backend

Şakir Hacıyevlə Alı Alıyev arasında hansı problem varmış?

Şakir Hacıyevlə Alı Alıyev arasında hansı problem varmış?


İcra nümayəndəsi müavinlikdən çıxarıldığı üçün icra başçısına düşmən kəsilibmiş

Məlum olduğu kimi, bir neçə gün əvvəl Füzuli rayonunda bahalaşma əleyhinə etiraz aksiyaları keçirilib. Həmin olaylardan sonra isə rayonda həbslər başlayıb. qaynarxett.az xəbər verir ki, ilk həbs olunan şəxs Füzuli Şəhər İcra Nümayəndəliyinin başçısı Şakir Hacıyev olub.

Rayon İcra Hakimiyyətinin bununla bağlı yaydığı açıqlamada qeyd olunur ki, saxlanılan şəhər icra nümayəndəsi haqqında artıq məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib: "Ancaq hələlik həbs qətimkan tədbirinin müddəti barədə idarəmizdə heç bir məlumat yoxdur. Şakir müəllim əvvəl, hətta icra başçısının müavini vəzifəsində də işləyib. Ancaq onun dövlətə və dövlətiçiliyə qarşı çıxacağı heç kimin ağlına gəlməzdi. O, rayon ərazisində yanvarın 13-də qanunsuz aksiya təşkil etdiyi, vətəndaşları həmin etirazlarda iştirak etməyə çağırdığı üçün həbs edilib. Maraqlı məqam odur ki, saxlanan Şakir Hacıyev rayonda deyil, Bakıda həbs edilib. O özü heç bir aksiyaya qoşulmayıb, paytaxtda ola-ola vətəndaşları oradan aksiyalara səsləyib".

Amma həbslər bununla da yekunlaşmayıb. Bu gün Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tutulan polis işçiləri - Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovdur.

Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir. Adıçəkilən şəxslərin hamısı yanvarın 13-də Füzuli rayonunda baş verən hadisələrlə bağlı tutulublar.

Amma rayondan gələn başqa bir xəbərdə məsələnin fərqli təfərrüatlarından bəhs olunur. Səlim Hüseyov adlı oxucumuzun yazdığına görə, Şakir Hacıyevin saxlanılmasının tək səbəbi təkcə aksiyalara çağırışlar etməsi ilə bağlı olmayıb. Onun sözlərinə görə, icra nümayəndəsi ilə Füzulinin icra başçısı Alı Alıyev arasında ciddi münaqişə varmış və bunun da əsasında onun vəzifəsindən çıxarılması göstərilir. «İşdən çıxarıldığı üçün Alı Alıyevdən qisas almaq üçün aksiyaların təşkilində maraqlı tərəf kimi çıxış edib».