backend

Sənətçilər banklara olan borclarından danışdılar: "10 min pul ödəməliyəm"

Sənətçilər banklara olan borclarından danışdılar: "10 min pul ödəməliyəm"




Dolların 50 %-ə qədər bahalaşması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Sadə vətəndaşlarla yanaşı, sənətçilər də devalvasiyaya münasibət bildirərək banklara dollarla kredit borcları olduğunu bildiriblər. Bahalı maşınları, lüks evləri ilə gündəmə gələn bəzi məşhurlar əslində bu şəraiti kredit hesabına qururlar.

Bunu nəzərə alaraq Musavat.com saytı şou-biznes nümayəndələri arasında sorğu keçirib. Onlardan banklara nə qədər və hansı məzənnə ilə kredit borcları olduğunu soruşub.

Əməkdar artist Lalə Məmmədova iki banka dollarla kredit borcu olduğunu bildirdi: ""Onlar" verilişinə bir neçə gün öncə banka borcum olması haqda açıqlama vermişdim. Süjet yayımlandıqdan sonra təsadüfən dollar bahalaşdı. müsahibəni verəndə bilmirdim ki, dollar bahalaşacaq. Mənim sözlərim axıra qədər getməyib, montaj olunub, fikirlər qırıq-qırıq, tamamlanmamış yayımlanıb. Proqramlar 2-3 dəqiqəlik süjet yığmaq üçün müsahibəni kəsməli olurlar, onları da anlayıram. Açıqlamam cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Mən bank borcumu ağlamaq üçün deməmişəm. Azərbaycanın 80-90% vətəndaşının kredit borcu var. Sadəcə, tamaşaçılara demək istəyirdim ki, onlar bizi zirvələrdə görürlər, amma bizim də problemlərimiz var. Mən kiminsə bəhsinə tez-tez avtomobil dəyişmirəm. Dolların qalxması məni çox narahat edir, tək qadınam, iki övlad böyüdürəm. Onların xərclərini mən çəkirəm. Azərbaycanda dövlətdən alınan maaşla bahalaşmanın qarşısında tab gətirmək olmayacaq, bir çox ailələr əziyyət çəkəcək. Bu arzuolunmaz haldır. İllərdir ki, dövlətimiz dolların məzənnəsinin dəyişməsini nəzarətdə saxlayırdı. İndi isə dolların bu qədər artması məni narahat edir. Bilmirəm ki, axırımız necə olacaq. Mənim kredit borclarım dollarladır, iki dəfə iflasa uğramışam. Kreditim mənim götürdüyüm məzənnədən iki dəfə çox artıb. Dövlət maaşı ilə dolanan insanlara çox çətin olacaq, istəməzdik belə olsun. Aldığımız maaşla marketlərə giriləsi deyil. Orta maaşla evin iki həftəlik bazarlığını etmək olmur".

Əməkdar artist Nicat Kazımov banka borcu olmadığını qeyd etdi: "Mənim banklara borcum yoxdur. Çünki borc almaqdan da, verməkdən də zəhləm gedir. Dollarım yoxdur. Devalvasiya ilə bağlı heç nə deyə bilmərəm".

Müğənni İlhamə Qasımova da banka borcu olmayan məşhurlardandır: "Nə pulum, nə banka borcum var. Hələ dolların bahalaşması mənə təsir etməyib. Bahalaşmanı mağazalara alış-verişə gedəndə hiss edəcəm. Pulum yox idi ki, dəyərdən düşdüyünüə üzülüm. sosial şəbəkələrdə hər kəs şokda idi. Mən isə hələ devalvasiyanı başa düşməmişəm.

Teleaparıcı Şəhriyar Əbilov isə bildirdi ki, banka milli valyuta ilə borcu var: "Banka 10 min manat kredit borcum var. Yaxşı ki, kreditim dollar ilə deyil. bu məsələlər haqda danışmağı sevmirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq, dolların məzənnəsi düşəcək. Yoxsa insanlarımızın vəziyyəti pis olacaq".

Rəqqasə Oksana Rəsulova isə borcları haqda danışmaq istəmədi: "Dolların bahalaşması məni çox üzdü. Devalvasiya hər birimizin həyatına mənfi təsir edəcək. dolların bahalaşması bir çox işlərimi ləngidəcək. Banka borcum olub-olmadığına gəldikdə isə deyə bilərəm ki, banka borcum var. Amma bu haqda danışmaq istəmirəm. Borc şəxsi məsələdir".