backend

General Çovdarov “sprutun başı” rolunda

General Çovdarov “sprutun başı” rolunda





Həbsdəki MTN-in sabiq idarə rəisi həyatına təhlükə olacağından bərk narahatdır və bu səbəbdən kamerasını dəyişdirməyə və ya müalicə müəssisəsində izolyasiya olunmağa çalışır; onun tezliklə sensasion açıqlamalar verəcəyi gözlənilir...
Nardaran hadisələri də Milli Təhlükəsizlik Nazirliyində (MTN) ifşa olunan “generallar bandası”na diqqəti azaltmayıb. Aralarında bir neçə general olan bandanın 19 üzvü barədə həbs qərarının verilməsinə baxmayaraq, “sprutun başı” olan Eldar Mahmudov hələ də həbsxana divarları arasında deyil.


Ötən saylarımızda bu mövzuya toxunarkən bildirmişdik ki, sabiq nazir Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarəti altında Bakı ətrafındakı dövlət bağlarından birində saxlanılır. Bildirilirdi ki, sabiq nazir ifadəsi alınması üçün xüsusi konvoyla istintaqa aparılarkən “özünü çox pis hiss etməsi” səbəbindən geri qaytarılıb. Onu da qeyd etmişdik ki, cinayət məsuliyyətinə cəlb edilənlər sabiq naziri suçlamırlar, onun da həbs edilməsini tələb etmirlər.

MTN-in zərərsizləşdirilən mütəşəkkil cinayətkar qruplaşmasının ən qəddar personası olan general Akif Çovdarov haqda yayılmış yeni məlumatlar da bu faktı bir daha təsdiq edir. Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrdən öyrənib ki, A.Çovdarov ona qarşı irəli sürülən çoxsaylı ağır cinayət ittihamları ilə razılaşmır. Üstəlik, həbsinin “sifarişli və qərəzli olduğunu” iddia edir. Məlumata görə, Akif Çovdarov həbsini kimlərin sifariş verdiyini bildiyini də deyir.



Mənbənin bildirdiyinə görə, A.Çovdarov saxlanılma şəraitindən də narazıdır, kamerasının “soyuq olmasından” şikayətlənir. Üstəlik, səhhətində (ürəyində, mədəsində) ciddi problemlərin olduğunu əsas gətirərək müntəzəm həkim müayinəsi altında saxlanılmasını istəyir.

Həmçinin məlum olub ki, A.Çovdarov təxminən il yarım əvvəl vəzifəsindən istefa vermək istəyib. Səhhətinin yaxşı olmadığını əsas gətirərək o vaxtkı nazir Eldar Mahmudova müraciət edərək işdən azad olunmasını xahiş edib. Lakin Eldar Mahmudov öz “kassiri”nin işdən çıxmaq xahişini təmin etməyib.

Xatırladaq ki, bundan əvvəl Akif Çovdarovun saxlanılma şəraitindən və təcridxana işçilərinin onu sıxışdırmasından narazılıq edərək prezident İlham Əliyevə müraciət etməyə hazırlaşdığı haqda məlumat daxil olmuşdu.

Lakin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzi bildirmişdi ki, A.Çovdarovun və onun vəkillərinin bu şikayətinin heç bir əsası yoxdur.

A. Çovdarovun bu cür reaksiyası əslində gözlənilən idi. Çünki ona qarşı irəli sürülən ittihamlar çox ağırdır və faktiki MTN-dəki kriminal dəstənin rəhbərliyi ona “yüklənir”.



Qeyd edək ki, A. Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanusuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.



“Yeni Müsavat”ın məlumatına görə, A.Çovdarov bu vəziyyətlə barışmaq və ömürlük məhkum həyatı yaşamaq niyyətində deyil. Bu səbəbdən də onun tezliklə MTN-də baş verənlərlə bağlı sensasion açıqlamalar verəcəyi gözlənilir. Bir mənbə deyib ki, A.Çovdarov həyatına da təhlükə olacağından bərk narahatdır və bu səbəbdən kamerasının dəyişdirilməsini və ya müalicə müəssisəsində izolyasiya olunmasını istəyir. A.Çovdarov əməliyyatçı kimi yaxşı başa düşür ki, onun aradan götürülməsində maraqlı olan qüvvələr ola bilər. A. Çovdarovun başına bir iş gələrsə, MTN-də baş vermiş bir sıra digər cinayətlər də ona “yüklənə” bilər.

Bu səbəbdən də general daima diqqətdə qalmasını istəyir və bu səbəbdən də gah kamerasının soyuq olmasını, gah sifarişlə həbs edilməsini bəyan etməklə gündəmdə qalmağa çalışır. Məlumatlara görə, Çovdarov ailəsini və yaxın qohumlarını hələ bir müddət əvvəl təhlükəsizlik səbəbindən ölkədən çıxmalarına göstəriş verib. Onlar Gürcüstana gediblər və istisna deyil ki, buradan da üçüncü ölkəyə sığınsınlar.