backend

İlham Rəhimov 65 – bu gün Azərbaycanın görkəmli alimi və iş adamının yubileyidir

İlham Rəhimov 65 – bu gün Azərbaycanın görkəmli alimi və iş adamının yubileyidir



Bu gün Azərbaycanın görkəmli hüquq alimi, professor İlham Rəhimovun 65 yaşı tamam olur.

İlham Məmmədhəsən oğlu Rəhimov 14 yanvar 1951-ci ildə Tovuz rayonunda anadan olub. 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasının əyani aspirantı olub, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını alıb. 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib.

Bütün ömrünü Azərbaycan hüquq elminə həsr etmiş, İlham Rəhimov postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olub. O, 1996-cı ildən professor elmi adını daşıyır.

İlham Rəhimov həm də xeyriyyəçi iş adamıdır. İndiyə qədər minlərlə insana maddi-mənəvi dəstək olub, Azərbaycan adına tarixdə qalacaq işlər görüb. Heç zaman da bu xeyriyyəçiliyinin, gördüyü işlərin reklamına cəhd göstərməyib. Rusiya prezidenti V. Putinlə olan şəxsi dostluq münasibətlərindən isə hər zaman Azərbaycan və azərbaycanlıların faydalanmasına çalışıb.

İlham Rəhimov həm də mediaya açıq fiqurdur. Onun ranqında olan iş adamlarının böyük əksəriyyəti mətbuatdan, jurnalistlərdən qaçdığı halda, o, gündəmdə olan məsələlərə, qlobal proseslərə münasibət bildirməkdən, müzakirələr, polemikalar açmaqdan çəkinməyib. Görünür, bu onun iş adamından daha çox elm xadimi, alim olması ilə bağlıdır. İlham Rəhimov kökəni elm olan iş adamıdır, desək, yanılmarıq. O, həm də bizim - “Yeni Müsavat” media qrupunun müsahiblərindən, eyni zamanda, sədaqətli oxucularımızdandır.

“Yeni Müsavat” media qrupu olaraq Azərbaycanın görkəmli elm xadimini, dünya miqyasında tanınan və qəbul olunan alimimizi, iş adamını bu əlamətdar tarix - 65 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirik. Ona can sağlığı, daha böyük uğurlar və uzun, bərəkətli ömür arzulayırıq.