backend

Zahid Oruc dollarla olan kreditlərdən danışdı: “Çıxış yolu...”

Zahid Oruc dollarla olan kreditlərdən danışdı: “Çıxış yolu...”



Maliyyə Nazirinin son çıxışı dövlət tərəfindən güzəştlərin ediləcəyini gözləyən borc sahibləri üçün “soyuq duş” effekti oldu. Artıq insanlar problemlərini başqa hansı yollarla həll edilə biləcəyi haqqında düşünürlər.

Millət vəkili Zahid Oruc dollarla kredit borcu olanlara, eləcə də bu məsələ ilə bağlı hökumətə müəyyən təkliflər verib.

Deputat bildirib ki, vətəndaşlarla banklar arasındakı problem məhkəmələrdə həll olunmalıdır: “Vəziyyət ondan ibarətdir ki, bank strukturları vətəndaş üzərində kredit faizlərinə görə sümürgən bir vəziyyət yaratmışdılar. Bu dəfələrlə həm parlamentdə, həm hökumətdə, xüsusilə cənab prezident tərəfindən irəli sürülmüşdü ki, faiz siyasətinə baxılmalıdır. Mən çox yaxşı xatırlayıram ki, 2014-cü ildə ölkə rəhbəri müşavirələrin birinin əsas hissəsini buna yönəltmişdi. Lakin sonrakı dövrdə baş verən hadisələr bunu arxa plana keçirdi. Samir Şərifovun son iki müsahibəsində belə bir xətt özünü göstərir ki, banklar həm istehlak, həm digər kreditlərdə faizlərə görə gəlirlərini əldə ediblər, ona görə də, güzəşti banklar etməlidir. Azərbaycan vətəndaşları kütləvi olaraq bankları məhkəməyə verə bilər. Özünü yandırmaqdansa, intihara əl atmaqdansa, depressiya altında qərar verməkdənsə, hüquqi müstəvidə hərəkət etmək daha doğru olmazdımı? Burada iki tərəf var: banklar və vətəndaşlar... Dövlət tərəfindən müxtəlif formalı yardımlar edilə bilər. Birinci, hökumət təşkilati idarəçilik modeli kommersiya qurumu olmasına baxmayaraq, zəmanət verir ki, banklardakı vəsaitlər batmayacaq. Bunun paralelində iki və ya üç mexanizmi də işə salmaq lazım idi”.

Zahid Oruc problemin həlli üçün 3 yol təklif edib: “Birincisi, ya Mərkəzi Bank bütün qurumlara dollar kreditini uzunmüddətli şəkildə verirdi ki, onun vasitəsi ilə məzənnə fərqi 10 il müddətində dondurulur və sağlamlaşma dövründə həmin strukturların gəlir imkanlarının tamam fərqli dövründə bu məsələyə qayıdacağını elan edir. İkinci yol ondan ibarət ola bilərdi ki, bütün kredit öhdəliyi altında olan insanlara qarşıdakı dövrdə aşağı faizli kreditlər verir ki, o insanlar ödəmələrində fərqli bir duruma gəlib çatsınlar. Bu, bir sıra ölkələrin praktikasında özünü göstərir. Üçüncü yol isə ondan ibarət ola bilərdi ki, kütləvi olaraq məhkəmələrə verilir və əminəm ki, vətəndaşlar burada udacaqdır. Burada vətəndaşları hüquqi əsasları var. Bu, ondan ibarətdir ki, hüquqi şərtlər vətəndaşın ziyanına dəyişdiyi təqdirdə, bu tətbiq oluna bilməz. Burada bir neçə məhkəmədə fərqli qərar verilsə də, mən əminəm ki, son mərhələyə qədər davam edən vətəndaşlar prosesi udacaqlar. Bu proses Avropa İnsan Haqları Məhkəməsinə qədər gedib, çıxa bilərdi”.

Milli Məclis üzvünün sözlərinə görə, problemin hüquqi əsası vətəndaşın xeyrinədir: “Vətəndaş məhkəmə qarşısında bəyan edir ki, o, hüquqi şərtlərin dəyişməsinə görə günahkar deyil. Dünyada bütün qanunların şərti budur ki, qanunlar sabit vəziyyət üçün bərqərar olunmalıdır. Yəni, hazırki dövrdə banklarla vətəndaşların “müharibə” etməsinin səbəbi devalvasiya şərtlərinə görədir. Manat dollar qarşısında 100 faiz devalvasiyaya uğrayıb. Situasiya onu göstərir ki, bankların sayı azalacaq, onların bəziləri bağlanacaq, bəziləri isə birləşəcək. Bank faizləri isə 5-7 faizdən artıq olmayacaq. Dünyada elə bir şirkət yoxdur ki, yatırdığı vəsaitdən 30 faiz qazanc əldə etsin, onun 25-27 faizini banklara verib, 3-4 faizini özlərinə götürsünlər. Belə bir hal heç bir ölkənin təcrübəsində yoxdur”.

Millət vəkili problemin həlli üçün mütəmadi dəyirmi masaların keçirilməsini və vətəndaşların da səsinin eşidilməsini vacib hesab etdiyini vurğuladı: “Mən hesab edirəm ki, bu məsələ ilə bağlı mütəmadi görüşlərə ehtiyac var. İnsanlar öz mövqelərini sosial şəbəkələrdə deyil, müxtəlif iclas zallarında bildirilməlidirlər. Mərkəzi Bank, bank strukturları və vətəndaşlar niyə birgə görüşlər təşkil etmirlər? Mən bu məsələdə vətəndaşların mövqelərini düzgün hesab edirəm. Ancaq çıxış yolu nə Rusiyadakı kimi banklara hücum etmək, nə də özünü yandırmaqdır. Ən başlıca vasitə parlament üzvlərinin də yardımından istifadə edərək, məhkəmələrə müraciət etməkdir. Mən çıxış yolunu bunda görürəm”.