backend

Hakim dələduz bankirin işindən imtina etdi

Hakim dələduz bankirin işindən imtina etdi

Hakim Əmir Bayramovun icraatında olan 81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsəyən “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun işi üzrə dekabrın 15-nə təyin edilmiş məhkəmə iclası təxirə salınıb.

Bu barədə QaynarXett.İnfo-a Vəkillər Kollegiyasının üzvü, vəkil Aqil Layıcov bildirib. Hüquqşünas iclasın təxirə salınmasının səbəbini açıqlayıb:

“Məhkəmənin təxirə salınmasının əsas səbəbi hakim Əmir Bayramovun etiraz verməsi ilə bağlıdır. Etirazın əsasını o təşkil edir ki, hakim bundan əvvəlki proseslərdə iştirak edib. Qanunvericiliyə əsasən, bundan əvvəlki proseslərdə iştirak etmiş şəxslərin həmin işlə əlaqədar növbəti prosesdə iştirakı istisna olunur”.

A.Layıcov bildirib ki, növbəti mərhələdə işə başqa hakim təyin olunacaq və bundan sonra proses davam edəcək: “Hələlik, işin hansı hakimə veriləcəyi aydınlaşmayıb”.

Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının 2008-ci ildə həbs olunmuş rəhbəri Zal Yusifovun 81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il cəza almış Zal Yusifovun əmlakının müsadirə edilməsi barədə qərar qəbul edilib. Sonradan Zal Yusifovun atası Zakir Yusifov şikayət verərək bildirib ki, əmlaklar guya oğluna yox, onun özünə məxsusdur. Bununla bağlı Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrlik etdiyi kollegiya Zakir Yusifovun şikayətini təmin edib. Hakimlər müsadirə olunacaq əmlakla bağlı məsələni apelyasiya instansiyasına qaytarıblar.