backend

Zibillikdə yaşayanlar və məmur özbaşınalığının qurbanları... -

Zibillikdə yaşayanlar və məmur özbaşınalığının qurbanları... -




Neft gəlirlərinin azalması nəticəsində bir çox layihələr təxirə salındı. Eləcə də paytaxt Bakıda yenidənqurma işləri ilə yanaşı, söküntü işləri də dayandı. Bakının qədim məhəlləsi olan “Sovetski”dəki söküntü bu layihələrdən ən böyüyü idi. Lakin bu layihə də başa çatdırılmadı. Yüzlərlə ev söküldü, köçürülmə prosesi aparıldı. “Sovetski” layihəsi yekunlaşmamış qaldı və sökülməsi nəzərdə tutulan, hətta evləri belə, siyahıya alınan digər qədim məhəllələrə növbə çatmadı.

Söküntüsü nəzərdə tutulan məhəllələrdən biri də “Sovetski” ilə qonşu olan “Kubinka” məhəlləsi idi. Qədim məhəllə bərbad vəziyyətdə olsa da, sakinlər səbrlə buradan köçürüləcəkləri günü gözləyirdilər. Lakin həmin naməlum köçürülmə tarixinin heç də yaxın müddətdə olmayacağı artıq məlum məsələdir. Hazırda “Kubinka”da həyat şəraitinin necə olması ilə maraqlanmaq üçün musavat.com-un əməkdaşı “qədim məhəllə”yə baş çəkib və sakinlərlə həmsöhbət olub.

İlk baxışda “Kubinka” dar küçələri, köhnə taxta konstrukiyadan qurulmuş xırda evləri, sakitliyin hökm sürdüyü küçələri ilə 90-cı illərin Bakısını xatırladır. Burada XXI əsrdə olduğunu unudursan. Addımbaşı divarlarda “Kubinka” ilə bağlı yazılara rast gəlmək olar. Sanki “Kubinka” camaatı bu məhəlləni xatirələrdə saxlamaq istəyir. Əsasən gənc nəslin əl işi olan bu yazılar onların “Kubinka” sevgisini, məhəllə təəssübkeşliyini biruzə verir: “Kubinka vor”, “Kubinka blatnoy”...

Məhəllənin kommunal problemlərinə gəlincə, vəziyyət hədsiz dərəcədə acınacaqlıdır. Kanalizasiya sisteminin bərbad vəziyyətdə olması qədim məhələnin ara yollarını pis vəziyyətə salıb. Addımbaşı kanalizasiya quyuları olsa da, yağış sularının gölməçələri hər küçədə qalmaqdadır. Ağzı açıq kanalizasiya quyuları isə nəqliyyat və piyadalar üçün böyük təhlükədir.

“Kubinka”nın ən qədim küçələrindən olan Abay küçəsindəyik. Kommunal problemlər, pərakəndə şəkildə aparılan söküntü işləri bu küçədə yaşayan sakinlərin üzlərində olan narazılığın əsas səbəbidir. Abay küçəsinin sakinləri düşdükləri durumdan heç də məmnun deyillər. Küçədə aparılmış söküntü işləri məhəlləni xarabalığa çevirib.

Abay küçəsinin sakini olan Qətibə adlı qadın sökülən evlərin xarabalıqları arasında yaşamaqdan, təhlükə, qorxu hissi keçirməkdən bezdiklərini dedi: “Təqribən 1 il olar ki, bu vəziyyətdəyik. Pərakəndə aparılan söküntü işləri küçəni keçilməz hala salıb. Hər tərəfimiz çirkab içindədir. Qonşuluqda olan bir neçə ailəni köçürdülər və mənzilləri sökdülər. Lakin söküntü zamanı verilən kompensasiya ilə razılaşmayanlar da oldu. Həmin ailələrin həyətləri söküntü qalıqlarından keçilməz oldu. Mənim evim 90 kvadratmetrə yaxındır. Lakin hesablayanda mənzili düzgün ölçmədilər. Bu səbəbdən də köçmədim. Evdə azyaşlı uşaqlar var, bayıra çıxmaq mümkün deyil. Söküntülərin altında it-pişik yuva qurub. Evdə zərərverici həşəratların əlindən yaşamaq mümkün deyil. Bu barədə “JEK”ə müraciət etsək də, “onsuz da bu ərazi köçürüləcək” cavabını verirlər. Bəs, burada yaşayanlar insan deyilmi?”

Adının çəkilməsini istəməyən məhəllə sakini isə köçürülmə ilə bağlı onlardan rüşvət tələb olunduğunu dedi: “Görüyünüz kimi, vəziyyətimiz acınacaqlıdır. Rütubət və üfunət iyindən evdə təmiz havanın necə olduğunu bilmirik. Pəncərəni açan kimi zibil tullantılarının iyi evə dolur. Yaxın binalarda və evlərdə yaşayan sakinlər tullantıları Abay küçəsinin söküntü qalıqları olan ərazisinə atırlar. Dəfələrlə bu barədə əraziyə baxan 59 saylı Mənzil İstismar Sahəsinin müdiri Ələsgər adlı şəxsə şikayətimizi bildirsək də, lakin heç bir nəticə olmayıb. Söküntü işlərini “JEK” rəisi Ələsgər apardığından bütün məsuliyyəti də o daşıyır. Hətta bu ərazidən köçürülmə siyahısına düşmək üçün 3-4 min manat rüşvət də istəyir. Yəni bu vəsaiti ödəsək, mənzil almaq üçün şans yaranacaq. Və yaxud kompensasiya veriləcək kimi vədlər edilir”.