backend

Akif Səlimovun balıq vətəgələri, ferması və…

Akif Səlimovun balıq vətəgələri, ferması və…


Laçının icra başçısı hektarlarla ərazini zəbt edərək, özünə biznes yaradıb
Laçının icra başçısı Akif Səlimovdan narazı qalan rayon sakinlərinin etmədikləri şikayət qalmayıb. İllərdən bəri davam edən bu şikayətlərə isə əhəmiyyət verən yoxdur. Səbəbinin nə olduğu bilinməsə də, bəlli olan odur ki, Səlimovun arxasında dayanan güc daha qüdrətlidir. Üstəlik, həmin «güc» laçınlıların əzilməsində daha çox maraqlıdır.
500 hektarda balıq vətəgələri
Akif Səlimovun biznesə malik olduğunu bilməyən yoxdur. Bu biznesin əhatə dairəsi xeyli genişdir. Başda fermalar olmaqla, istirahət mərkəzləri və digər obyektlərinin varlığı da sirr deyil. Amma onların indiyə qədər fotoları üzə çıxmayıb.
Elə Səlimovun doğulduğu Qaraqışlaq kəndinin sakinlərinin göndərdiyi fotlardan da aydın görünür ki, icra başçısı özünə böyük maliyyə imkanları yaradıb. Hərçənd qanunla dövlət qulluqçusunun bizneslə məşğul olması qadağandır.
Qeyd edək ki, Akif Səlimovun Laçın Obaları deyilən ərazidə 500-700 hektar sahədə balıq vətəgələri var. Həmin vətəgələri yaratmaq üçün onun xeyli pulu çıxsa da, çoxdan xərclədiklərini çıxarıb. Çünki mütəmadi olaraq bu vətəgələrdən tonlarla balıq çıxarılıb, satılır.
“Ayə, ordan bir dənə mələməmiş quzu kəs gətir…”
Akif Səlimovun balıq vətəgələri ilə yanaşı, iri fermaları da var. İri və xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş bu fermalarda ən minimum 650-700 baş qoyun bəslənilir. İnəklərin sayı isə bəlli deyil.
Məlumata görə, Laçının icra başçısının heyvanlarının bəslənilməsi üçün bütün şərait var. Onlara bir neçə çoban və naxırçı nəzarət edir. Həmin çobanlara aylıq cüzi miqdarda maaşın verilməsi isə insafsızlıq kimi qiymətləndirilməlidir. Çünki onların ehtiyacı olduqların bu işə qol qoyublar və icra başçısı da onların ehtiyaclarından yararlanaraq, daha az maaşla işlədir.
Çobanlara göstərilən münasibət onların qaldığı komalardan da məlumdur. Belə ki, naxırçı və çobanlar üçün Akif Səlimovun istirahət evindən qat-aqt aşağı səviyyədə olan palçıqdan tikilmiş komalar verilib. Və bunların bir birinə yaxınlıqda yerləşməsi isə artıq biabırçılığın təzahürü və Laçının icra başçısının onlara insan kimi baxmadığının göstəricisi kimi qəbul edilməlidir.
Laçınlıların canını boğazına yığan adam
İşin əcaib tərəfi odur ki, Akif Səlimov hər sahədə özünü laçınlılardan üstün tutur. Onun çobanlara göstərdiyi münasibətdən başqa, ayrı-ayrı obalara gedən yolların da fərqi var. Məsələn, Səlimov istirahət evinə gedən yolu daşlatdırıb ki, palçıq o qədər də çox olmasın. Amma obalara gedən yolların bərbad vəziyyətdə olması, dizə qədər palçığın içində qalmasını camaat aşkar şəkildə görür.
Camaat deyir ki, Akif Səlimovun bu hərəkətləri artıq onları təngə gətirib. Dəfələrlə etirazlarını bildirsələr də, nəticə hasil olmayıb. Amma işlərin bu şəkildə davam edəcəyini də güman etmirlər. Vurğulayırlar ki, heç bir şəkildə icra başçısı özünü onlardan fərqləndirməməli və yuxarıdan aşağı baxmamalıdır. Əgər belə hal varsa, el-obanın qədrini bilməmiş sayılar və onun istefasına qədər tələblərinə davam edərlər.
İdarə müdirləri aylığa buraxılıb?
Bir başqa məlumatda isə vurğulanır ki, Akif Səlimov maraqlı qazanc yeri tapıb. Onun bütün idarə və müəssisə rəhbərlərini aylıq müqabilində buraxdığı deyilir. Yəni, icra başçısı müxtəlif idarə və müəssisə rəhbərlərindən aybaay pul alaraq, onların sərbəst şəkildə işləmələrinə şərait yaradıb. Elə bu səbəbdəndir ki, Laçının baş həkimindən tutmuş, təhsil şöbəsinin müdirinə qədər yerində tapmaq olmur. Onları mütəmadi olaraq Bakıda görmək isə adət şəklini alıb. Çünki həmin məmurların Bakıda ticarətləri var və bütün güclərini də həmin bizneslərini genişləndirməyə yönəldiblər.P.S. Bu bizə göndərilən məlumatın müəyyən bir qismidir. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxətt.info