backend

İlham Əliyevdən banklarla bağlı müjdə

İlham Əliyevdən banklarla bağlı müjdə



Bank sektorunun tənzimlənməsi məsələləri də öz həllini tapacaq.

qaynarxett.az Azadlıq.az-a istinaden xəbər verir ki, anspress-in məlumatına görə, bunu prezident İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.

Prezident vurğulayıb ki, bank sektorunun tənzimlənməsi təkliflərə baxılır. O bildirib ki, problemli bankların sağlamlaşdırılması prosesi getməli, bank konsolidasiyası aparılmalıdır və əmanətlərin sığortalanması məsələsi də öz həllini tapmalıdır.

“Bir neçə il bundan əvvəl Azərbaycan bu praktikanı tətbiq etməyə başlayıb və indi də əmanətlərin sığortalanması işində əlavə tədbirlər görüləcək. Əminəm ki, görüləcək tədbirlər həm bank sektoruna, eyni zamanda, milli valyutamıza olan inamı böyük dərəcədə artıracaq. Əminəm ki, bu addımlar çox müsbət nəticə verəcək”, – deyə İlham Əliyev bildirib.

Azərbaycan iqtisadiyyatının vəziyyətinin çox möhkəm və müsbət olduğunu deyən İlham Əliyev deyib ki, bütün iqtisadi göstəricilər bunu göstərir. Hətta böhranlı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı artıb, kənd təsərrüfatı təxminən yeddi faiz artıb.

İlham Əliyevdən banklarla bağlı müjdə
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə

“Bizim valyuta ehtiyatlarımız yaxşı səviyyədədir. Valyuta ehtiyatlarımızı qoruyuruq. Xarici dövlət borcumuz çox aşağı səviyyədədir, təxminən 12 faiz səviyyəsindədir. Devalvasiyadan əvvəl isə 10 faizdən az idi. Yəni, bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Bütün bu amilləri, iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, hesab edirəm ki, biz xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb edə bilərik. Bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir. Hesab edirəm ki, tezliklə bu məsələyə də baxılmalıdır. Mən şəxsən heç vaxt tərəfdarı deyildim ki, Azərbaycanın xarici dövlət borcu artsın. Çünki həmişə istəyirdim ki, 10 faizi keçməsin. Ancaq indiki vəziyyətdə nəzərə alsaq ki, bizdə bu səviyyə cəmi 12 faizdir, – bəzi inkişaf etmiş ölkələrdə 100 faizdir, 120 faizdir, 150 faizdir, – yəni, çox az ölkə tapılar ki, orada xarici borc bizdəki səviyyədə olsun. Bunu nəzərə alaraq deyə bilərəm ki, xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi bizim üçün heç bir problem yaratmaz. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır”, – deyə prezident bildirib.

Dövlət başısının sözlərinə görə, dövlət istiqrazlarının buraxılması məsələsinə də baxıla bilər: “Bu da beynəlxalq praktikada çox tez-tez baş verən hadisədir. Hətta bizimlə müqayisə edilməz dərəcədə daha da böyük həcmdə neft hasil və ixrac edən ölkələr buna gedirlər. Ən böyük neft ixrac edən ölkələr buna gedirlər, xarici maliyyə bazarlarından valyutanı cəlb edirlər. Ona görə biz də buna getməliyik. Burada heç bir problem yoxdur. Əslində, bu, imkan yaradacaq ki, biz iqtisadiyyata daha da böyük təkan verək”.

Həmçinin oxuyun:
Prezident manatla bağlı vətəndaşlara müraciət etdi
İlham Əliyev sərt xəbərdarlıq etdi