backend

Öldürülən “Qızıl Məryəm”in mağazası bağlandı: Evdən çoxlu qızıl və nəğd pul aparılıb - FOTOLAR

Öldürülən “Qızıl Məryəm”in mağazası bağlandı: Evdən çoxlu qızıl və nəğd pul aparılıb - FOTOLAR




Yanvarın 5-də yaşadığı mənzildə amansızlıqla qətlə yetirilən qızıl və ziynət əşyalarının satışı ilə məşğul olan Məryəm Namidzadənin Mərkəzi Univermaqdakı (MUM) mağazası bağlanıb.

Musavat.com-un əməkdaşı bu gün Mərkəzi Univermaqda olub. Xanım sahibkara məxsus “Zəhra jewellery” mağazası dünən Baş Prokurorluq əməkdaşları tərəfindən bağlanılıb və möhürlənib.

Qonşu mağazalarda çalışanların dediyinə görə, hadisənin baş verdiyi gün - yanvarın 5-də polis və prokuroluq əməkdaşları mağazaya gəliblər. Mağazada Məryəm Namidzadənin satıcısı da olub. Və prokurorluq əməkdaşları mağazanı möhürləyiblər.

Hazırda mağazanın vitrinlərinə qızıl güllər düzülüb. Ticarət mərkəzindəki polis əməkdaşları mağazanın qarşısında növbə çəkirlər.

Çəkilişə icazə verilməsə də, sahibkar xanımı tanıyan qonşu mağazalarda çalışanlarla söhbət edə bildik.

Qonşuluqdakı qızıl mağazasının əməkdaşı deyir ki, M.Namidzadə ətrafında olan insanlarla şəxsi münasibətlərdə problemi olan şəxs olmayıb: “Məryəm xanımı bir neçə il idi tanıyırdım. İnsanlarla münasibətləri yaxşı idi. Düşünmürəm ki, kiminləsə şəxsi problemi olsun. Hər kəs kimi mən də düşünürəm ki, bu qarət məqsədi ilə törədilə biləcək bir cinayətdir. Məryəm xanım bura tez-tez gəlirdi. Burda bir satıcısı da var idi. Hadisədən bir gün əvvəl də gəlmişdi”.

Ticarət mərkəzində M.Namidzadə ilə ən yaxın münasibəti olan Şəlalə adlı qadının olduğu deyilir. Lakin o, işə gəlməmişdi. Onun M.Namidzadənin yas mərasimində iştirak etdiyi bildirilir.

Adının çəkilməsini istəməyən xanım satıcılardan biri isə hadisənin təsirindən hələ də çıxa bilmədiyini dedi: “Məryəm xanımı tanıyırdıq. Bizdən başqa da onu tanıyan xeyli insan var idi. Onun qızıl alışı və satışı ilə məşğul olduğunu bilənlər çox idi. Yəqin ki, buna görə də mənzilinə giriblər. Bu hadisədən sonra hamımız qorxuruq. Hər kəs ehtiyatlı gəzir. Xanım işçilər evə tək getməkdən ehtiyat edirlər. Əksər xanımlar burada satıcıdırlar. Maaşa işləyirlər. Amma kənardan baxan deyir ki, bəlkə bu qızılların hamısı bizimdir”.

MUM-da çalışan satıcılar qızıl və zinət əşyalarını hər gün evə aparmırlar. Onlar mallarını MUM-da olan şəxsi seyflərinə qoyurlar.

Qətlə yetirilən sahibkar xanımın evindən çoxlu zinət əşyalarının çıxması ilə bağlı deyilənlərlə bağlı işçilərin fikri belədir: “Burada çalışanların hər birinin öz müştəriləri var. Bəzən buradan evə mal aparırlar. Evdə və ya başqa yerdə müştəriyə göstərmək üçün... Məryəm xanımın da evində qızıl əşyaların çox olması normaldır. Şəxsi qızılları da ola bilər”.

Digər bir mağaza sahibi isə M.Namidzadə haqda mətbuatda yazılanlardan narazılığını dilə gətirdi: “Mətbuatda baxırsan ki, kim nə gəldi, yazır. Məryəm xanımı məşhur “Jewellery” mağazasının sahibəsi kimi göstəriblər. Bu, brend markadır. Jewellery sözünün mənası cəvahirat, qızıl, zinət deməkdir. Bu sözdən də buradakı mağazaların 90 faizində istifadə edilir. Elə Məryəm xanımın da mağazası “Zəhra Jewellery”dir. Bu mağazanın məşhur “Jewellery” mağazaları ilə heç bir əlaqəsi yoxdur. Bu qədər şişirtmək olmaz. Araşdırıb, sonra yazmaq lazımdır”.

Xatırladaq ki, 1960-cı il təvəllüdlü və “Qızıl Məryəm” kimi tanınan Məryəm Namidzadə Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanındakı mənzilində qətlə yetirilib. O, aldığı 43 bıçaq zərbəsi ilə dünyasını dəyişib. Mərhumun meyitini qızı Günel Hüseynova evə gələrkən aşkarlayıb.

Mənzildən küllü miqdarda nəğd pul və zinət əşyalarının aparıldığı deyilir. Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam edir.