backend

Sultanəhməd meydanındakı terrorun pərdəarxası

Sultanəhməd meydanındakı terrorun pərdəarxası




Dünyanın lənətlədiyi qanlı hadisənin arxasında hansı qüvvələr dayanıb-ekspertlərdən ilginc yanaşmalar

Dünyanın nüfuzlu qəzetlərinin manşet xəbəri olan Türkiyədəki dəhşətli terror aktı Azərbaycanda da üzüntü ilə qarşılanıb. Azərbaycan prezident səviyyəsində qardaş ölkəyə başsağlığı verib və terroru lənətləyib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, terror hadisəsindən sonra həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 50-dən çox İŞİD-çi, o cümlədən terror təşkilatı ilə əlaqəsi olan 3 Rusiya vətəndaşı tutulub. Rusiya vətəndaşları Türkiyənin hüquq mühafizə orqanları tərəfindən Antalyada saxlanılıblar. Onların qaldıqları evdə axtarış aparılıb. Axtarışlar zamanı evdən bir çox disk və İŞİD-lə bağlı olan sənədlər tapılıb.

Qeyd edək ki, Rusiya XİN baş verən hadisə ilə əlaqədar Türkiyəyə başsağlığı verib. Şübhəsiz ki, Moskva SU-24 döyüş təyyarəsinin vurulmasından sonrakı uzun sükutu səbəbsiz pozmayıb. Şimal qonşumuz Türkiyəni Suriyadakı İŞİD-ə qarşı əməliyyatlara qoşmaq üçün cəhdlər göstərir. Ancaq Moskva və Ankara arasındakı mövcud münasibətlər birgə əməkdaşlığı istisna edir.

Məlumata görə, terror hücumunda 11 nəfər ölü, 15 nəfər isə yaralanıb. Ölənlərdən 8 nəfərin, yaralananlardan isə 9 nəfərin Almaniya vətəndaşı olduğu bildirilir. Almaniya kansleri Angela Merkel Türkiyənin Sultanəhməd meydanındakı terror hücumuna dair açıqlama verib. Mətbuat konfransında danışan A.Merkel “Vətəndaşlarımız İstanbul səfərlərindən geri qayıtmayacaqlar. Bu çətin anlarda ailələrinin yanındayıq. Terrorçular hər birimizin düşmənidir”, - deyə vurğulayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə telefonda danışdığını söyləyən A.Merkel onların da alman xalqına baş sağlığı verdiyini bildirib.

Amerika prezidenti Barak Obamanın administrasiyası isə İstanbul şəhərində baş verən terror aktını pisləyən bəyanatla çıxış edib. Bəyanatda ABŞ İstanbul terrorunu pisləyir və Türkiyəyə terrora qarşı mübarizədə dəstək olduğunu açıqlayıb. Terror aktının onsuz da son vaxtlar Rusiyanın sanksiyaları səbəbindən böyük itkilərlə üzləşmiş Türkiyənin turizminə təsirsiz ötüşməyəcəyi şübhə doğurmur. Teraktdan sonra Türkiyənin atacağı addımlar da müzakirə mövzusudur.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyədəki son terror aksiyasının arxasında İŞİD-in dayandığına dair tutarlı faktlara diqqət çəkdi: “Bu, Kremlin və onun ruporu olan Rusiya televiziya kanallarının “Türkiyə hakimiyyəti İŞİD-ə dəstək verir, ondan neft alır” yanaşmasının məntiqsiz olduğunu bir daha ortaya qoyur. Ankara İŞİD-lə necə “əlbirdir” ki, terror təşkilatı İstanbulun mərkəzində, turistlərin ən çox toplaşdığı məkanda partlayış törədir? Axı, bununla İŞİD Türkiyəni əsas gəlirindən məhrum etmək istəyir ki, xarici turistlər bu kimi partlayışlardan çəkinib Türkiyəyə səfər etməsinlər. Halbuki əgər Ankara İŞİD-lə “sövdələşmə” içindədirsə, terror təşkilatı Türkiyəyə problem yaratmamalıdır. İŞİD isə qısa zaman kəsiyində Türkiyədə 3-cü terror aksiyası törədib, ümumilikdə ölənlərin sayı 200-ə çatıb”. E.Şahinoğlu qeyd etdi ki, bütün baş verənlərə baxmayaraq, Türkiyə bundan da ağır sınaqdan çıxıb və gəlirlərindən məhrum olmayıb və bu dəfə də belə olacaq.

Politoloq bildirdi ki, Rusiyanın son terror aksiyası ilə əlaqədar Türkiyəyə başsağlığı göndərməsinə baxmayaraq Kremlin Türkiyəyə qarşı siyasəti dəyişməyib: “Rusiya prezidenti Vladimir Putinin Almaniyanın məşhur “Bild” dərgisinə verdiyi müsahibə də Türkiyə ilə barışığa əl yeri qoymur. Rusiya televiziya kanalları hətta son qətliamdan da öz çirkin məqsədləri üçün istifadə edərək Türkiyə hakimiyyətini aşağılamağa çalışırlar. Moskva İŞİD faktorunu qoyub kənara Türkiyənin guya kürdləri sıxışdırmağa çalışdığını iddia edir. Bəli, Türkiyə ordusu və polisi PKK terror təşkilatını şərq bölgələrindən sıxışdırmağa çalışır və ciddi uğurları da var. Bu uğurlar isə Kremlin maraqlarına cavab vermir. Çünki Kreml həmin PKK və ya terrorçu təşkilatın qolu olan PYD vasitəsilə Türkiyəyə problemlər yaratmaq haqqında planlar çızıb. Türkiyə ordusu isə silahlı kürdlərə məhvedici zərbələr vurmaqla Kremlin planlarını alt-üst edir”.

Politoloq Şahin Cəfərli də qeyd tdi ki, Türkiyədə baş verən növbəti İŞİD terroru ölkənin Yaxın Şərq girdabına sürüklənməsinin acı nəticəsidir: “Türkiyə Suriya münaqişəsinə aktiv müdaxilə edən regional oyunçulardan biridir və öz siyasəti ilə təbii ki, müxtəlif dövlətlərin və terror qruplaşmalarının maraqlarına toxunur. Həmin qüvvələrin əks reaksiyası gözlənilən idi və biz konkret İŞİD-in cavab addımlarını bundan öncə Şanlıurfa (Suruç) və paytaxt Ankarada törədilən dəhşətli terror aktlarında gördük. Türkiyə hüquq-mühafizə və kəşfiyyat strukturları terrora qarşı önləyici mübarizədə uğurlar əldə etsələr də, hələlik yüzdə yüz effektivdən danışmaq mümkün deyil”.

Ş.Cəfərqlinin sözlərinə görə, bunun əsas səbəbi bir tərəfdən Suriya münaqişəsi başladıqdan bəri bu ölkənin Türkiyə ilə sərhəd xəttinin Suriya tərəfində dövlət nəzarətinin tamamilə aradan qalxmasıdırsa, digər tərəfdən, sərhədin Türkiyə tərəfində də nəzarətin zəifləməsi, eyni zamanda ölkənin ciddi miqdarda köç qəbul etməsidir: “Sirr deyil ki, Türkiyə dövləti hələ İŞİD-in fəal aktyor olaraq Yaxın-Orta Şərq səhnəsinə çıxmasından əvvəl Bəşər Əsəd rejimi ilə döyüşməyə gedən ən müxtəlif qrupların və fərdlərin, o cümlədən Türkiyə vətəndaşlarının sərhəddən keçməsinə ilk vaxtlarda göz yumub. Həmin şəxslər Suriyaya keçdikdən sonra orada təkcə mötədil müxalif qruplara yox, İŞİD və “Ən Nüsra” kimi radikal islamçı terror qruplaşmalarının sıralarına da qoşulublar. Həmin adamların, xüsusən Türkiyə vətəndaşlığı olan terrorçuların bəziləri sonradan Türkiyəyə dönüb. Suriyalı qaçqın qismində Türkiyə ərazisinə daxil olan və məskunlaşan terrorçular da var. Terroru törədənlər də məhz bu qeyd etdiyim kateqoriyalardan olan şəxslərdir”.

Politoloq qeyd etdi ki, Sultanəhməd terroru bir neçə məqsəd daşıya bilər: “Konkret alman turistlərin hədəfə alınmasının səbəblərindən biri güman ki, Almaniyanın İŞİD əleyhinə aktiv hərbi əməliyyatlara qoşulan son ölkələrdən biri olması ilə əlaqədardır. Terror təşkilatı bununla özünün asimmetrik cavab potensialının yüksək olduğunu və qlobal mahiyyət daşıdığını göstərir. Yəni, göstərirlər ki, bir ölkəni onun sərhədlərindən çox uzaqlarda da vura bilərlər. Digər hədəf isə təbii ki, terrorun törədildiyi ölkədir. Terrorun İstanbul turizminin mərkəzi sayılan Sultanəhməddə baş verməsi diqqət çəkir. Türkiyə turizminə zərbə vurmaq niyyəti açıqdır, bu baxımdan mən bəzi regional və regiondankənar qüvvələrin bu terrorda maraqlı ola biləcəyini istisna etmirəm. Terror təşkilatlarının öz strategiyaları çərçivəsində həyata keçirdikləri terror aktları ilə yanaşı, müxtəlif xüsusi xidmət orqanlarının sifarişi ilə terror törətməsi halları da kimsə üçün sirr deyil. Almaniya Türkiyəyə ən çox turist göndərən dövlətdir. Rusiyanın bu sahədə Türkiyəni boykot etməsindən sonra Almaniya və ümumən Avropadan gələn turistlərin sayının da azalması Türkiyə turizm sektorunu böhran vəziyyətinə sala bilər. Aydındır ki, turizm gəlirlərinin azalması ölkənin ümumi sosial-iqtisadi durumuna da mənfi təsir göstərək. Terrorun məqsədlərindən birinin bu olduğunu istisna etmirəm”.