backend

“Azərbaycana qarşı təxribatlar artsa…”

“Azərbaycana qarşı təxribatlar artsa…”
Türkiyə Azərbaycanın strateji müttəfiqidir və yaxın tariximiz iki qardaş dövlət arasındakı münasibətlərin möhkəm təməl əsasında qurulduğunu göstərir.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Adil Əliyev öz Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Türkiyənin Azərbaycan torpaqlarını işğal edən dövlətlə diplomatik münasibətlərinin olmaması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tələbini hər fürsətdə təkrarlaması əsaslı təməllərdən xəbər verir:

“Bölgədə baş verən hadisələr fonunda “Türkiyə haqsızdır” və ya “Türkiyə Rusiya təyyarəsini vurmaqla böyük səhvə yol verdi, üzr istəməlidir” kimi fikirlər ortaya atırlar. Bunu başqa ölkənin deputatlarından və ya ermənipərəst “siyasi” ekspertlərindən gözləmək olar, ancaq hansısa Azərbaycan vətəndaşının bu fikirlərə qoşulması və bir az daha “irəli getməsi” nankorluqdan başqa bir şey deyil. Bir gün bölgədə vəziyyət gərginləşsə, Azərbaycana qarşı təxribatçı planlar ortaya atılsa, dövlətimizin və millətimizin köməyinə özünü birinci yetirən dövlət Türkiyə olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkənin Baş naziri Əhməd Davudoğlu ilə son görüşündə dediyi kimi, “Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyib və dəstəkləyəcək”.