Salam da urvatdan düşüb

maraqli 31-01-2016, 21:15
Salam da urvatdan düşüb...Kəndin hazır narazı "ağızı" sayılan Nazim kişi günün birində işdən evə qayıdırmış. Görür ki, məhəllədəki üzü üzlər görmüş köhnə işıq dirəyinin ətrafına icra nümayəndəsi, onun da ətrafına bir dəstə havadarı yığışıb hansısa məsələ ilə bağlı tədbir tökür. Nazim kişi oradan keçərkən dönüb "əssəlam-əleyküm" deyərək yoluna davam edir. Yerli icranın başda gedəni Nazimin bu gözlənilməz salamından deyəsən mütəəssir olaraq sevincək soruşur: - Nə əcəb bizləri yada salıb salamladın, a Nazim? Nazim kişi həmişəki kimi bu dəfə də söz altda qalmır: -Mən "stolbaya" salam verdim... Ola bilsin bu kişinin mübhəm aləmində işıq dirəyinin Allah salamına bəlkə də daha artıq ehtiyacı varıydı. Ona görə ki, yeri gələndə heç olmasa nəyəsə yarayırdı. Baxmayaraq ki, Nazimin belə hərəkəti salamın özünü urvatdan salırdı. Eşitdiyimə görə, sovetlərdən yadigar qalmış bu dirəyin sayəsində kənd uşaqları dəfələrlə xəta-bəladan qurtulmuşdu. Bu da bir yana, etibar etdiyi bu "stolba"ya Nazim kişi səsi kökdən düşmüş istəkli ahıl eşşəyini hörükləyərdi. Yayın cırhacırında, qışın sazağında neçə dəfə eşşək anqırtmış yırtıcılardan dilsiz-ağızsız heyvanı xilas eləmişdi bu işıq dirəyi. Qısaqapanma verib sanki kömək-köç istəmişdi. "Stolbanın" alayı xidmətləri də az deyildi ki, onları bir-bir qulluğunuza ərz eləməyə vaxt çatmır, nəzərə alın. Nolsun cansız olanda? Ona qalsa, bə nə təhər olur ki, mücərrəd bir sevgi duyğusuna, yaxud da dar ağacına "salam" düşür, amma işıq dirəyinə yox? Bunların heç biri Nazimin vecinə deyildi. Onu həyat kitabına yazılmış bir qarın çörəyə ehtiyac qoyan "yerli icra"nın ağlasığmaz əməlləri narahat edirdi. Kəndin hazır narazı ağızı da öz növbəsində sən deyən avam adam deyildi. Camaatın milyonçu adlandırdığı icra nümayəndəsinin hətta dövlətdən ünvanlı sosial yardım aldığını da apaydın bilirdi. Məzlumların içindəki qiyamı görüb əncam çəkməyə adam tapılmır. Nə isə...böyük dərddi. Nazim kişinin söylədiyim o tarixi jestindən sonra çox çəkmədi ki, kəndin gerçək və yalançı intelligentləri də yerli icra nümayəndəsinin acığına işıq dirəklərinə salam kampaniyasına qoşuldular. Bapbalaca bir obada təməli qoyulmuş bu ənənəni bilmirəm Bakıya kim transfer eləyib. O adamı məndən savayı çox adam axtarır.Amma, deyəsən, Bakıda situasiya bir qədər fərqlidi. Bu meqapolisdə işıq dirəklərinin sayı-hesabı yoxdu. Hamısını hər səhər salamlamaq da nə məntiqə sığır, nə də əndazəyə. Paytaxtımızda köhnə tramvay-trolleybus da qalmayıb hal-əhval tutmağa. İndi dəb də bir qədər dəyişib e. Adamlarla "xoş-beş" eləmək, halını soruşmaq inanın, heç yada düşmür. Məmurlara deməyə söz qalmayıb. Salamı da almırlar... kəsəri yoxdu. Bəlkə elə buna görədi ki, manat kimi salam da urvatdan düşüb. Fəaliyyət Qurbanov
Oxunub: 733
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10