backend

ABŞ və Aİ İrana qarşı sanksiyaları ləğv etdi

ABŞ və Aİ İrana qarşı sanksiyaları ləğv etdi

ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb.
APA-nın verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama müvafiq fərman imzalayıb.
“Mən müəyyən etdim ki, Birgə Hərtərəfli Tədbirlər Planının nəzərdə tutduğu addımların İran tərəfindən icra olunması İranın nüvə proqramı ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişib. ABŞ-ın sanksiyalara dair üzərinə götürdüyü öhdəliklərlə əlaqədar mən sanksiyalarla bağlı fərmanları geri çağırıram”.
Avropa İttifaqı da, öz növbəsində, İran üzərindən iqtisadi və maliyyə sanksiyalarının götürüldüyünü təsdiqləyib. Bununla bağı yazılı prosedur artıq başa çatıb. Məlumata görə, İran üzərindən bütün sanksiyaların götürülməsi barədə əvvəl razılaşdırılmış normativ çərçivələrin təsdiqlənməsi üçün bu prosedura bir neçə gün əvvəl start verilib.
“Yanvarın 16-dan etibarən İranın nüvə proqramına dair sazişin implementasiyasına başlanılıb. Nüvə proqramı ilə əlaqədar İrana tətbiq edilən çoxtərəfli və milli iqtisadi sanksiyalar ləğv edilib”, deyə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Vyanada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
* * *20:25
Vyanada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ABŞ dövlət katibi Con Kerrinin görüş keçirilir.
"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, İranın nüvə proqramına dair Kompleks Fəaliyyət Planının müzakirə olunduğu görüşün yekununda hesabat dərc olunacaq və beləliklə, Tehrana qarşı ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyaların ləğvi prosesi başlayacaq.
* * *15:04
Tehranla “altılar” arasında (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Avropa İttifaqı) ötən il əldə edilmiş nüvə razılaşmasına əsasən bu gün İrana qarşı bütün iqtisadi sanksiyaların, o cümlədən neft ixracı ilə bağlı sanksiyaların ləğv ediləcəyi gözlənilir.
Virtualaz.org xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada jurnalistlər qarşısında elan edib. Cavad Zərif İranla “altılar” arasında nüvə razılaşmasının yerinə yetirilməsinin vəziyyətinə dair hesabatı müzakirə etmək üçün ABŞ dövlət katibi Con Kerri və Aİ-nin xarici siyasət üzrə Ali nümayəndəsi Federiko Moqerini ilə görüşə gedib.
Görüşdə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin ekspertlərinin İranın nüvə razılaşmasının şərtlərini yerinə yetirməsinə dair hesabatı müzakirə olunacaq. Hesabat açıqlanmasa da məlum olub ki, orada İranın üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirdiyi əksini tapıb. Belə ki, İran 11 ton zənginləşdirilmiş uranı ölkə ərazisindən çıxarıb və Rusiyaya göndərib, bir sıra nüvə reaktorlarını betonlayıb. Nəticədə İrana qarşı tətbiq edilmiş bütün ticari-iqtisadi sanksiyalar,o cümlədən neft ticarəti ilə bağlı məhdudiyyətlər götürülməlidir.
“Bu gün təkcə iran xalqının deyil, bütün Yaxın Şərqin, hətta dünyanın tarixinə düşəcək. İrana qarşı bütün məhdudiyyətlər bu şənbə günündən etibarən ləğv ediləcək”-Cavad Zərif bildirib. İran xarici işlər naziri deyib ki, nüvə anlaşması və sanksiyaların ləğvi regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq.
Gözlənilir ki, Vyana danışıqlarının yekunu olaraq tərəflər birgə bəyanatla çıxış edəcəklər. Sanksiyaların götürülməsinin ardınca İran artıq yaxın günlərdə Avropa İttifaqı ölkələrinə neft ixracını bərpa edə biləcək. İran hökuməti artıq vəd edib ki, sanksiyaların ləğvindən sonra gündəlik neft ixracını 1 milyon barrel artırmaq imkanına malikdir.
Ekspertlərə görə İrana qarşı sanksiyaların ləğvi dünya birjalarında neftin daha da ucuzlaşması üçün əlavə təzyiq elementi olacaq. Artıq bu həftənin sonunda birjalar İrana qarşı sanksiyaların ləğvinin gözlənildiyinə dair xəbərlərin təsiri altında idi və neftin 30 dollarlıq psixoloji həddən də aşağı düşərək 29 dollar həndəvərində qərarlaşdı.
Gözlənilir ki, bu gün İrana qarşı sanksiyaların ləğvi rəsmən elan ediləndən sonra gələn həftənin ilk günündə neft daha sürətlə ucuzlaşacaq və 20 dollarlıq psixoloji həddə doğru geriləyəcək. Çünki hazırda bazarda neftə tələbat təklifdən 1-2 milyon barrel azdır. İranın neft ixracını artırması qiymətin daha da aşağı düşməsini qaçılmaz edəcək. İran bildirir ki, neftin qiymətinin ucuzlaşmasına baxmayaraq ixracı artıracaq. Çünki bu ölkədə neftin hasilatının maya dəyəri çox aşağıdır, təxminən 3-4 dollardır.