backend

Siyasi partiyaların hüquqi statusuna və fəaliyyətinə yenidən baxılacaq

Yeni dəyişiklik mübahisələrə son qoyacaq.
Siyasi partiyaların hüquqi statusuna və fəaliyyətinə yenidən baxılacaq
Azərbaycanda bəzi partiyalar fəaliyyət göstərmək əvəzinə alqı-satqı obyektinə çevrilib, bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil. Bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik etməyə, məsələlərin hüquqi bazasını konkretləşdirməyə qərar vermişik.

Oxu.Az-ın xəbərinə görə, bunu APA-ya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanuna və bundan irəli gələrək digər qanunvericiliyə dəyişikliklərin edilməsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. S. Novruzov deyib ki, bununla bağlı dünya təcrübəsi əsas götürüləcək.

“Məsələn, dünya təcrübəsində də var ki, partiya yaranandan sonra iki ildə heç bir siyasi prosesdə iştirak etmirsə, avtomatik bağlanır. Yeni hüquqi baza yaradarkən bunları nəzərə alacağıq. Bizdə bəzi partiyalar funksiyalarını yerinə yetirmir, alqı-satqı bazasına çevrilir. 90-cı illərdə Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyanı sonradan kimsə alır, kimsə nəsə edir.

Bir sıra partiyalarda artıq məhkəmə çəkişmələri başlayıb. Bir tərəf deyir ki, partiyanın adı, möhürü mənə aiddir, digər tərəf isə ona aid olduğunu iddia edir. Biz bütün bunların hamısını qanunla tənzimləməliyik”, - deyə S.Novruzov deyib.

Bu problemlərin hazırda AXCP və Müsavat Partiyalarında olduğunu deyən S. Novruzov bildirib ki, yeni dəyişiklik bu məsələləri həll edəcək, mübahisələrə son qoyacaq.