backend

Firəngiz Mütəllimova: “Çox ağır il oldu...”

Firəngiz Mütəllimova: “Çox ağır il oldu...”




“2015-ci il mədəniyyətimiz üçün çox ağır il oldu. Mədəniyyətimizin ən gözəl inciləri bir-bir dünyasını dəyişdi”.

Bu sözləri xalq artisti Firəngiz Mütəllimova “Yeni Müsavat”a açıqlamasında bildirib. Aktrisa eyni zamanda bu il yaradıcılığında elə bir irəliləyiş olmadığını da deyib:
“Səhhətimdəki problemlərlə əlaqədar bu il yalnız repertuarda olan tamaşaları oynadım. 2013-cü ildə beyin əməliyyatı keçirmişdim, ona görə bu il bir qədər narahatlıq keçirdim. Amma Allaha şükür ki, onlar artıq geridə qaldı, hər şey yaxşdır.

Geridə qoyduğumuz 2015-ci il digər azərbaycanlı vətəndaşlar kimi mənim də yaddaşımda yanğınlarla qaldı. Paytaxtdakı çoxmərtəbəli binada və “Günəşli” neft yatağında baş verən faciələr zamanı özümü faciə qurbanı olanların ailələrinin yanında hiss edirdim.
2015-ci il mədəniyyətimiz üçün də çox ağır il oldu. Mədəniyyətimizin ən gözəl inciləri bir-bir dünyasını dəyişdi. Onların arasında İlham Əsgər, Nuriyyə Əhmədova, Gülnar Salmanova da var. Xüsusilə eyni qrupda tələbə yoldaşım olmuş İlham Əsgərin vaxtsız dünyasını dəyişməsi mənə çox pis təsir etdi”.

Firəngiz Mütəllimova yeni il arzularını da dilə gətirib:
“Mən 20 Yanvar faciəsi yaşamışam. Həmin dövrlərdə fövqəladə vəziyyət rejimi hökm sürürdü, işıqsız, qazsız, susuz, informasiyadan uzaq yaşayırdıq, evdən kənara çıxa bilmirdik. Bu günə min şükür. İnşallah, 2016-cı ildə hər şey daha yaxşı olar.
Tanrı yeni ildə bütün insanlara, o cümlədən aktyorlara can sağlığı versin, bir daha itkilərimiz olmasın. Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq, işğal altındakı torpaqlarımızın azad olmasını arzulayır, hər kəsə səbr və təmkin diləyirəm”.