backend

Türkiyədəki kürd lideri Moskvadan silah istədi

Türkiyədəki kürd lideri Moskvadan silah istədi


Türkiyə kürdlərinin Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaşın Rusiyaya etdiyi səfərinin bəzi təfərrüatları məlum olub.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, HDP lideri Dəmirtaşın Moskva səfərində Rusiya xarici işlər naziri Sergey Lavrovdan, PKK üçün AT-14 markalı tank əleyhinə raket istədiyi ortaya çıxıb.

Dəmirtaşın Türkiyəni ayağa qaldıran ziyarətindən sonra, Lavrovun "Türkiyədə kürdlərin hər sahədə həyata keçirdiyi azadlıq hərəkatını dəstəkləyirik və dəstəkləməyə də davam edəcəyik. Daha əhatəli əməkdaşlıq edə bilərik. Partiyanızı və fikirlərini dəstəkləməyə davam edəcəyik” formasında verdiyi açıqlamasının fonunda başqa mövzuların da müzakirə edildiyi və bəzi qərarların qəbul edildiyi məlum olub.

Lavrov- Dəmirtaş görüşməsi zamanı Rusiya mətbuatı “Rusiya Ərdoğanın altına bomba yerləşdirir” başlıqlı xəbərlər yazaraq, bu görüşmənin iki ölkə arasındakı münasibətlərin tamamən kəsilməsinə səbəb olacağı barədə xəbərlər yaymışdı.

Dəmirtaşın Lavrovdan istədiyi AT-14 silahı 27 kq ağırlığa sahibdir və bu silah 5 km uzaqlıqdan hədəfi vura, hətta İsrailin "Merkava" tanklarını belə zərərsizləşdirə bilir.

Həmin hərbi texnika hazırda Yunanıstan, Cənubi Koreya, Suriya, Rusiya, İran və Hindistan orduları tərəfindən istifadə edilir.

Silahdan 2003-cü ildə İraq müharibəsində də istifadə edilib. Amerika Birləşmiş Ştatlarının "M1 Abrams" tanklarını da zərərsizləşdirə bilən bu silahların Hizbullah qruplaşmasında olduğu da iddia edilir.

Xatırladaq ki, S. Dəmirtaş dekabr ayının 23-də Rusiyaya səfər edib. Moskvada bir sıra görüşlər keçirən HDP sədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Görüş öncəsi mətbuata açıqlama verən nazir İŞİD-ə qarşı mübarizə aparan qüvvələrlə aktiv əməkdaşlıq edəcəklərini açıqlayıb: "Kürdlər yaşamaq hüququ üçün mübarizə aparırlar. İraq və Suriya kürdləri İraq və Suriya orduları ilə birlikdə hərəkət edirlər və öz torpaqlarını qorumaq üçün mübarizə aparırlar".

Lavrov ayrıca Moskva hakimiyyətinin HDP-nin Suriya mövzusundakı fikirlərini də dəyərləndirəcəyini bildirib.