backend

Həbs edilmiş müstəntiqin həyatına qəsd hazırlanır?

Həbs edilmiş müstəntiqin həyatına qəsd hazırlanır?


Eldar Sabiroğlu: “Artıq o, qeyri-qanuni cəzasını çəkir, həyatı ilə oynamaq nə qədər ədalətli olardı?”

“Dəlil-sübut olmadan, öyrədilmiş şəxsləri üzünə durdurmaqla aparılan istintaq əməliyyatına təəccüb edirəm”

Tutduğu vəzifədən siyasi bəyanatla istefa verib hakimiyyətin hədəfinə gələn və bir neçə gün qabaq həbs edilən Rüfət Səfərovla bağlı həyəcanlı xəbər yayılıb. Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər, o cümlədən “Azərbaycan saatı” proqramının müəllifi Qənimət Zahid belə bir açıqlama yayıblar ki, Rüfət Səfərovun həbsxanada həyatına qəsd planlaşdırıldığı haqda etibarlı mənbələrdən məlumatlar daxil olur.
Bununla bağlı Rüfət Səfərovun atası, YAP-ın məşhur simalarından olan keçmiş deputat Eldar Sabiroğlu ilə əlaqə saxladıq.
Eldar Sabiroğlu bildirdi ki, o da ötən gecə bu açıqlamalarla tanış olub və bundan bərk narahatdır.
“Gecə sosial şəbəkələrdən xəbər tutdum ki, Rüfət üçün belə bir təhlükə hazırlanır, çox həyəcanlandım, övladımın vəziyyətinə ürəyim ağrıdı. Dərhal elə gecə yarısı vəkillə əlaqə saxladım və məlumatı ona çatdırdım. İndilərdə o təcridxanaya gedəcək, vəziyyət haqqında Rüfətlə danışacaqdır. Bir tərəfdən inanmagım gəlmir. Artıq o, qeyri-qanuni cəzasını çəkir. Həyatı ilə oynamaq nə qədər ədalətli olardı? Yenə də təkrar cənab prezindetə müraciət edərək, oğlumun işini nəzarətə götürməsini xahış edirəm”, – deyə YAP-ın keçmiş deputatı qeyd edib.
İstintaqın gedişi və Rüfət Səfərovun sağlıq durumuna gəlincə, atası bildirdi ki, işdə hələlik hər hansı yenilik yoxdur. Rüfət Səfərov hazırda Kürdəxanıda – bir nömrəli istintaq təcridxanasındadır və vəkili artıq onunla görüşüb. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.
Eldar Sabiroğlu təkrar edir ki, oğluna qarşı ittihamlar saxtadır, onu şərləyərək həbs ediblər.
“Fikrimin üzərində dayanıram – Rüfətin barəsində qaldırılmış cinayət işi qeyri-qanunidir. Təxminən iki il əvvəlki hansısa fakta istinad edilərək cinayət məsulyyətinə cəlb olunmuş Rüfət Səfərov 5-7 dəqiqəlik məhkəmə qərarı ilə həbsxanaya göndərilib. Nədənsə, il yarımdan sonra yada düşən bu məsələ oglum Rüfətin istefasından sonra hərəkətə gətirilib. Bunun özü göstərir ki, onun həbsi barədə korrupsiya ilə mübarizə baş idarəsinin seçmiş olduğu qərar huquqi nəticə etibari ilə ədalətli deyil. Dəlil-sübut olmadan, öyrədilmiş şəxsləri üzünə durdurmaqla aparılan istintaq əməliyyatına təəccüb edirəm. Zərdab o qədər də böyük rayon deyil. Əgər Rüfət belə bir işi görmüşdüsə, tez bir zamanda əhali arasında yayıla bilərdi və şübhəsiz, rayon prokuroru bundan xəbərdar olardı. Belədə prokuror öz səlahiyyəti çərçivəsində qərarı ləğv edərək yenidən istintaq araşdırmasına qaytarmalı idi. Göründüyü kimi, bu baş verməyib, deməli, Rüfət qərarı düzgün qəbul etdiyindən prokuror da onu təsdiq edib. Digər yandan, belə bir sual diqqəti cəlb edir: Müstəntiqlərin prokurorsuz hər hansı bir qərarı müstəqil qəbul etmək səlahiyyətləri ümumiyyətlə mümkündürmü? Çox istərdim, hörmətli rayon prokuroru bu suala bir aydınlıq gətirsin”.