backend

Azərbaycan Universitetində icarə rüsvayçılığı

Universitetin adı və loqosunun çıxarılmadan onun yerləşdiyi binanın icarəyə verilməsi barədə elan lövhəsini vurmaq, kollektivə və universitetin adına böyük hörmətsizlikdir
Azərbaycan Universitetində icarə rüsvayçılığı
Artıq bir neçə müddətdir ki, redaksiyamıza Azərbaycan Universitetinin (AU) fəaliyyətində müşahidə olunan çoxsaylı və müxtəlif səpgili problemlərdən bəhs edən məlumatlar daxil olmaqdadır. Bütün bu məlumatlarda isə, diqqəti cəlb edən əsas məqam, universitetdə yaşanan problemlərin əksəriyyətinin məhz bu ali tədris müəssisəsinə Fərid Əhmədovun rektor təyin olunmasından sonra yarandığının vurğulanması ilə bağlıdır. Bir daha xatırladaq ki, Fərid Əhmədov Azərbaycan Universitetinə 2015-ci ilin əvvəllərindən rəhbərlik edir və onun bu postda fəaliyyəti universitet daxilində heç də birmənalı qarşılanmır. Dərc etdiyimiz ötən materiallarda biz artıq, aldığımız açıqlamalara istinadən, Azərbaycan Universitetində yer almış qanunsuz pul yığımları, əmək haqqlarının verilmə qaydalarına edilən dəyişikliklərdən doğan narazılıqlar, icarə haqqının ödənilməməsi, lisenziyasız fəaliyyət və digər problemlərdən söz açmışdıq. Dünən isə redaksiyamıza daxil olan və “Facebook” sosial şəbəkəsində yayımlanan daha bir maraqlı fakt diqqətimizi cəlb etdi. Azərbaycan Universiteti icarəyə verilir! Doğrusu, ilk öncə universitetin yerləşdiyi və sənədləri düzgün olan yeganə əsas tədris korpusu kimi təqdim olunan binanın icarəyə verilməsi barədə lövhənin çəkilmiş şəklinin “fotoshop” məhsulu olduğunu ehtimal etdik. Lakin, faktı gözümüzlə gördükdən sonra buna tam əmin olduq. Universitet rektoru Fərid Əhmədovun son zamanlar ali məktəbdə tədrislə bağlı tətbiq etdiyi “yeniliklər” bizi o qədər çaşdırıb ki, atılan bu addımı da tədrisdə növbəti bir yenilik hesab etdik. Düşündük ki, rektor analoqu olmayan yeni idarəçilik metodu tapıb. Rəhbərliklə əlaqə saxlamaq cəhdimiz yenə də alınmadı. İcarə lövhəsindəki telefon nömrəsini yığdıq və məsələyə aydınlıq gətirdik. Məlum oldu ki, icarəyə verilən universitet yox binadır. Bəs belə olan halda nəyə görə universitetin adı və loqotipi olan reklam lövhəsi sökülməyib? Əvvəlki yazılarımızda universitetin rektorunun həmin obyektə olan aylıq borcları barədə məlumat vermişdik. Bu gün icarə lövhəsi ilə atılmış addım bunu bir daha sübut etdi. Borcun isə, ödənildiyi barədə dəqiq məlumatımız yoxdur.Universitetin natamam sənədləri olan bir tədris korpusuna köçməsi, ona verilən lisenziyanın etibarsızlığından vəbər verir. Görəsən bu barədə lisenziya verən rəsmi dövlət orqanının və tabeçiliyində olan “Synergy Group” ASC-nin rəhbərliyinin xəbəri varmı? Hesab edirik ki, universitetin adı və loqosunun çıxarılmadan onun icarəyə verilməsi barədə elan lövhəsini vurmaq, kollektivə və universitetin adına böyük hörmətsizlikdir. İstər hüquqi, istərsə də mənəvi cəhətdən. Qəribədir ki, ixtisasca hüquqşünas olan Oksford məzunu Fərid Əhmədov elmdən və Avropa mədəniyyətindən danışaraq pedaqoji və inzibati kollektivə hüquq dərsi keçdiyi halda, nəyə görə bu cür kobud səhvə yol vermişdir? Hüquqşünas olmayan obyekt sahibi şəxsi maraqlardan çıxış edir və mülkiyyətinin icarəyə verilməsi məsələsini gündəmə gətirərək, prosesləri bilmədən tezləşdirə bilər. Lakin qarşı tərəfin bunu bilməməsi hüquqi cəhətdən yol verilməzdir. Atılmış addım və yaranmış vəziyyət universitet rektorunun kollektivə və tələbə kontingentinə olan əsl “səmimi” münasibətidir. Bəlkə biz yanılırıq? Amma bizə belə gəlir ki, əmlakın icarəyə qəbulu və təhvil verilməsi barədə adi bir müqavilənin şərtlərini bilməyib, ona düzgün əməl olunmasına nəzarət etməyən Oksford məzunu olan hüquqşünas rektorun hüquq təhsili kifayət qədər deyil. Hər halda bunu hüquqşünaslar daha yaxşı bilər. Ümid edirik ki, Fərid Əhmədov bundan sonra universitetin imicinin qorunub saxlanılmasında daha diqqətli olacaq və bu cür kobud səhvlərə yol verməyəcək.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.