backend

Kərəm Mustafayevin Eldar Mahmudovla əlaqələri yoxlanılır?!

Kərəm Mustafayevin Eldar Mahmudovla əlaqələri yoxlanılır?!




MN generalın həbsini təkzib edir, amma onun qardaşı barədə məlumatlar inkar edilmir
Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin, onun qardaşı Nemət Mustafayevin həbs edildiyi barədə xəbərlərə Müdafiə Nazirliyindən münasibət açıqlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, general-leytenant K.Mustafayevlə bağlı yayılan xəbərin heç bir əsası yoxdur.

Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin ətrafında hansısa xoşagəlməz proseslərin getdiyi haqda ilk dəfə Azpolitika.info saytı məlumat yayıb. Belə ki, ləğv olunmuş Naxçıvan MR MTN-in rəhbəri, general-leytenant Vəli Ələsgərovun vəzifəsindən uzaqlaşdırılması və nəzarət altına alınması barədə xəbər yayılandan dərhal sonra K.Mustafayevin qardaşının həbsi barədə də məlumatlar yayılmağa başladı.

Bu xəbərlərdən belə anlaşılırdı ki, Mustafayevlərin V.Ələsgərov vasitəsi ilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxınlıqları, əlaqələri olub. Ehtimal edilirdi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ən etibarlı adamlarından biri hesab olunan K.Mustafayev tezliklə vəzifəsini itirəcək. Müdafiə Nazirliyinin yaydığı son məlumatda K.Mustafayevin barəsindəki xəbər təkzib olunur. Amma onun qardaşı haqda xəbər təkzib olunmur.

K.Mustafayevin qardaşının külli miqdarda yeyintiyə görə saxlanıldığı haqda məlumatlar bu günə qədər təkzib olunmayıb. “Yeni Müsavat”a daxil olan məlumatda deyilirdi ki, Nemət Mustafayevin həbs edilməsinin səbəbi tikinti sektorunda yol verdiyi külli miqdarda yeyintidir. Naxçıvanda olan hərbi hissələrdəki bütün tikinti işlərinə K.Mustafayevin qardaşı nəzarət edib. Nemət Mustafayevin nəzarət etdiyi tikinti işlərində ciddi yeyinti halları aşkarlanıb.
“MTN işi” Naxçıvana çatandan sonra N.Mustafayevin saxlanılması təsadüfidir?

Məgər N.Mustafayevin həbsinə əsas verən faktlar - tikintidəki yeyintilər bu günün işidir?

Dövlətin vəsaiti hesabına tikilən və tikilməkdə olan obyektlərin inşası zamanı mənimsəmələrin az qala qanunauyğunluq olduğu bir vaxtda Ali Məclis sədrinə yaxınlığı ilə seçilən generalın qardaşının istintaqa cəlb olunması sıradan hadisə deyil. Belə görünür ki, gizli yoxlamalar, araşdırmalar gedir. Nəticədə K.Mustafayevlə bağlı əldə olan tutarlı faktlar əsasında qəti qərar veriləcək. Hələliksə K.Mustafayev vəzifəsindədir, onun qardaşı isə həbsdə saxlanır.

Bu arada Azpolitika.info Naxçıvandakı mənbələrinə istinadən yazır ki, Kərəm Mustafayevi uzun illərdir yaşadığı evdən çıxarıblar. Məlumata görə, general uzun illərdir Naxçıvan şəhərində yerləşən keçmiş “Qələbə” otelində yaşayırmış. Lakin bu günlərdə ordan çıxarılıb.
Bundan başqa, K.Mustafayevin oğlu ilə bağlı gizli skandal yaşandığı haqda da məlumatlar var. Belə ki, gənc Mustafayevin əlində silah, qızların əhatəsində çəkdirdiyi fotonun sosial şəbəkəyə yerləşdirildiyi və bunun MR rəhbərliyini möhkəm qəzəbləndirdiyi haqda iddialar var.