backend

“Qızıl Məryəm”in ərinin döyüş yoldaşı: “25 il qabaq boşanmışdılar...”

“Qızıl Məryəm”in ərinin döyüş yoldaşı: “25 il qabaq boşanmışdılar...”


Yanvarın 5-də evində qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadə Qarabağ qazisi olan həyat yoldaşı Mehman Hüseynovdan hələ 25 il əvvəl boşanıb.

Bu barədə Publika.az-a Mehman Hüseynovun döyüş yoldaşı olmuş Arif İsmayılov danışıb: “Mehman Milli Ordumuzun Şıx batalyonunun ilk könüllülərindən olub. Batalyonun tağım komandiri idi. Səhv etmirəmsə, Qarabağ müharibəsinə yollananda xanımından boşanmışdı. Müharibədən sonra Bakıda kirayədə qalırdı. Ötən ilin 12 mayında ürəktutmasından kirayədə yaşadığı evdə dünyasını dəyişdi”.

Arif İsmayılov qeyd edib ki, Mehman Hüseynovun Məryəm Namədzadə ilə evliliyindən Günel adlı qızının dünyaya gəlməsindən məlumatsızdır: “Nizami rayonunda onun hüzr mərasimi keçirildi. Orda bir oğlanı da gördük. Dedilər, bu, rəhmətliyin boşadığı arvadındandır. Hüzr mərasimində onun cəmi 5-6 qohum-əqrəbası iştirak etdi”.

Xatırladaq ki, "Qızıl Məryəm"in oğulluğu Kamran Hüseynov ​mətbuata açıqlamasında Məryəmin onun ögey anası, Günelin isə ögey bacısı olduğunu bildirib: “Atam Mehman bu yaxınlarda dünyasını dəyişib. Anamla ayrıldıqdan sonra Məryəmlə ailə qurmuşdu və ondan Günel dünyaya gəlib. Günel anası ilə bir yerdə Mərkəzi Univermaqda qızıl alveri ilə məşğul olurdu. Günelin bir qızı var, həyat yoldaşından isə ayrılıb. Onun keçmiş əri indi həbsdədir, dələduzluq ittihamı ilə 9 il iş verilib (keçmiş kürəkən qayınanasına – Məryəm Namidzadəyə qarşı dələduzluqda ittiham olunub). Məryəmlə Günel bir yerdə yaşayırdılar. Belə bir hadisə olacağı heç kəsin ağlına gəlməzdi”.

Qeyd edək ki, Məryəm Namədzadənin keçmiş həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmindəki İsmayıl da məhz Mehman Hüseynovun prototipidir.

Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonunun ilk könüllülərindən idi və batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərərkən sursatları bitən əsgərlərimizin çoxu həlak olub, Mehman isə yaralı vəziyyətdə əsir düşüb.