olunur ki, bu kimi olayların təkrarlanmaması üçün kompleks tədbirlər həyata keçirilməli, dövlətə qarşı zorakı davranışlara birdəfəlik son qoyulmalıdır.
Qanunvericiliyin sərtləşdirilməsi istiqamətində də proses başlayıb. Dekabrın 2-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclasında yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən məsələyə həssas yanaşmanın zəruriliyindən danışıb: “Dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşmağı tələb edir. Çünki ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır”.

Komitə sədrinin sözlərinə görə, hazırda dünyada müxtəlif adlar altında ölkələrə müxtəlif ideyalar ixrac olunur: “Bu gün din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur. İndi isə vəziyyət tamamilə fərqlidir. Çünki onlar sırf mənəviyyat məsələsini əsas götürürlər. Ona görə də həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir”. S.Novruzov həmçinin əlavə edib ki, cəmiyyətin fikirlərinə heç vaxt laqeyd qalmaq olmaz: “Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur və təmin edilir. Hər kəs qanun qarşısında bərabərdir. Bu səbəbdən də hamının qanunun tələblərinə əməl etməsi mütləqdir. Konstitusiyada dövlət quruluşu da müəyyənləşib. Ona görə də mənəvi dəyərləri mövcud olan ölkədə əks nəsə etmək, başqa dövlətin modelini burada qurmaq istəyənlər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır”.

S. Novruzov onu da xatırladıb ki, bu gün Azərbaycanda xalqla iqtidar bir yerdədir: “Mövcud qanunvericilikdə imkan verir ki, ölkədəki demokratik vəziyyət əbədi olsun. Digər dini cərəyanlar da buna əsla müdaxilə edə bilməz”.

3 fəsildən, 15 maddədən ibarət yeni qanun layihəsinə əsasən dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi və dini ekstremizmə görə cəzanın labüdlüyüdür. Qeyd edək ki, qanun layihəsində dini ekstremizm əleyhinə mübarizə aparılan xüsusi zonanın hüquqi rejimi ayrıca fəsil kimi verilib. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın həyata keçirildiyi zonada bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malik olacaq:

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək. Ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq;
- Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək;

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələri və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək;

- Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətin müəyyən edilməsi məqsədilə həmin şəxsləri İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş qaydada və müddətdə tutmaq;

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədilə fiziki şəxslərin mənzil və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq onların ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatı aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq;

- Müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək;

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyat zonasından köçürmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək;

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətinin və kommunal xidmətin göstərilməsini müvəqqəti dayandırmaq.

- Dini ekstremizm fəaliyyətini aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə telefon danışıqlarına qulaq asmaq, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək;

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında sanitar epidemioloji baytarlıq və karantin tədbirlərini tətbiq etmək;

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında tərkibində narkotik və psixotrop maddə olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq.

Diqqətçəkən odur ki, layihəyə görə, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişiklik ediləcək.
APA-nın məlumatına görə, bununla bağlı layihə Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) ediləcək. Beləliklə, Azərbaycan vətəndaşı terror fəaliyyətində iştirakı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1) və AR vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.

Qanun layihələri müzakirələrdən sonra parlamentin ayın 4-də keçiriləcək növbəti plenar iclasına tövsiyə olunub.