backend

Milli təəssübkeşlik ölməz ruhun təntənəsidi

Milli təəssübkeşlik ölməz ruhun təntənəsidiDahilərdən birinin dediyi kimi, böyük millətin dərdləri də böyük olurmuş. Çarəsizlikdən çözümünə yalnız ümid işartıları ilə inandığımız milli-mənəvi vəhdət ərazi bütövləşməsinin tələb etdiyi səviyyəni aşa bilmir. Müstəqilliyin son 25 ilində fərd olaraq qazandığımızın bu millətə qazandırdıqlarımızdan dəhşətli dərəcədə üstünlüyünü etiraf etməliyik. Ən azı ona görə ki, lənətlənmiş sovetlərdən miras qalan Qarabağ problemini nəsildən-nəsilə ötürmək zorunda qalmışıq. Bunun müxtəlif səbəbləri arasında görə bildiyimiz aşkar həqiqətlər çoxdur. Sadalamaq istəmirəm. Bilənlər bilir. Lakin bilmədiklərimiz də az deyil. Bu millət neyləsin? Binayi-qədimdən dolanıb-dolandırıb, haqqını tapdayanlara düşmən deməyib, Allah ağıl versin, deyib. İçərisindəki tükənməz maddi-mənəvi potensial sayəsində dahilər yetişdirib. Yetimini yemləyib yetkinləşdirib, oliqarx məmur, tacir, alim, hətta yazıçı nə bilim, daha nə qismində adam eləyib ortaya çıxarıb. Yaxşılı-pisli hamısına ehtiram göstərib. Neyləsin ki, indi oğulun atanın üzünə ağ olan, ağın qaraya, işığın zülmətə, abırın həyasızlığa möhtac vaxtıdı. Həyat kredosu cibdəki ovqata bağlı məxluq cəmiyyətdəki müvazinətini itirməmək üçün hər yola baş vurar. Sərvət amilindən asılılığın yaratdığı kübar üstünlükləri təki gerçəkləşsin. Albert Kamyu yazırdı ki, yazıçının yaşamadığı təəssüratları deməsi və qələmə alması iyrənclikdir. Belə iyrəncliklərə sonrakı kəskin reaksiyaları cavablandırmaq iqtidarında olmayan hansısa yazıçının ipoxondrik sayıqlamalarına haqq qazandırmağa çalışması nə dərəcədə doğrudur? Həqiqəti pul-para şəklində cibdə gəzdirənləri az görməmişik. Bəli, həyat belədir, öz acı gerçəklikləri ilə. Milyonlarla haram pulu qəpiyinəcən həzm etmək olmur. Məmur var ki, Azərbaycanı cibinə yerləşdirdiyini düşünür. Məmur da var ki, qızlar ansamblı "mehr və müştəri" sorağındadı. Dövlət başçısının belə qudurğanlıqlara qarşı sərt tənqidlərindən dərhal sonra bu məmurların bir hissəsi öz varidatını sərhədin o tayına transfer etməyə başladı. İndki devalvasiya mühitində cibin "səsi gəlmir", ağzını "zamoklayıblar". O məqamlarda nə deyəcəyimi çoxları kimi mən də bilmirəm. ...Çox-çox illər öncə Şimali Qafqazın şəhərlərindən birində tanış olduğum çeçen ailəsində böyüyən iki yeniyetmənin öz tarixi keçmişi barədə vüqarla, həvəslə və bir o qədər də fəxrlə məni məlumatlandırmasını xatırlayıram. Onları dinlədikcə mənə elə gəldi ki, çeçen xalqını yaşadan onun zaman-zaman dəyişən nəsillərinin itaətində bulunduğu ölməz ruhdur. Bu ruh təzə-təzə öyrəşdiyimiz milli ideologiyadan qat-qat üstün və əzəmətlidir. Müqayisə aparmıram, sadəcə bu məqamı çeçen xalqının böyüklüyünü təsdiq edən əsas amillərdən biri kimi qəbul etməmək olmur. Balaca bir çeçen qızındakı milli təəssübkeşlik ölməz ruhun təntənəsidi. Fəaliyyət Qurbanov