backend

Akademik Cəlal Əliyev dünyasını dəyişib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, AMEA-nın akademiki, biologia elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib.
Akademik Cəlal Əliyev dünyasını dəyişib
AMEA-dan "Report"a verilən xəbərə görə, akademik uzun sürən xəstəlikdən sonra bu gün 87 yaşında vəfat edib.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2010-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilib. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Cəlal Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.