backend

Məmur arvadıdı deyə... tank sürməlidir?

Məmur arvadıdı deyə... tank sürməlidir?İndi hamı yenə başlayacaq təəccüblənməyə. Bu xəbəri o birinə ötürəcək, bu biri başqasına. “Xəbərin oldu? Filan məmurun arvadı 20 milyon dollara 16 villa alıb...” Mən də eyni təəccüblə soruşacam ki, hə, nə olsun?

Məlumat üçün bir dəfə də mən təkrarlayım: SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavin Qiymət Mehdiyevin həyat yoldaşı Könül Mehdiyanın Bodrumda 20 milyon dollara 16 villa alması barədə foto və videofaktları Türkiyə mətbuatı üzə çıxarıb, sonra da məlumat yerli mediaya sızıb. Yəni, hər şey faktla, sənədlərlə təsdiqlənib. Uşaq deyilik, məlumdu ki, Q.Mehdiyev kiminsə qəzəbinə tuş gəlib, ya da düşmənləri puldan buraxıb, bu kompromatı ələ keçirib. Yoxsa ki, məmur Bodrumda villa alar da. O da bizim kimi hər ay qəpik-qəpik pul yığıb, ildə bir dəfə “çerez Tiflis” Türkiyəyə 1 həftəlik istirahətə getməz ki? Axı bu, təbiətin qanununa zidd olar.

Hansısa idarənin beşinci dərəcəli məmuru da eyni şeyi etmirmi? Bakı kəndlərində hərəsinin bir neçə evi yoxdumu? Nə yayda yolları düşər ora, nə də qışda. İl uzunu işığı yanmaz o villaların. Niyə? Çünki dediyim kimi, təbiətin qanunudur. Siçan kimi xımır-xımır yığmaq kreslonun fəlsəfəsindəndir. Onlar vəzifəyə gəldiyi gündən, kresloya oturduqları dəqiqədən etibarən “sayğac” qurular. “Nə olar nə olmaz, dar gün üçün” deyib başlayarlar ee... Çəkidə yüngül, vəzndə ağır... Sonra bu yığdıqları torpaq sahəsinə çevrilər, villaya çevrilər, qızıl külçəyə çevrilər... MTN əməliyyatından sonra icra başçılarının milli çekistlərə torpaq sahələrini xəngəl kəsirmiş kimi kəsib necə payladığını unutmusuz?

Sıravi insanın sadəlövh hesablamasını qoyun bir qırağa. “Bunların neçə uşağı var ki, bu qədər ev alırlar” sualı artıq Molla Nəsrəddinin lətifələri qədər gülməlidir. Onlar məsələyə konseptual olaraq yanaşırlar, gözü çıxmış qardaşlarından dərs çıxarıb, onun-bunun adına daşınmaz əmlaklar alırlar. Neft ucuzlaşır ya. Fürsət bu fürsət... Nə taladılar, taladılar. Nəinki uşaqlarına, uşaqlarının uşaqlarına da indidən gün ağlayırlar öz aləmlərində. Düşdükləri günə iki dəsmal lazımdır halbuki.

Özü də təkcə məmurmu edir bunu? Sıradan biznesmen, obyekt sahibi, ticarət adamı əlinə beş qəpik pul düşən kimi eyni addımı atmırmı? Ev alır, torpaq alır, qızıl alır... Bir ucdan alır. Arvadı şubanın birini qarderobdan asıb, o birilərini satın alır. Sanki biri isitmirmiş kimi. Adam tanıyıram ki, Binə yarmarkasında bir neçə dükanı var, amma şəhərdəki çoxmərtəbəli binalarda bir neçə mənzil alıb. Heç birində yaşamır, kirayə də vermir. Sadəcə ayda bir dəfə qulluqçu göndərib, o evləri təmizlətdirir. Məntiq nədir, hansı fəlsəfədi, anlamaq mümkün deyil. Bunu anlamaq üçün onların nə yeyib-içdiklərini bilmək şərtdir.

Halbuki həyat insanın böyründən yel kimi ötüb keçir. Gəzəcək çoxlu ölkə, görəcək gözəlliklər, izlənəcək fimlər, oxunacaq kitablar... Dünya özü boyda möcüzədir. Onu kəşf etmək yerinə daş-divar üçün acgözcəsinə vuruşmaq, paçka-paçka pul yığmaq... inanmıram ki, ingilisin, fransızın, ispanın... həyatında belə prinsip olsun.

Amma məni bu məqamda ən çox düşündürən qadın faktorudur. Rüşvətin qadın əli ilə təsidqlənməsi, fiksə olunması... Hər zaman dediyimiz o həqiqət: hər korrupsioner kişinin arxasında bir tamahkar qadın dayanır faktoru. Bir çox azərbaycanlı ailələrində müşahidə etmişəm bunu. Kişilər bəzi hallarda qadın ağlı, məsləhəti ilə hərəkət edirlər. “Ehtiyac yoxdu, buna da şükür” deyən qadınların ərləri ilə “Dar gün üçün nə lazımsa et” məsləhətini verən qadınların ərləri arasında dağ qədər fərq görmüşəm. Doğrudur, mayasında haram olan kişini heç bir qadın düz yola çəkə bilməz. Amma bir çox hallarda tərəddüd içində qalan kişiyə doğru yolu da qadını göstərir.

Yox, əgər qadın dollar paketlərini sinəsinə sıxıb, notariusun yolunu tutubsa, iş bitmişdir demək. Bundan sonrası kuliminasiya xəttinə qədər davam edəcək. Xeyirlisi...