Restoran sahibini öldürən 17 nəfərlik banda üzvləri məhkəmə qarşısında - FOTO

560

Onlar Vahabovun mənzilinə basqın ediblər.
Restoran sahibini öldürən 17 nəfərlik banda üzvləri məhkəmə qarşısında - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Nurəddin Xəlilov, Müşviq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxəliyev, Rəşad Səfəralıyev, Xəlil Məmmədov, Samir Məmmədov, Rufis Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov və Fəxri Şirinzadənin CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.10 (təkrar qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla qəsdən adam öldürmə), 29,120 (qəsdən adam öldürməyə cəhd), 177 (oğurluq), 181 (quldurluq), 28,214 (terrorçuluğa hazırlıq), 217 (banditizm), 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu və soyuq silahı əldə etmə, satma, saxlama və ya gəzdirmə), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 283.2.3 (milli, irgi və ya dini düşmənçiliyin mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 326 (rəsmi sənədləri, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırlıq iclası keçirilib.

Oxu.Az xəbər verir ki, həmin cinayət işi 2014-cü il noyabrın 24-də Qəbələ şəhəri, M.Sabir küçəsi, 3 ünvanda "Soyuq bulaq" restoranının sahibi Vahid Vahabovun yaşadığı evdə odlu silahdan açılan atəşlə quldurluqla əlaqədar qəsdən öldürülməsi faktı üzrə başlanıb, 2015-ci ilin fevral ayında iş istintaqın davam etdirilməsi üçün Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göndərilib.

İstintaqla müəyyən edilib ki, əvvəllər məhkum olunan Nurəddin Xəlilov 2014-cü ilin mart ayında "Umar abi Mucaid" dini ləqəbi ilə özünü sələfi radikal dini cəryanın əmiri elan etməklə, radikal dini baxışlara malik şəxslərlə silahlı banda təşkil edib.

Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Buna görə sonuncular həmin vətəndaşın yaşadığı evə basqın edərək, külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirməyi qərara alıblar. Noyabrın 24-də Sumqayıt şəhərindən oğurladıqları "VAZ 2106" markalı avtomobillə Qəbələyə gedib, təxminən səhər saat 4 radələrində, üzlərinə maska taxaraq Vahabovun yaşadığı evə qanunsuz daxil olublar.

Nurəddin Xəlilov 12 kalibrli "Vinçester" sistemli tüfəngdən yaxın məsafədən atəş açaraq ev sahibini öldürüb, daha sonra mərhumun həyat yoldaşı Rəsmiyyə Vahabovaya bıçaqla xəsarətlər yetiriblər. Səsə qonşuların gələcəyindən qorxaraq, hadisə yerindən qaçıblar və cinayət əməllərini iradələrindən asılı olmayaraq başa çatdıra bilməyiblər.
Restoran sahibini öldürən 17 nəfərlik banda üzvləri məhkəmə qarşısında - FOTO
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci ilin fevral ayında cinayətkar dəstəyə rəhbərlik edən Nurəddin Xəlilov, Müşfıq Mikayılov və qeyriləri həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları evlərdən 4 ədəd "Makarov", 1 ədəd "TT" tapancalar, "Buldok" modelli revolver, “Vincester” markalı tüfəng, müxtəlif çaplı patronlar, 929 qram çəkiyə malik, partlayıcı maddə hesab edilən trotil, 24 qram heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 ədəd balta, 1 ədəd çapaçaq, maska kimi istifadə olunan 1 ədəd idman papaq və digər əşyalar götürülüb.


Dəstə üzvlərinin 2014-cü il martın 19 və iyulun 16-da Bakı ş. sakinləri Gündüz Cəfərovun Xəzər rayonunda və Məcdun Dünyamalıyevin Binəqədi rayonunda, evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları qarət etmələri, avqustun 18-də Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanda heç bir əsaslı səbəb olmadan Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, noyabrda Binəqədi rayonunda Bənurə İmanovanın mağazasını qarət etmələri, 2015-ci il yanvarın 31-də və fevralın 14-də Sumqayıt ş. sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun evindən 3000 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaları müəyyən edilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan edilib.

Məhkəmənin ilk baxışı fevarın 1-ə təyin edilib.