backend

"Prezident vacib qərarların anonsunu verdi"

"Prezident vacib qərarların anonsunu verdi"

Bu gün cənab Prezident İlham Əliyev “Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda xalqın gözlədiyi vacib qərarların anonsunu verdi.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

A. Quliyev deyib ki, dövlət başçısının iclasda səsləndirdiyi tezislər və verdiyi tapşırıqlar dünyada baş verən proseslərə və ölkədə mövcud olan iqtisadi, siyasi və sosial duruma tam adekvatdır və əminəm ki, biz bu qərarların tezliklə müsbət nəticələrini hiss edəcəyik: "Cənab Prezidentin çıxışı Azərbaycanın yeni mərhələyə keçidi baxımından çox önəmlidir. Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaqdı".

Onun sözlərinə görə, dövlət başçısının qəbul etdiyi qərarlar 5 əsas nəticənin əldə olunmasına hesablanıb. Bunu həmdə Prezidentin anti-böhran proqramı da adlandırmaq olar:

· Pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması;

· Struktur islahatlarının aparılması və çevik idarəetmə mexanizmlərinın yaradılması;

· İqtisadi və sosial həyatın bütün sahələrində qərar qəbulu prosesinın “ASAN”laşması, büdcə vəsaitinin səmərəli istifadəsi, maliyyə nəzarətinin gücləndirilməsi və bu sahədə şəffaflığın tam təmin olunması;

· Süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda cəza tədbirlərinin də görülməsi;

· Biznes mühitini yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması, bank sektorunda islahatların aparılması və tikinti sahəsində açıq tenderlərin keçirilməsi.

A. Quliyev vurğulayıb ki, dövlət başçısı yuxarıda qeyd olunan bütün məsələlərə ictimai nəzarət mexanizmlərinin tam olaraq tətbiqini və mətbuatın bu işlərə yaxından dəstək verməsini xüsusi olaraq qeyd edib: "Diqqət çəkən məqamlardan biri də odur ki, cənab Prezident Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsindən narahatlığını ifadə edərək Azərbaycanın regionda sabitləşdirici roluna toxunub və bölgədə risklərin azalmasına töhvə verə biləcəyini bildirib".

Millət vəkili həmçinin qeyd edib ki, sonda dövlət başçısının Yaxın Şərqdə gedən vətəndaş müharibəsi nəticəsində qaçqınların üz tutduğu Avropada radikal meyllərin artmasının, islamafobiya və sivilizasiyalararası anlaşılmazlıqların və toqquşlmaların Azərbaycanı da narahat etməsini xüsusilə vurgulayıb: "Bu baxımdan cənab Prezident tərəfindən 2016-cı ilin Azərbaycanda “Multukulturalizm ili” elan edilməsini doğru addım hesab edirəm. Düşünürəm ki, bu gün verilən tarixi qərarların və planlaşdırılan islahatların uğurla həyata keçirilməsində hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, milli maraqlar hər şeydən üstün tutulmalı və siyasi baxışından asılı olmayaraq hamı Prezidentin bu təşəbbüsünə ictimai dəstək verməlidir".