backend

“Azərbaycanda böhrana əsl reaksiya 3-4 aydan sonra veriləcək”

“Azərbaycanda böhrana əsl reaksiya 3-4 aydan sonra veriləcək”


Sərdar Cəlaloğlu: “Ölkədə radikal siyasi və iqtisadi islahatlar həyata keçirlməsə, indiki böhrandan çıxmaq mümkün olmayacaq”

“Azərbaycanı böhrandan çıxarmaq üçün lazım olan dəstəyi, vəsaiti yalnız Avropa və Amerika verə bilər”

“Bu gün böhranla bağlı bir çox rayonlarda baş vermiş hadisələr var, şokun təsirində olmayan insanların etirazıdır. Bunların hərəkətləri məqsədəyönlüdür, konkret təklifləri var. Ona görə də biz bunu böhranın əlaməti hesab etmirik...”

Son günlər bahalaşmaya etiraz əlamət olaraq bir sıra rayonlarda aksiyalar keçirilməkdədir. Aksiyaçılar Azərbaycan manatının ikinci devalvasiyasından sonra ölkədə xüsusən də ərzaq məhsullarının qiymətinin bəzi işbazlar tərəfindən dəfələrlə qaldırılmasına etiraz edirlər. Hökumət rəsmiləri isə Azərbaycandakı bahalaşmanı dünyada gedən iqtisadi böhranla əlaqələndirir.
Maraqlıdır, Azərbaycan hökuməti bu məsələdə nə dərəcədə haqlıdır və ölkədəki böhrandan çıxış yolu varmı? Bu və ya digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.
-Sərdar bəy, doğrudanmı, hökumət rəsmilərinin dediyi kimi, Azərbaycandakı mövcud vəziyyət qlobal iqtisadi böhranla bağlıdır?
-Əvvəla biz etiraf etməliyik ki, son bir neçə ildir dünyada iqtisadi böhran gedir. Bu qlobal iqtisadi böhran da ayrı-ayrı ölkələrə müxtəlif cür təsir edir. Amma, əgər doğrudan da qlobal iqtisadi böhran bütün dünya dövlətlərinə təsir edirsə, onda bütün ölkələrdə baş verən iqtisadi böhran təxminən eyni xarakterdə olardı. Bu gün biz görürük ki, Azərbaycan manatı öz dəyərini 180 faiz, Ermənistan valyutası 2 faiz, Ukrayna valyutası 25 faiz, Gürcüstan valyutası isə 30-35 faiz itirib. Digər dünya valyutaları isə 1, 1,5 faiz öz dəyərini itirib. Bu onu göstərir ki, Azərbaycanda mövcud durum yalnız qlobal iqtisadi böhranla bağlı deyil.
İkincisi, böhran ümumi bir anlayışdır. Söhbət hansı böhrandan gedir? Bəzi ölkələrdə maliyyə-kredit böhranı yaranıb. Məsələn, ABŞ-da bir neçə il qabaq maliyyə-kredit böhranı yarandı və ölkə defolt vəziyyətinə gəlib çıxdı. Amma sonradan ABŞ o vəziyyətdən çıxdı. Bəzi ölkələrdə istehlak böhranı var. Məsələn, Suriyada, Əfqanıstanda yaşanan böhranın mahiyyəti bununla bağlıdır. Bəzi ölkələrdə istehsal böhranı var. Azərbaycanda isə hazırda total böhran mövcuddur. Həm istehsal, həm maliyyə-kredit, həm də istehlak böhranı var. Yəni ölkədə heç nə istehsal olunmur, manat öz dəyərini tamamilə itirib və vətəndaşlar yoxsulluq və işsizlikdən əziyyət çəkir. Bu, total böhrandır, bunun isə qlobal iqtisadi böhrana elə bir aidiyyatı yoxdur.
İki gün əvvəl Norveç hökuməti də dünya bazarında neftin qiymətinin azalması ilə bağlı böhran yaşandığını elan etdi. Amma bu, Norveç dövlətinin böhranı deyil. Bu sadəcə olaraq Norveçin neft istehsalı ilə bağlı olan böhranıdır. Məsələn, Meksika da böhranı nəzərə alıb neftin hasilatını dayandırdı... Amma ölkə iqtisadiyyatı yalnız neftdən asılı olanda, artıq bütün səbəblər xariclə bağlı olur.
Azərbaycanda doğrudan da “Holland sindromu” yaşandı. Çünki 1974-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı demək olar ki, neftin hasilatı, xammal ixracatı üzərində qurulub. Neftin qiymətinin də kəskin aşağı düşməsi Azərbaycanı bugünkü vəziyyətə salıb. Azərbaycanda bir çox ciddi iqtisadi cinayətlər baş verib. Birinci növbədə özəlləşmə cinayəti həyata keçirildi. Ölkədə sovet hökumətindən qalan bütün zavod-fabriklər özəlləşdiriləndən sonra, Nazirlər Kabinetinin razılığı olmadan, onların profilləri dəyişdirildi. Yəni faktiki olaraq özəlləşdirilmiş bütün müəssisələr ləğv olundu. Bu gün Respublika Prokurorluğu özəlləşdirilmiş müəssisələrin taleyi ilə bağlı cinayət işi qaldırmalı, özəlləşdirən tərəfləri məsuliyyətə cəlb etməlidir. Çünki xüsusi mülkiyyətçinin özəlləşdirilən heç bir müəssisənin profilini dəyişdirmək ixtiyarı yoxdur. Özəlləşdirmənin mahiyyəti bundan ibarət idi. Ona görə ki, bu müəssisələr sonradan milliləşdirilə bilərdi. Məsələn, siz Səttarxan adına zavodu, yaxud Pyotr Montin adına zavodu özəlləşdirmişdiniz, indi milliləşdirmək istəyirsiniz, amma o zavodlar yoxdur. Ayaqqabı fabrikini özəlləşdirmisiniz, indi istəyirsiniz milliləşdirəsiniz, o fabrik yoxdur. Eləcə də tikiş fabriki və başqa zavod və fabriklər. Təkcə Bakı şəhərində 150-yə yaxın zavod və fabrik dağıdılıb, yerində otellər, binalar tikilib. Bu Azərbaycan dövlətçiliyinə qarşı ən böyük iqtisadi cinayətdir.
İstehsalın aradan qaldırılması da məhz özəlləşdirilmə ilə bağlı oldu. Yəni Azərbaycanda faktiki olaraq hələ neft kontraktları imzalanmamış, ölkəni yalnız neftdən asılı olan bir vəziyyətə gətirib çıxardılar. Ondan sonra isə neftdən gələn gəlir hesabına müəyyən müddət ərzində respublika idarə olundu. İndi neftin qiyməti tamamilə aşağı düşüb, ölkədə istehsal sıfr fazidən aşağıdır... Məsələn, Azərbaycanda adambaşına düşən məhsul istehsalı 0,9 faiz, Ermənistanda isə 4 faizdir. Yəni biz istehsala görə faktiki olaraq Ermənistandan 5-6 dəfə aşağı vəziyyətdəyik. Ona görə də Ermənistanda qlobal böhran onların pulunu 2 faiz, Azərbaycanda isə 180 faiz qiymətdən salıb.
-Yəni hesab edirsiniz ki, Azərbaycanda total böhran daha da dərinləşəcək?
-Azərbaycanda indiki siyasət davam etdirilərsə, bu böhrandan çıxmağın heç bir perspektivi yoxdur. Bir neçə gün əvvəl Obama açıq şəkildə dedi ki, böhrana düşən dövlətlərə Amerika kömək etməməlidir. Niyə? Diqqətlə fikir verin, bu gün iqtisadi böhran yaşayan ölkələr içərisində bir dənə də olsun, demokratik dövlət yoxdur. Hamısı avtoritar, diktatura rejimləri, Rusiya kimi dünya ağalığı iddiasında olan ölkələrdir. Hansı ki, bu ölkələrdəki rejimlərin də mövcudluğu Amerika üçün maraqlı deyil. Bu baxımdan, əslində, Obamanın verdiyi bəyanat o deməkdir ki, Amerika antidemokratik rejimləri öz içində boğulmağa məhkum edir.
Neçə illərdir Azərbaycana demokratik islahatlara getmək təklif edilirdi, bir yol xəritəsi verilmişdi ki, siz bu yolla inkişaf edin. Əgər Azərbaycan Qərblə, Amerika ilə normal münasibətlər qursaydı, Amerika Azərbaycana bu böhrandan çıxarmaq üçün lazım olan köməklikləri edəcəkdi.
Bizim müxalifət olaraq bu gün iqtidara böhrandan çıxmaqla bağlı təklif etdiyimiz siyasi islahatlar da onunla bağlıdır ki, Azərbaycan Amerikanın düşmənindən real dostuna çevrilsin. Bu, prezidentin hansısa bəyanatı, sərəncamı ilə, hansısa deputatın yumşaq danışmaği ilə, yaxud da boğazdan yuxarı hansısa kampaniya aparmaqla mümkün olmayacaq. ABŞ Azərbaycanda ciddi, fundamental demokratik dəyişilmələr istəyir. Bu - Azərbaycanda bütün dünyanın nəticələrini qəbul etdiyi parlament olmalıdır. Azərbaycanda koalision hökumət olmalıdır. Azərbaycan milli administrasiyanın fəaliyyətində beynəlxalq administrasiyanın beynəlxalq hüquqa uyğun iştirakına razılıq verməlidir. Bu addımlar atılmayana, siyasi islahatlar aparılmayana qədər, Azərbaycanda iqtisadi böhrandan çıxmaq mümkün olmayacaq və hökumətin heç bir iqtisadi islahat aparmağa gücü, potensialı çatmayacaq. Bu gün Azərbaycan sanki qana ehtiyacı olan xəstədir, buna xaricdən qan köçürmək lazımdır. O qanı köçürmək üçün isə müəyyən şərtlər icra olunmalıdır.
-Hakimiyyət nümayəndələri bəyan edir ki, bu keçici prosesdir, Azərbaycan tezliklə böhrandan çıxacaq. Siz necə düşünürsünüz, bu rejim mövcud olduğu şəraitdə böhrandan çıxmaq mümkün olacaq?
-Əvvəla, bu, özünü aldatmadır. Birincisi, bu böhran hələ təzə başlayıb. Bu böhranın nisbətən stabilləşdirilməsi ilə bağlı verilən proqnozlar 2020-ci ilə nəzərdə tutlur ki, neft 50 dollara qayıda bilər. Uzaq proqnoz isə təxminən 40-cı illərdir ki, neft 100 dollara qalxa bilər. İndi 2016-cı ildir, 24 il ərzində bu böhranın dalğalanması davam edəcək. Azərbaycan dövlətinin bu cür uzunmüddətli böhrana tab gətirmək imkanı yoxdur. Amma dünən Kerri öz bəyanatında bir qədər ip ucu verdi. Dedi ki, Rusiyanın Ukraynadan və Suriyadan geri çəkilməsi, beynəlxalq hüquqa uyğun hərəkət etməsi, özünün intervensiya siyasətlərindən imtina etməsi və Qərblə münasibətləri yoluna qoyması şərtində dünyada başlayan qlobal iqtisadi böhranın aradan qaldırılması ilə bağlı ABŞ müəyyən iriçaplı, qlobal proyektlər həyata keçirə bilər. Yəni bu gün faktiki olaraq Rusiya xarici siyasətini dəyişəcəksə, Azərbacan hökumətinin iradəsindən asılı olmayaraq, ola bilsin ki, bu böhrandan çıxmaq mümkün olsun. Amma əgər beynəlxalq şərtlər indiki kimi qalsa, Rusiya yenə əvvəlki kimi özünün anti-demokratik hərəkətlərini davam etdirsə, Azərbaycan da indiki kimi antiodemokratik bir siyasət aparsa, Azərbaycan iqtidarının ölkəni bu böhrandan çıxarmaq üçün heç bir şansı və potensialı yoxdur. Heç bir addım ata bilməyəcək. Çünki Azərbaycanı böhrandan çıxarmaq üçün lazım olan dəstəyi, vəsaiti yalnız Avropa və Amerika verə bilər. Nə Rusiyanın buna imkanı var... Çünki Rusiyanın özü daha dərin bir qlobal böhrandadır. Rusiya dövləti parçalanma ərəfəsinə gəlib çıxıb. Bugünlərdə mən Rusiya Maliyyə Nazirliyinin məruzəsini oxudum. Onların 2017-ci il üçün hesabladığı böhranın nəticələri artıq bu ilin başlanğıcında meydana çıxıb. Yəni onlar hesablamışdılar ki, 2017-ci ildə vəziyyət bu qədər ağır olacaq, amma bir il tez oldu, yəni böhran o qədər sürətlə hərəkət edir. Ona görə də, Rusiya Maliyyə Nazirliyi dövlət orqanlarının 10 faiz ixtisara salınması, orduya ayrılan vəsaitin yarıbayarı azaldılması və digər dövlət idarəetmə sahələrində qənaətlərin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürüb. Ancaq bu da Rusiyanı xilas etməyəcək. Bu da neftin böyük sürətlə dəyərinin aşağı düşməsi və dolların bahalaşması müqabilində Rusiya kimi böyük bir dövləti xilas etmək üçün çox kiçik addımlar olacaq. Bu baxımdan, Azərbaycanda xalqı aldatmağa ehtiyac yoxdur. Ölkədə radikal siyasi və iqtisadi islahatlar həyata keçirlməsə, indiki böhrandan çıxmaq mümkün olmayacaq.
Çox təəssüf ki, iqtisadi böhranın sosial böhrana keçməsinin qarşısını almaq üçün Azərbaycan iqtidarı heç bir addım ata bilmir. Hökumətin daxili məhsulların qiymətinin tənzimlənməsi ilə bağlı atdığı addımlar yanlışdır. Bu əslində yerli istehsalçıları xarici istehsalçıdan qeyri-bərabər şəraitə salmağa xidmət edir. Bu gün biz başa düşürük ki, Azərbaycanda taxıl istehsal olunmur, buğda xaricdən alınır. Dolların qiymətinə görə baha alınırsa, ölkədə də baha satılmalıdır. Azərbaycanda toyuğun yumurtdaması o demək deyil ki, bu yumurtanın maya dəyəri Azərbaycandakı vəziyyətlə müəyyən olunmalıdır. Bunun maya dəyəri dünya bazarı ilə müəyən olunmalıdır. Çünki bu toyuğun dərmanı, yemi və s. xaricdən alınır. Enerji daşıyıcılarının qiyməti Azərbaycanda 10 dəfə bahadır. Belə bir şəraitdə yerli istehsalçını öz məhsulunu aşağı qiymətə satmağa məcbur etmək, yerli istehsalı məhv etmək deməkdir. Bu isə manatı da öldürməkdir. Çünki az-çox bizim manatımızın dalında duran yerli məhsuldur, sən əgər onun qiymətini süni surətdə aşağı salmaq istəyirsənsə, deməli faktiki olaraq yerli istehsalı vurub sıradan çıxarırsan.
-Sizcə, o halda konkret hansı addımlar atılmalıdır?
-Əksinə, yerli istehsalçılara kompensasiyalar ödənilməli, subsidiyalar ayırlmalıdır. Qiymət sərbəstləşdirilməlidir. Xaricdən idxal edilən məhsullara böyük gömrük rüsumu qoyulmalıdır. Məsələn, Azərbaycanda yumurtanı insanlar istədiyi qiymətə satmalıdır, xaricdən gətirilən yumurtaya da o qədər böyük gömrük rüsumu qoyulmalıdır ki, yerli istehsalçının yumurtası alınsın. Bu, yerli istehsalın genişlənməsinə imkan verəcək. Yoxsa, yerli istehsalçı onsuz da böhrandadır, onu məhsulunu dünya bazarına uyğun qiymətə satmağa qoymamaq, həmin sahəni çökdürmək deməkdir. Sirr deyil ki, indi bir çox istehsalçılar istehsalı dayandırıb. Xeyir etmədiyi təqdirdə niyə istehsal etməlidir? Yəni faktiki olaraq hökumətin apardığı siyasət “göz qayırdığı yerdə vurub qaşı çıxarmaq”dır. Yəni bir tərəfdən guya öz aləmlərində qiymətlərin süni qalxmasına qarşı mübarizə adı altına iş aparır, amma bu, ölkədəki yerli istehsalın məhv olmasına, sıradan çıxamasına gətirib çıxaracaq.
- Yeri gəlmişkən, Azərbaycan hakimiyyəti də Rusiyada olduğu kimi orduya ayrılan vəsaiti azaltmağı, həmçinin büdcəyə yenidən baxaraq neftin qiymətinə yenidən baxmağı qərara alıb...
- Azərbayan iqtidarı vaxt itirir. Bu cür addımlar atmaqla, obrazlı desək, iqtisadi şokdan birinci iqtidar özü şoka düşüb. İtqidar hazırda ümumiyyətlə düşdüyü vəziyyətdən çıxmaqla bağlı sağlam məntiqə malik deyil. Bu addımlar, indiki müharibə şəraitində orduya ayrılan vəsaitlərin azaldılması faktiki olaraq Azərbaycan ordusunu Ermənistan qarşısında tərksilah vəziyyətə gətirib çıxaracaq. Onsuz da pulun dəyərinin ölməsi orduda əmək haqqlarının real dəyərini iki dəfə azaldıb. Əlavə olaraq onların əmək haqqının azaldılması isə onları başqa əhaliyə nisbətən 4 qat artıq böhrana düçar etməkdir. Tutaq ki, 800 dollar maaş alan bir zabitin indi real şəkildə maaşı 400 dollardır. Siz bunun əmək haqqını azaldanda, bu edəcək 200 dollar. 200 dollara da heç bir zabit ailəsi-uşağı kirayədə qala-qala, bazarda qiymətlər bu qədər baha ola-ola, gedib gecə-gündüz sərhəddə xidmət etməz. Bu ordunu dağıtmaq deməkdir. Ən axırıncı variantda biz ordudan kəsməliyik, nəyisə. Polisdən kəsmək olar, prokurorluqdan kəsmək olar, məhkəmədən, hər yandan kəsmək olar, amma biz ən axırıncı ordudan kəsməliyik. Çox təəssüf ki, Azərbaycan hökuməti də elə birinci orduda əmək haqları azaltmaq barədə qərar qəbul edib. Bunlar isə böhrandan çıxmaq üçün yollar deyil. Ordan onu kəs, burdan bunu kəs, bir tərəfdən işsizlər artır, kasıbçılıq, yoxsulluq artır, bunun üçün də cinayətkarlıq çoxalır... İqtidar isə faktiki olaraq vəziyyətdən çıxmaq üçün nəyisə gözləyir. Özünü aldadır ki, neft qalxa bilər. Neftin qiyməti qalxmayacaq. Çünki neftin qiymətinin düşməsi təbii bir proses deyil. Bunun arxasında konkret bir qüvvə durur. Yəni neftin qiymətinin qalxmasının qarşısını alan bir qüvvə var. Bu dünyadakı avtoritar rejimləri çökdürmək üçün istifadə olunan bir üsuldur. Odur ki, harda diktatura rejimləri var, onların hamısı çökəcək, müharibəsiz. Bu siyasətin mahiyyəti budur. Azərbaycan iqtidarı da bu vəziyyətdən çıxmaq, yəni ən azı özünü qorumaq və ölkədə də çaxnaşma olmaması üçün demokratikləşməyi bacarmalıdır. Bunun üçün Azərbaycan müxalifətinin təkliflərini nəzərə almalıdır. Yoxsa bunlar parlamenti çağıracaqlar, neftin qiymətini 30 dollar edəcəklər... İndi neft endi 27, 28 dollara, yenə də onsuz da dövlət büdcəsini kəsirlə hesablayacaqlar. Və bu büdcəni hara qədər azaldacaqlar?! 20 milyarddan 15 milyarda azaldılıb. İndi də büdcədə neftin qiyməti 30 dollara endirilsə, demək, büdcə 10 milyarda enəcək. Pulun da dəyəri ölüb. O 10 milyard manat əvvəlki pulla 5 milyard edir. Yəni 20 milyard dollarlıq bir idarəetmə sistemini birdən-birə 5 milyard dollarlıq idarəetmə sisteminə keçirəndə ölkədəki bütün proseslər 4 dəfə pisləşmiş olur. İctimai-siyasi vəziyyət, hüquqi sistem, sosial sistem, dövlət-vətəndaş münasibətləri və s. Bunu isə heç bir dövlət qaytara bilməz. Yəni qısa müddətdə hər şeyi 4 dəfə pisləşdirdikdən sonra, bunu heç kəs qaldıra bilməz.
Əslində, bu gün böhranla bağlı bir çox rayonlarda baş vermiş hadisələr var, şokun təsirində olmayan insanların etirazıdır. Bunların hərəkətləri məqsədəyönlüdür, konkret təklifləri var. Ona görə də biz bunu böhranın əlaməti hesab etmirik. Böhranın təhlükəli reaksiyası bir neçə aydan sonra olacaq. Böhranın əlamətləri ağır şoka düşmüş əhalinin davranışları olacaq ki, elmi şəkildə izah etsək, insanlar ancaq aqressivlik nümayiş etdirəcək. Onlar heç bir şey istəməyəcəklər. Ancaq düşdükləri vəziyyətə görə intiqam alacaqlar. O təhlükəlidir, onun qabağını almaq olmaz... Yoxsa indi Siyəzəndə, Ağcabədidə, Füzulidə, Lənkəranda, Ağsuda və s. rayonlarda başlamış hadisələr, əksinə iqtisadi şokun təsirinə məruz qalmayan əhalinin verdiyi reaksiyadır. Hökumətin də yanlışlığı budur ki, indiki aktivliyə görə belə hesab edir ki, elə böhrana verilən reaksiya budur. Bu çox yanlış və təhlükəli bir şeydir. Bu böhrana əsl reaksiya 3-4 aydan sonra veriləcək. Ona görə də, iqtidar bu 3-4 ay ərzində elə radikal addımlar ata bilər ki, şokdan çıxmağa başlayan kütlə, artıq aqressiv istiqamətə yox, qurucu istiqamətə yönəlsin. Bizi narahat edən budur ki, Azərbaycan iqtidarı həddən artıq ləngiyir. Bu ləngimə həm Azərbaycan iqtidarının, həm Azərbaycan dövlətinin taleyini şübhə altına ala, həm də cəmiyyətdə çox ciddi sosial kataklizmlər gedə bilər. Yəni elmi yanaşsaq, bu belə olacaq, ssenari belədir. Nəzərə alsaq ki, bizim ətrafımızda Azərbaycanı istəməyən qüvvələr də var, burda məzhəb savaşı da sala bilərlər, etnik münaqişə də və s. Yəni bu iqtisadi böhran iqtisadi səbəbli olmayan digər böhranları da yarda bilər. Hökumətin də bununla bağlı heç bir tədbiri, gücü yoxdur. Məsələn, Nardaran hadisələri zamanı kiçik bir kənddə kiçik dini konflikt meydana çıxanda hökumət bunu asanlıqla nəzarət altına ala bilmədi. Bu əgər daha geniş, belə deyək, təriqət və məzhəblər arası bir qarşıdurmaya və yaxud etnik münaqişə zəmininə keçərsə, daha ağır çalarlar alar. Yəni bu halda iki böhran birləşəcək. Bu da daha ciddi və qorxulu proseslərə gətirib çıxar bilər. Hökumət olduqca sürətlə ciddi və ilk baxışdan ağlagəlməyən və öz maraqlarına zidd olan addımlar atmalıdır. Əks halda Azərbaycanı xilas edə bilməyəcəyik.
-Qeyd etdiniz ki, rayonlardakı sosial etirazlara xarici qüvələr müdaxilə edəb ilər. O halda, yaranmış vəziyyətdə müxalifətin missiyası nədən ibarət olmalıdır?
(Ardı var)
“Hürriyyət”