backend

Göyçayın maliyyə rəisi “p-rofessional” deyil, bəs nədir?

Yaxın dövrdə rayonun dotasiyadan imtina edəcəyi proqnoz edilmir
Göyçayın maliyyə rəisi “p-rofessional” deyil, bəs nədir?
Dünyada hələ də davam etməkdə olan qlobal maliyyə böhranı Azərbaycan da daxil olmaqla bütün ölkələrdə büdcə siyasətinin böhranın tələblərinə uyğunlaşdırılmasını tələb edir. Mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub. Heç şübhəsiz ki, bu qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, ilk növbədə ölkənin valyuta daxilolmalarının azalması və tədiyyə balansının müsbət saldosunun daralması, Azərbaycan mənşəli məhsulların rəqabətliyinin enməsi ilə müşahidə olunur.

Bununla yanaşı, ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır. Bu nöqteyi-nəzərdən, sırada respublikanın bütün bölgələrində maliyyə intizamının möhkəmləndirilməsi əsas vəzifələrdən biridir. Di gəl, bəzi rayonlarda məhz uğursuz kadr seçimi səbəbindən bu vəzifənin öhdəsindən gəlinmir. Belə əyalətlərdən biri də Göyçaydır.

Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilmir, büdcə vəsaitinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunmur. Rayon Maliyyə İdarəsinin işçiləri – maliyyə nəzarətini həyata keçirməklə vəzifələndirilmiş mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində müsahiblərlə maarifləndirmə işi aparmaq adı altında yalnız rəisləri Firdovsi Rəhimovun get-gedə artan tələblərini çatdırırlar. İdarənin qoltuğupapkalı reketləri o qədər “aktiv” fəaliyyət göstərirlər ki, çox vaxt inzibati binası Göyçay rəhərində yerrləşən 9 saylı Regional Maliyyə Müfəttişliyinin də səlahiyyələrini mənimsəməyə cəhd edirlər. İdarə, müəssisə və təşkilatlara maliyyə intizamına riayət edilməsi, isarfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən heç bir əməli tövsiyələr verilmir. Bu səbəblərdəndir ki, yaxın dövrdə rayonun dotasiyadan imtina edəcəyi, yerli xərclərin elə yerli gəlirlər hesabına maliyyələşəcəyi proqnoz edilmir. Rayon Maliyyə İdarəsində büdcə gəlirlərinin artırılması üçün mövcud qanunvericiliyin tələbləri yerinə yetirilmir, büdcə xərclərinin icrası tam təmin olunmur. Büdcə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsinə diqqət yetirilmir.

Firdovsi Rəhimovun rəvac verdiyi qanunsuzluqların çoxu Dövlət satınalmaları müstəvisində baş verir. Büdcədən maliyyələşən idarələrə ayrılan maliyyə vəsaiti əsasən Firdovsinin de-fakto özünə, de-yure çevrəsindəki adamlara məxsus olan əldəqayırma firmaların vasitəsilə mənimsənilir. Buna aid çoxsaylı misallar göstərmək olar. Götürək elə ötən qış rayonun mədəniyyət müəssisələrinin oduna olan ehtiyacının ödənilməsi müstəvisində həyata keçirilən maliyyə maxinasiyasını. Firdovsi bəyin rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürovla əlbir olaraq, “tədbir ilə ovladıqları” 12000 (on iki min) manat pulu maliyyə rəisinə mənsub olduğunu hamının bildiyi “Şahin 2013” firması vasitəsiylə “həzm-rabedən” keçirmələri heç də izsiz ötüşməyib. Guya heç kəs bilmir ki, mədəniyyət şəbəkəsinə aid olan kənd kitabxanalarının fəaliyyəti yalnız kağız üzərindədir və nəinki qışda, həmçinin ilin mülayim iqlim vaxtarında belə qapıları bağlı olur? Belə olan halda onları boş yerə oduncaq yandırıb qızdırmağın korrupsiyadan başqa nə adı var?

Firdovsi bəyin bir maliyyəçi kimi qabiliyyətinə şübhəmiz yoxdu, çoxdanın maliyyəçisidi. O, idarəyə rəhbərlik etməzdən qabaq maliyyə rəisinin müavini vəzifəsində çalışıb, xeyli təcrübə toplamışdı. Köhnə rəisi, yıxıb yerinə keçdiyi Məmməd müəllimdən tənqid yazan qəzetçilər Firdovsinin də tənqid mövzusu olan məsələyə münasibətini soruşanda suallarına sualla cavab verirdi ki, bəs nə əcəb adamları ləqəbi ilə yazmırsan. Vaxt dolanıb gəldi, Göyçay ictimaiyyəti Firdovsinin özünün adına “P” hərfi ilə başlayan ayama yapışdırdı. Hərçənd, bu bir ayrı söhbətin mövzusudur.

Bu və hələ sadalamadığımız digər səbəblərdəndir ki, yaxın dövrdə rayonun dotasiyadan imtina edəcəyi, yerli xərclərin elə yerli gəlirlər hesabına maliyyələşəcəyi proqnoz edilmir.