backend

Böyük Siyasətdə Yeni Lider – İlham Heydər oğlu Əliyev

1961 -ci il dekabrın 24-də Bakı şəhərində böyük siyasi xadim Heydər Əliyevin ailəsində dünyaya gələn İlham Heydər oğlu Əliyev 1967 -1977- ci illərdə Bakıda orta məktəbində oxuduqdan sonra 1977 -1982 – ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil almışdı. 1985 – ci ildə tarix elmlər namizədi alimlik dərəcəsi almış İlham Əliyev Moskvada təhsil aldığı institutda 1985 -1990 – cı illərdə müəllim işləmişdir. 1991 -1994 – cü illərdə Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş İlham Əliyev 1994 – cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse- prezidenti, 1997 – ci ildən birinci vitse -prezidenti olmuşdur. O, Heydər Əliyevin neft strategiyasının həyata keçrilməsində fəal iştirak etmiş və suveren Azərbaycanın neft siyasətinin geosiyası aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifi olmaqla yanaşı Siyasi elmlər doktorudur. 1995 – ci və 2000 – ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş İlham Əliyev deputat olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir.

Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmiş və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirən İlham Əliyev az vaxt içərisində Azərbaycanda idmanı ayağa qaldırmış və dünya şöhrəti qazandırmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl böyük siyasi qələbəsidir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilən İlham Əliyev 1997 – ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti, 1999 – cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001 – ci ildə sədrin birinci müavini, 2005-ci ildə partiyanın sədri seçilmiş, 2001-2003- cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.

Azərbaycan parlamentarilərinin Avropa Şurasında əldə etmiş olduğu ən böyük nailiyyətlərindən biri də 2003 – cü ilin yanvar sessiyasında İlham Əliyevin yekdilliklə AŞPA -nın vitse – prezidenti və qurumun Büro üzvü seçilməsi oldu. İlham Əliyev Azərbaycan dövlətçilik tarixində belə bir mötəbər təşkilatın rəhbər orqanlarına seçilən ilk siyasətçimizdir. İlham Əliyev AŞPA – nın sessiyalarında dəfələrlə Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu bəyan etmiş, onun işğal etdiyi Dağlıq Qarabağ, eləcə də digər Azərbaycan ərazilərindən narkotik maddələrin qanunsuz istifadəsini ifşa etmiş və Cənub – Şərqi Avropada qeyri – sabitlyin əsas günahkarlarından birinin işğalçı Ermənistan olduğunu faktlarla əsaslandırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkələrin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüşdür. O, 2004 – cü ilin fevralında BOK – un (Beynəlxalq Olimpiya Komitəsi ) Afinada keçrilmiş iclasında Azərbaycan MOK – un (Milli Olimpiya Komitəsi ) prezidenti kimi Olimpiya hərəkatında görkəmli xidmətlərinə görə BOK – un “Olimpiya ləyaqəti” ali mükafatına layiq görülmüş və həmin ilin aprelində AŞPA – nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA – nın fəxri üzvü, diplomu və medalı ilə təltif edilmişdir.

Bundan sonra ümummilli liderin xatirəsini əbədiləşdirmək üçün Respublikanın Milli Məclisi 2005 – ci ilin aprelində “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında qanun qəbul etmiş və bu ordenlə ilk dəfə Prezident İlham Əliyev və türk dünyasının görkəmli şəxsiyyəti İhsan Doğramaçı təltif olundular.

2003 – cü ilin avqustun 4 – də 42 yaşında Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışan İlham Əliyev 2003 – cü il oktyabrın 15 – də və 2008 – ci il oktyabrın 15- də keçirilən prezident seçkilərində parlaq qələbə qazanaraq (2003- cü ildə seçkilərdə seçicilərin 76 % dən çox, 2008 – ci ildə isə seçicilərin 88, 73 % səsini qazanmışdır) xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2003 – cü ilin prezident seçkilərində ölkə başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın inkişafı üçün ölkədə Heydər Əliyev yolunun davam etdirilməsinin vacib olduğunu bildirərək bəyan etmişdir. “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin amanlığa, tərəqqiyə, inkişafa , quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.

Hələ 2003 – cü il dekabrın 1 – də xalqına ünvanladığı Müraciətdə “… mənim hələ tamamlanmamış çox perspektivli planlarım var ” yazan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qarşısında duran son xidmətini də göstərmiş, bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi barədə demişdir:

,,İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin siyasi və iqtisadi inkişafı daha da sürətlənmiş, yeni-yeni uğurlara imza atılmışdır. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004 -2008 -ci illərdə “Azərbaycan Respublikası regionlarının sosial – iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Ölkə Prezidenti həmçinin “Naxçıvan Muxtar Respublikasının 80 – illik yubileyinin keçirilməsi haqqında ” 2004 – cü il 9 fevral tarixli sərəncam imzalamışdır.

Sərəncamda Naxçıvan Muxtar Respublikasına muxtariyyət statusunun verilməsini yüksək qiymətləndirən İlham Əliyev 2004 – cü il mayın 12 -14- də və sentyabrın 2- də muxtar respublikanın yubiley şənliklərində iştirak etmişdir. Bundan sonra İlham Əliyevin təşəbbüsü ilə Bakı -Tbilisi- Ərzurum qaz boru kəməri layihəsinin inşasına 2004 – cü ildə başlanmış və 2006 – cı ildə başa çatdırılmışdır.

Onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən xeyli sayda bədii nəşrlərin oxucuların istifadəsinə verilməsi, həmçinin Prezident İlham Əliyevin “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında ” və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”na (2005-2007-ci illər) dair 2004-cü il 21 avqust tarixində imzaladığı sərəncamlar, Azərbaycanda elmi islahatların aparılması ilə bağlı 2009-cu il mayın 4-də “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanin həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərinin dəfələrlə artırılması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il aprelin 13-15 də Türkiyəyə rəsmi səfəri Türkiyə-Azərbaycan əlaqələrinin inkişafinda mühüm rol oynadı. Səfər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında birgə bəyanat və bir sıra sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün sənədlər imzalandı. 2004-cü ildə Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu açıldı. Prezident İlham Əliyevin 2005-ci il yanvarın 24-26-da İrana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında öz müsbət təsirini göstərdi. 2004-cü il martın 4-5-də Gürcüstan Prezidenti M.Saakaşvilinin Bakıya rəsmi səfəri zamanı “Azərbaycan Respublikasının və Gürcüstanın birgə bəyannaməsi”, “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”, ,,Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş” imzalandı. 2004-cü ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı ikitərəfli münasibətlər müzakirə olunaraq dövlətlərarası münasibətlərə dair bir sıra problemlər üzrə razılıq əldə olundu. 2006-cı il aprelin 25-28-də Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri oldu. Həmin il iyunun 19-da ölkə həyatında mühüm hadisə baş verdi. Bakıda İslam Konfransı Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin sessiyası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya Azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun və lobbisinin yaradılması məsələlərinə xüsusi diqqət yetirir və bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edir. Bununla əlaqədar Prezidentin 2006-cı il fevralın 8-də imzaladığı sərəncamına əsasən 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının 2-ci qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım oldu.

Qurultayın işində Avropa, Amerika, Avstraliya, Asiya qitələrinin 49 ölkəsindən 1218 nümayəndə və 338 qonaq iştirak etmişdir. Yüksək səviyyədə keçən qurultayda Prezident İlham Əliyev nitq söyləyərək demişdir: “Azərbaycan xalqı böyük xalqdır.

Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir vətəni var – Azərbaycan. Çalışmalıyıq ki, doğma vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.”

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin mart ayının 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I – ci forumu keçirildi. Forumda ölkə Prezidenti ilə yanaşı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Forumda dünya ölkələrindəki türk və Azərbaycan diasporlarının birlikdə fəaliyyət göstərmələri, Azərbaycan və Türkiyəyə qarşı hər hansı bir neqativ məsələnin qaldrılmasına ani reaksiyanın verilməsi qərara alındı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011 – ci il yanvarın 21 – də imzaladığı Sərəncama uyğun olaraq, 2011 – ci il iyulun 5 – də Bakı şəhərində Dünya azərbaycanlılarının III Qurultayı keçirilmişdir. Qurultayda geniş və məzmunlu nitq söyləyən Pezident İlham Əliyev onun əhəmiyyətini qeyd edərək demişdir :”Xaricdə yaşayan Azərbaycanlıların üçüncü qurultayı çox əlamətdar hadisədir. İlk növbədə ona görə ki, yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm bütün dünyaya göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir”. Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi artıq bir ənənəyə çevrilmişdir.

Bu ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki , Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda I Qurultayı keçirilmiş, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm tarixi qərarlar qəbul edilmişdir. Ulu öndərin varisi olan cənab İlham Əliyev dünya miqyasında qəbul olunan siyasətçidir. Buna görə də Azərbaycan beynəlxalq aləmdə söz sahibidir. Əksər ölkələr tərəfindən Azərbaycanın uğurları dəstəklənir. Ölkə başçısının fəaliyyəti nəticəsində Azərbaycan getdikcə dünyada daha möhkəm mövqeyə sahib olur, onun beynəlxalq nüfuzu möhkəmlənir. Məhz 2011-ci ilin oktyabr ayında Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri – daimi üzv seçilməsi dövlət başçısının həyata keçirdiyi siyasətin daha bir böyük uğurudur. Ölkəmizin bu qələbəsi Azərbaycan Prezidentinin şəxsi iradəsi, qətiyyəti nəticəsində mümkün olmuşdur.

Həmin qələbə sübut etmişdir ki, 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yer tuta bilmiş, həm də dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazanmışdır.

Keçən əsrin 70-80-ci illərində Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirib müstəqil dövlətə çevirən ulu öndərimizin məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq idisə, cənab İlham Əliyevin amalı isə əldə edilmiş müstəqilliyi qorumaq və möhkəmləndirməkdir. Prezident İlham Əliyev müstəqil dövlətlərin fəaliyyətinə dəyər verərək deyirdi: ,,Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir… O ölkələr dünyada özünə layiqli yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın – nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir”.

Cənab İlham Əliyev XXI-əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, yeni istiqamətlər açan, yolgöstərən görkəmli siyasi liderdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük siyasətinin əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçmiş, böyük siyasətdə yüksək idarəçiliyi özündə cəmləşdirən İlham Əliyev kimi görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır. Dövlət başçısı çıxışlarında dəfələrlə bildirib ki, əldə olunan uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Bu siyasi kursun davam olunmasının təmin edilməsi Azərbaycanın hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

Hacı Məhərrəm Novruzov,
Qurtulus 93 Yasayıs Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov