backend

Paşa İlisuyski ultimatum göndərdi: «Rədd olun Qaxdan!»

«Camaatı əzməkdənsə, sizə həvalə edilmiş vəzifələri icra edin»
Paşa İlisuyski ultimatum göndərdi: «Rədd olun Qaxdan!»
Son parlament seçkilərində namizədliiyni irəli sürmüş və yerli İcra Hakimiyyətinin qurduğu oyun nəticəsində qeydiyyata alınsa da, sonradan namizədliyi ləğv edilmiş iş adamı Paşa İlisuyski Qaxın məmur kontingentinə ultimatum göndərib. JAM.AZ xəbər verir ki, Paşa İlisuyski bununla bağlı özünün Facebook səhifəsində yazıb.

O qeyd edir ki, son dövrlər çox maraqlı hadisələr baş verir. «Qaxda baş verən özbaşınalıq, rüşvətxorluq, qohumbazlıq və haqsızlıqdan danışmağa başlayan kimi, elə Qax camaatını bu bərbad vəziyyətə salanlar bir-iki nəfər tapırlar və statuslarımda 1993-2002-ci illəri xatırlatmağa çalışırlar. Birincisi, mən bu gün Qaxda baş verənlərdən danışıram. 23 il əvvəl olanlardan yox. İkincisi, 1993-cü ildə mənim 16 yaşım var idi, lakin yenə yadımdadır ki, bu gün baş verənlərdən fərqli olaraq, Qaxda işıq olmayanda icra başçısının da evində işıq olmazdı».

O daha sonra qeyd edib: «Qaxda çörək qıtlığı olanda, bizim evimizdə də anam odun sobasının üzərində köhnə çörəkdən suxari düzəldər və torbaya yığardı. 1993-2002-ci illərdə Qaxda Tütün Fermentasiya Zavodu tikildi. Süd Zavodu müasirləşdirildi. Fındıq Təmizləmə Mini Zavodu inşa olundu, Qax Suyu Susken sexi quruldu, Elevator daha müasir avadanlıqlarla təmin edildi, İstirahət Mərkəzi inşa etmək istəyənlərə pulsuz torpaq ayrıldı. Kəndlilərin istifadəsi üçün yeni texnika gətirildi, yeni toxum sortları paylanıldı, Dövlət Torpaqlarının icarə müddəti 1 ildən 5 ilə qaldırıldı, camahatın mal-qarasının süni mayalanması dövlət hesabına təşkil olundu, Qaxda ilk olaraq dövlət hesabına Qadın Məsləhətxanası açıldı və iki UZİ apparatı gətirildi. Bundan başqa, əhalinin dolanışığını yaxşılaşdırmaq və işsizliyi aradan qaldırmaq üçün ona yaxın tədarük və istehsalat sexləri açıldı».

Paşa İlisuyski daha sonra qeyd edir ki, həmin vaxt görülən işlər əhalinin dolanışığı və işsizliyin aradan qaldırılması üçün edilirdi. «Daha indiki kimi büdcə hesabına parklar tikib, üzərində də şəxs çayxanalar açılmırdı. Həmin ərəfədə yaradılan bütün istehsal müəssisələrinin heç biri bizim tərəfimizdən özəlləşdirilmədi.. Kimlər özəlləşdirib qaxlılar onları yaxşı tanıyırlar. Çox maraqlısı odur ki, 2002-ci ildən bəri əhalinin rifahının yüksəldilməsi üçün rayonda hansı işlər görülüb? Ən əsası da odur ki, şəxsən mən Qaxda heç bir vəzifə sahibi olmamışam. Bu gün rayonda baş verən özbaşınalığa və haqsızlığa qarşı səsimi daim ucaldacam. Camaatı əzməkdənsə, sizə həvalə edilmiş vəzifələri icra edin. Bacarmırsınızsa, konkret olaraq anna yurdum Qaxdan rədd olun ki, bacaranlar xalqın qayğısına qalsın».

Qarşı tərəfi də dinləməyə hazırıq.