backend

“Küçə ticarətinə qadağa yoxsulluğu artıra bilər” - Ekspert şərhi

“Küçə ticarətinə qadağa yoxsulluğu artıra bilər” - Ekspert şərhi




Azərbaycanda qanunsuz küçə ticarəti ilə məşğul olanlar məsuliyyətə cəlb olunacaq.

İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, bununla bağlı cəzalar tətbiq edilir. Yeni “Qanunsuz küçə ticarəti” adlı maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq.

Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Rəşad Həsənov bildirib ki, ölkənin hazırkı şəraitində bu addımın atılması müəyyən problemlərə səbəb olacaq:
“Son on ildə ölkədə küçə ticarətinin ləğv edilməsi istiqamətində müəyyən addımlar atılıb. Hazırda isə ötən on illə müqayisədə deyə bilərik ki, bu gün ən yaxşı halda 15 faiz küçə ticarəti qalıb. Bu müəyyən adamların ailəsini dolandırmaq üçün gəlir mənbəyi hesab olunurdu. Bu baxımdan hesab edirəm ki, hazırkı şəraitdə bu istiqamət üzrə addım atmaq o qədər də məqsədə uyğun deyil. Hazırda onsuz da ölkədə iş yerləri bağlanır, ixtisarlar gedir, sahibkarlar müflis olurlar. Adətən, böhran zamanı küçə ticarəti böyüməlidir. Mümkündür ki, bəlkə də hökumət bu istiqamət üzrə atılan addımlarla küçə ticarətində gözlənilən böyümənin qarşısını almağa cəhd göstərir. Ancaq normalda, indiki halda hökumət qarşısında yeganə prioritet olmalıdır ki, vətəndaş bu kimi fəaliyyətlərlə məşğul olub ailəsini dolandıra bilsin və onların dövlətdən sosial tələbləri azalsın. Eyni zamanda bu hal, hökumətin sosial xərclərinin də azalmasına gətirib çıxara bilər. Doğrudur, küçə ticarəti çox böyük sferanı əhatə etmir. Ancaq yenə də hazırkı şəraitdə bu addımın atılması, insanların yoxsulluğuna və işsizliyinə gətirib çıxara bilər”.