backend

Vüqar Bayramovdan anti-böhran paketi: Hansı tədbirlər görülməlidir?

Vüqar Bayramovdan anti-böhran paketi: Hansı tədbirlər görülməlidir?






Manatın ikinci dəfə kəskin devalvasiyaya uğramasından sonra ölkədə iqtisadi böhran pik həddə çatıb. Əhali hökumətin hansı addımlar atacağını gözləməkdədir. Böhranın aradan qaldırılması istiqamətində görüləcək tədbirlərlə bağlı müzakirələr gedir.

İqtisadçı alim Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında anti-böhran təklifləri irəli sürüb: “Əslində, Mərkəzi Bankın üzən valyuta siyasətinə keçəcəyi gözlənilən idi. Sadəcə burada zamanın seçilməsi müzakirə oluna bilərdi və bu da dartışılırdı. Son bir ildə 12 milyard dollardan çox xarici valuta rezervlerini itirən Mərkəzi Bank ya sərəncamındakı 5 milyard dollarının da bazarda əriməsini gözləyərək bir neçə aydan sonra yeni məzənnə siyasətinə qədəm qoymalı idi, ya da bunu daha tez etməklə əlində tənzimləmə üçün kiçik də olsa rıçaqlar saxlamalı idi. Nəticə təbii ki, eyni olacaqdı: manat dəyər itirəcəkdi. Ötən həftə televiziya kanallarımızın birində əsas ticarət tərəfdaşlarımızda mövcud məzənnə səviyyələrini nəzərə almaqla Mərkəzi Bankın üzən valyuta siyasətinə keçəyi təqdirdə dəyər itirəcəyini deyəndə iqtisadçı dostlarımızdan biri, yumşaq desək, məni ittiham etdi. Amma bu reallıq idi: üzən valyuta rejimi manatın məzənnəsinin aşağı düşməsini şərtləndirməli idi. Əvvəlki müsahibələrimizdə də o cümlədən dekabrın əvvəlində dərc edilən açıqlamalarımızda üzən məzənnə siyasətinə keçidin qaçılmaz olduğunu və bunun da milli valyutanın məzənnəsinin azaldacağını demişdim. Gözlənilən oldu və artıq manatın məzənnəsi sərbəst buraxıldı”.

Ekspert vurğuladı ki, indiki məqamda ən çox müzakirə edilən məsələ manatın kəskin dəyər itirməsinin mənfi nəticələrinin azaldılmasıdır və bunun üçün bir çox addımların atılmnasına ehtiyac var: “Bank və kreditləşmə sektorunda xarici valyuta, xüsusən də dollar ilə götürülən kreditlər üçün yeni mexanizmlərin hazırlanması və tətbiq edilməsi lazımdır. Bunun üçün Mərkəzi Bank ya manatla artan xərcin bir hissəsini kompensasiya etməlidir, ya da qlobal maliyyə böhranından sonra Rusiyada olduğu üçün xarici valyutada olan kreditlərin ödənilməsi üçün uzunmüddətli güzəşt müddəti müəyyənləşdirməlidir.
21 fevral develvasiyadan öncə dollar ilə kredit götürənlərin manat ilə əlavə xərci 2 dəfə, bu ilki iki develvasiya arasındakı müddət kredit alanların xərci 48 faiz artıb. Bu isə o deməkdir ki, bu ilin yanvar ayında 10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə indi əsas məbləğ faizlər hesablanmadan 15 550 manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 7700 manat fərq var. Deməli, dollar ilə kredit götürən şəxslərin ödəmə qabliyyətlərinin azalması gözləniləndir. Belə olan halda isə Mərkəzi Bankın məzənnə fərqindən yarana xərcin bir hissəsini kompensasiya etməsi olduqca vacibdir. Əks halda bankların cüzi faiz azaltmaları və müddəti uzatması bu sahədəki çətinliklərin aradan qaldırılmasına imkan verəcək. Digər tərəfdən, qlobal maliyyə böhranından sonra Rusiya Fedrasiyasında olduğu kimi Azərbaycan Mərkəzi Bank dolla ilə krediti olan vətəndaşlar üçün uzunmüddətli güzəşt müddəti təyin etməklə bunun müqabilində bankları vəsaitlə təmin edə bilər. Problemin həllinin bankların üzərin atılması doğru yanaşma olmayacaq. Çünki hələ də banklar öz daxili resursları hesabına ciddi güzəştlər və ya faiz endirimləri təklif etməkdə maraqlı görsənmirlər. Ona görə də, hökumətin kredit götürənlərin xərclərinin kompensiyasına hesablanan kompleks tədbirlərin görülməsinə ehtiyac var”.

Vüqar Bayramov qeyd etdi ki, bu istiqamətdə ikinci addım banklarda manatla olan əmanətlərin manatın əvvəlki kursa indeksasiyasının həyata keçirilməsidir: “Hal-hazırda banklarda olan 7 milyard manatlıq əmanətin 20 faizi milli valyutadadır. Bu isə o deməkdir ki, 1.4 milyard manatlıq əmanətin dollar ifadəsində dəyəri 48 faiz azalıb. Əmanətləri indeksasiya edən Qazaxıstanda olduğu kimi Azərbaycan Mərkəzi Bankı da milli valyuta ilə olan əmanətlərin indeksasiyası mexanizmi tətbiq etməsi zəruridir. Bununla banklardan əmanətlərin kütləvi götürülməsinin qarşısının alınması mümkündür.
Həmçinin bankların likvidliyinin qorunması üçün sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi də önəmlidir. Manatın dəyər itirməsi bir tərəfdən bankların problemli kreditlərinin həcmini artıracaq, digər tərəfdən isə xarici borc öhdəliklərini manat ifadəsinə yüksəldəcək. Bu baxımdan, Mərkəzi Bank kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanlarını genişləndirməklə onların güzəştli kreditlər ilə təmini həyata keçirməlidir ki, “kövrək bankların” müflişləşməsinin qarşısını ala bilsin”.
Vüqar Bayramov müxtəlif sahələrdə böhranın təsirlərinin aradan qaldırılması üçün də təkliflər irəli sürüb:

Sosial sferada

- Proqnozlaşdırılan yeni real infilyasiya səviyyəsinə uyğun olaraq əmək haqqı, pensiya və təqaüdlərin indeksasiyasının həyata keçirilməsi. Manatın dəyər itirməsi idxal olunan malların qiymətinin yüksəlməsi hesabına yeni qiymət artımları gələn il infilyasıyanı ikirəqəmli edəcək. Əmək haqqlarının inflyasiya tərəfindən yeyilməsinin qarşısının alınması üçün əmək haqqlarının indeksasiyasi sisteminin hazırlanıb tətbiq edilməsinə ehtiyac var;
- Bütün prioritet sosial layihələr üzrə indeksasiya sisteminin hazırlanıb tətbiq edilməsinin reallaşması;
- Milli valyutanın dəyərsizləşməsi səbəbindən manatla təklif edilın sosial ipoteka kreditləri üzrə maksimum məbləğin artırılması və faizlərin optimallaşdırılması.
İxrac potensialının artırılması
- Qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün üçün xarici ticarətdə bütün süni baryerlərin və inhisarçılığın aradan qaldırılması. Üzən valyuta rejimində manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılı olaraq müəyyənləşir. Ölkəyə daxil olan xarici valyutanın artması dollar təklifini artıraraq manata təzyiqi azalda bilər. İndiki vəziyyətdə Azərbaycana daxil olan xarici valyutanın həcminin artırılması birbaşa xarici ticarətdəki baryerlərin aradan qaldırılmasından asılıdır;

- Ölkənin ixrac potensialının artırılması üçün Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünün sürətlənməsi. Adıçəkilən təşkilata üzvlük ölkəmizin xarici ticarət dövriyyəsinin liberallaşmasına və Azərbaycanda daxil olan xarici valyutanın həcminin artırılmasına gətirib çıxar bilər;

- Xarici ticarət xidmətlərinin ASAN xidmətə verilməsi prosesinin sürətləndirilməsi və idxal-ixrac əməliyyatlarında elektronlaşmasının genişləndirilməsi.

Struktur islahatları sahəsində

- Bir-birini təkrarlayan qurumların ləğv edilməsi və dövlət qurumlarının birləşdirilməsi prosesinin sürətləndirilməsi. Dövlət qurumlarının sayının azaldılması dövlət xərclərinə qənaət edilməsinə səbəb olmaqla idarəetmə çevikliyinin artmaslna gətirib çıxaracaq. Bu da pul dövriyyəsinə birbaşa təsir göstərəcək;
- Dövlət büdcəsinin xərclər hissəsinin təsnifləşdirilməsinin təkmilləşdirilməsi və xərcləmələr üzrə yeni mexanizmlərinin işlənilib hazırlanması və tətbiqi;
- Dolayı subsidiya mexanizminin optimallaşdırılması və minimumlaşdırılması.

Sahibkarlıq sektorunda

- Sahibkarlığın inkişafına maneə olan süni baryerlərin və müdaxilələrin aradan qaldırılması;
- Xarici ticarətdə inhisar və monopoliyanın tamamilə aradan qaldırılması;
- Sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi və bu sahədə şəffaflığın gücləndirilməsi;
- Fermerlər daxil olmaqla müxtəlif həssas sahibkarlıq subyektlərinə güzəştli maliyyə yardımlarının verilməsi mexanizminin təkmilləşdirilməsi;
- Sahibkarların bazar çıxışdakı bütün süni baryerlərin aradan qaldırılması;
- Qeyri-neft ixracatında subsidiya mexanizminin tətbiq edilməsi.

İstehlak bazarında

- İdxal olunan məhsullar üzrə dollar və manat xərc seqementlərinin müəyyənləşdirilməsi və yalnız xarici valyutada ifadə olunan xərc artımının qiymətə transfer olunmasına nəzarətin gücləndirilməsi;
- Starteji ərzaq məhsulları üzrə qiymətlərin tənzimlənməsi məsələsinin optimallaşdırılması;
- Süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi və monitorinqlərin əhatə dairəsinin genişləndirilməsi.


Dəyərləndirmələrimiz göstərir ki, qeyd edilən təkliflərin reallaşması istehlak bazarında qiymətlərin tənzimlənməsi, əhalinin gəlirlərində real artımın qorunması, qeyri-neft ixracatının stimullaşdırılması, ölkəyə daxil olan xarici valyutanın həcminin artırılması kimi istiqamətlərdə daha yüksək uğurlara nail olmağa imkan verməklədə üzən məzənnə siyasətinin mənfi təsirlərini minimumlaşdırmağa imkan verə bilər.