backend

İntiqam Əliyevin şikayətinə baxacaq

İntiqam Əliyevin şikayətinə baxacaq




Ali Məhkəmə yanvarın 26-da həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin kassasiya şikayətinə baxacaq.

Bu barədə Turan-a vəkil Şəhla Hümbətova məlumat verib və bildirib ki, prosesdə İntiqam Əliyev də iştirak edəcək.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. 2015-ci il aprelin 22-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

Vəkil bildirib ki, Ali Məhkəmə kassasiya şikayətini təmin etməsə, Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.

Xatırladaq ki, 2015-ci ildə İntiqam Əliyevin ilkin həbsinin qanusuz olması və işgəncəyə məruz qalması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib.

Bu şikayət üzrə kommunikasiya artıq başa çatıb.

“Amnesty International” təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.