backend

İki dost arasında

İki dost arasında



Ya bu dostları barışdır, ya da bir yol aç, baş götürüb qaçım bu qovğadan, uzaqdan-uzağa duaçıları olum.
“Bəla hardan gəlir” sualı iki mənada ortaya çıxır. Biri bu ki, bəlanın gəldiyi ünvan qaranlıq olur. Bu məna istisna hallarda nəzərdə tutulur. Əksəriyyət qəbul edir ki, bəlaya yol açan, Allahın insandan üz çevirməsidir. Təbii ki, peyğəmbərlər, övliyaların qarşısına çıxan çətinliklər fərqli şərh edilə bilər.
İkinci məna budur ki, bəlanın səbəbi nədir, Allah nə üçün üz çevirib ki, bəlaya yol açılıb? Mən ikinci mənanı nəzərdə tuturam.

İki dost arasında qalmaq, seçim aparmağa məcbur olmaq mənə bəla görünür. Hansı günahın cavabıdır, bilmirəm. Bəzən hər birini sevdiyin, ehtiram göstərdiyin iki tərəf arasında anlaşılmazlıq yaranır, qarşıdurma olur, bir sözlə, şeytan girir ortaya və sən də qalırsan ortada – gözünə görünməyən şeytanla birlikdə. Nə etməli? İki dost arasında körpü kimi qalmaq Allahı daha çox razı salardı. Amma bu dostlar tələb edir ki, sən onlardan birini seçməlisən. Onlardan birini seçməksə alovu qızışdırmaqdır. Dostların aid olduğu tövhid cəbhəsini zəiflətməkdir. Bu dostların və sənin ümumi düşməniniz var. Şeytan sizi parçalayır ki, hamınıza hakim olsun, hamınızı qula çevirsin.

Deyirlər ki, iki tərəf arasında dava varsa, onlardan hökmən hansısa daha çox günahkar, hansısa daha haqlıdır. Yəni sən haqlı tərəfi seç. Mənsə deyirəm ki, müharibə gedir, göydən mərmi yağır, başımızı qaşımağımız səbəb olur ki, diqqətimiz yayınsın və zərbə alaq. Küfrə, zülmə qarşı cəbhədə olmaq bir şərəfdir. Bu cəbhə daxilində kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq bir əzabdır mənə. Mənim üçün zülmlə vuruşan hər bir insan haqlıdır. İndi bu insanlar arasından iki dost küsüb, inciyib bir-birindən. Barışdırmağa gücüm yox. Ən pisi bu ki, sən bu iki dostdan birini seçməli, biri ilə qalmalısan. Bu isə o deməkdir ki, tək qalmış dosta qarşısan.

Ey Rəbbim, Sən bir “ol”la yaratdın varlıq aləmi. Dostluğu, sevgini, mərhəməti, bütün yaxşılıqları və gözəllikləri bir “ol” buyurub səhnəyə gətirdin. Şeytan dolaşır gözəlliklər arasında. Sanki eşq ağacına bir ilan sarılıb, bu ağacın çiçəkləri arasında ayrılıq salıb. Rəngi də eynən budaqlar rəngdə. Amma Sən onu görürsən, Rəbbim. Bizi ehram geyib aramızda dolaşan şeytanın şərindən qoru. Bizi iki dost arasında seçim aparmaq məcburiyyətində qoyan bəlalardan, bu bəlalara yol açan günahlardan hifz et! Ya bu dostları barışdır, ya da bir yol aç, baş götürüb qaçım bu qovğadan, uzaqdan-uzağa duaçıları olum. Axı Sən hər şeyə qadirsən. Səni təfriqələrdən dolayı qeybə çəkdiyin İmama (əc) and verirəm, bu üzücü intizarlara son qoy.