backend

Akif Əliyevin gözü Elman Mehdiyevin kreslosundadır

Akif Əliyevin gözü Elman Mehdiyevin kreslosundadır  DSMF-nin Masallı rayon şöbəsinin müdiri sahibkarlara yazdığı cərimələrdən nə qədər xeyir götürür? Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev hələ ki, bu vəzifədə özünü doğrulda bilmir. Etiraf etmək lazımdır ki, sabiq sədr Səlim Müslümovun zamanında fondun fəaliyyəti daha ürəkaçan idi. Elman Mehdiyev sədr keçəndən sonra bu qurum sanki tənəzzül dövrünü yaşamaqdadır. Fikir vermisinizsə, son vaxtlar DSMF-nin yerli şöbələrinin fəaliyyəti ilə bağlı şikayətlərin sayı xeyli artıb. Vətəndaşlar müvafiq instansiyalara müraciət edərək üzləşdikləri haqsızlıq haqda məlumat verirlər. Dövlət Sosial Müdafiə Fondunun əsasnaməsində göstərilir ki, bu rəsmi struktur dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsində iştirak etmək, qurumun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək, öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək, məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsini yerinə yetirmək kimi vəzifələrini icra edir. Əfsuslar olsun ki, DSMF-nin bəzi rayon şöbələri bu vəzifələrinin öhdəsindən layiqincə gələ bilmir. Belə olan halda ciddi problemlər ortaya çıxır. Fondun funksiyasında məcburi dövlət sosial sığortasının inkişafına və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, məcburi dövlət sosial sığorta vəsaitinin idarə edilməsi, əmək pensiyaları sahəsində idarəetmə, pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsi, maliyyələşdirilməsi və ödənilməsinə nəzarət təsbit olunub. Habelə Elman Mehdiyevin rəhbəri olduğu struktur qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarını müəyyən edir. Bir sözlə, dövlət fondunun söykəndiyi əsasnamədə hər şey tam aydınlığı ilə əks olunub. Lakin qurumun bəzi yerli şöbələrinin rəhbərləri qanunun tələblərini pozaraq özbaşına işlər görürlər. Buna misal olaraq fondun Masallı rayon şöbəsində yaşanan xoşagəlməz hadisələri göstərə bilərik. Qəzetimizin ötən saylarında şöbə müdiri Akif Əliyevin işində nöqsanlara yol verməsi barədə yazı dərc etmişdik. Deyəsən, şöbə rəhbəri fəaliyyətində dönüş yaratmaq fikrində deyil. Etibarlı mənbələrdən aldığımız son məlumatlarda vurğulanır ki, şöbə rəhbəri Elman Mehdiyevə itaətsizlik edərək işini özünə sərf edən formada qurub: "Bildiyiniz kimi, ən xırda müəssisənin sahibi belə fonda ay ərzində işlətdiyi işçinin sayına görə ödənişlər edir. Hər hansı iş adamı bunu gecikdirirsə, müvafiq qaydada cərimə edilir. Fondun Masallı şöbəsinin rəhbərliyi yığılan cərimələri özlərinə məxsus qaydada silirlər. Məsələn, əgər hansısa sahibkar dörd-beş ay Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmirsə, qanunvericilik əsasında cərimə tətbiq edilir. Cərimə gecikmə müddətinə əsasən müəyyənləşdirilir. Yəni çox gecikmə olarsa, qurum 2000 manata kimi cərimə tətbiq edir. Belə hallar qeydə alınanda sahibkarlar şöbə müdiri ilə danışıb anlaşır. Beləcə, sahibkar yüksək məbləğdə cərimə ödəməkdən yaxasını kənara çəkir. Akif müəllim heç bir sənədə əsaslanmadan cərimə sanksiyaları tətbiq edir". Məlumatlı şəxsin bildirdiyinə görə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri bütün sənədləri təqaüd almağa hazır olan rayon sakinlərini səbəb olmadığı halda narahat edir: "Şöbə müdiri vətəndaşlara aşkar şəkidə deyir ki, xoşunuz gəlir budur, gəlmirsə başqa qapıya gedin. Vətəndaşın qanunla təqaüdə çıxmaq hüququ var, buna yaşı imkan verir, amma şöbə rəhbəri həmin insanlardan nəysə umur, tələb edir. Bundan başqa, bəzi şəxslər hansısa yollarla iş stajlarını artırır və nəticədə pensiyaya çıxırlar. Akif Əliyev bu vəzifəyə təyin olunarkən mövcud prolemləri, yəni rüşvət və korrupsiya hallarını aradan qaldıracağına söz versə də, bu gün tamamilə başqa formada işləyir". Məlumata görə, şöbə müdirinin gələcək karyerası ilə bağlı bəzi planları var. İddialara əsasən, onun ən böyük arzusu Dövlət Sosial Müdafiə Fondunun sədri işləməkdir. Yəni şöbə müdirinin gözü Elman müəllimin kreslosundadır. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.