backend

Türkiyə Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib - YENİLƏNİB

Türkiyə Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib - YENİLƏNİB
Bu, təbliğatdan başqa bir şey deyil.

Rusiyanın Müdafiə Nazirliyi “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Suriyadakı Rusiyaya məxsus təyyarələrin heç biri Türkiyənin hava məkanını pozmayıb. Türkiyə tərəfinin ölkənin hava məkanının guya “SU-34” təyyarəsi tərəfindən pozması barədə bəyanatı təbliğatdan başqa bir şey deyil”, - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.

21:00

Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsinin yanvarın 29-da ölkənin hava məkanını pozmaqda ittiham edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla şənbə günü Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.

“Ötən gün (29 yanvar 2016-cı il) Rusiya Kosmik Hava Qüvvələrinə məxsus bir “Su-34” təyyarəsi Türkiyənin hava məkanını pozub. Bundan öncə Türkiyənin radiolokasiya stansiyaları rus və ingilis dillərində Rusiya təyyarəsinə dəfələrlə xəbərdarlıq edib”, - deyə XİN-in məlumatında bildirilir.

İdarə qeyd edib ki, yanvarın 29-u axşam Rusiyanın bu ölkədəki səfiri nazirliyə dəvət olunub, ona sərt etiraz bildirilib və bu hərəkət pislənib. Lakin bəyanatda hava məkanının konkret olaraq hansı ərazidə pozulduğu ayrıca qeyd olunmur.

Rusiyanın Ankaradakı səfirliyinin mətbuat attaşesi İqor Mityakov TASS-a görüşün keçirilməsi faktını təsdiqləyib.

“Təsdiq edirik ki, belə bir görüş olub. Onun mahiyyətini açıqlamırıq”, - deyə o bildirib.